Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
Dövlətlərarası münasibətlərin inkişafı yalnız diplomatik əlaqələrin mövcudluğu ilə deyil, həm də tərəflərin ortaq maraqlarını müəyyənləşdirən, uzunmüddətli əməkdaşlıq hədəflərini və qarşılıqlı öhdəliklərini əks etdirən siyasi sənədlərlə səciyyələnir. Müasir dünyada dəyişən geosiyasi və geoiqtisadi reallıqlar dövlətlərdən əməkdaşlıq əlaqələrini yeni çağırışlara uyğunlaşdırmağı, mövcud tərəfdaşlıq imkanlarını daha səmərəli mexanizmlərlə zənginləşdirməyi tələb edir. Azərbaycan ilə Vyetnam arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulması da məhz bu yanaşmanın ifadəsi olmaqla, iki ölkənin dostluq əlaqələrinin daha geniş siyasi və iqtisadi müstəviyə daşınmasını nəzərdə tutur.
2025-ci il mayın 7-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri zamanı Prezident İlham Əliyev və To Lam tərəfindən “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyanat”ın imzalanması ikitərəfli münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoydu. Bu sənəd iki ölkənin qarşılıqlı hörmət, suverenlik, ərazi bütövlüyü və beynəlxalq hüququn prinsiplərinə sadiqliyini təsdiqləməklə yanaşı, siyasi, iqtisadi, müdafiə, təhlükəsizlik və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün ümumi çərçivə müəyyənləşdirdi.
Birgə Bəyannamənin əhəmiyyəti ondan ibarətdir ki, sənəd ənənəvi dostluq münasibətlərini konkret əməkdaşlıq istiqamətləri və uzunmüddətli hədəflərlə tamamlayır. Siyasi və diplomatik dialoqun intensivləşdirilməsi, hökumətlərarası mexanizmlərin səmərəliliyinin artırılması, parlamentlərarası əlaqələrin genişləndirilməsi, Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlığın inkişaf etdirilməsi bu hədəflərin əsas istiqamətlərindəndir. Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı fəaliyyətin gücləndirilməsinə, ortaq maraq doğuran məsələlər üzrə mövqelərin uzlaşdırılmasına xüsusi önəm verirlər.
Strateji tərəfdaşlığın mühüm istiqamətlərindən birini iqtisadi-ticari əlaqələrin genişləndirilməsi təşkil edir. Energetika, neft-qaz sənayesi, kənd təsərrüfatı, nəqliyyat, sənaye və investisiya sahələrində əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur. Azərbaycanın enerji və logistika sahəsindəki təcrübəsi, Vyetnamın sənaye və istehsal potensialı qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi üçün əlverişli zəmin yaradır. Xüsusilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan istifadə, Orta Dəhliz vasitəsilə yükdaşımaların genişləndirilməsi və yeni bazarlara çıxış imkanları iqtisadi tərəfdaşlığın perspektivli istiqamətlərindəndir.
Bəyannamədə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq da ayrıca yer tutur. Bu istiqamətdə təcrübə və informasiya mübadiləsi, mütəxəssislərin hazırlanması, müdafiə sənayesi və kibertəhlükəsizlik sahələrində əlaqələrin inkişafı nəzərdə tutulur. Təhsil, elm, mədəniyyət və turizm sahələrində qarşılıqlı fəaliyyətin genişləndirilməsi, tələbə mübadiləsi proqramlarının təşviqi, birgə tədqiqatların təşkili və birbaşa aviareyslərin açılması imkanlarının nəzərdən keçirilməsi də sənədin əhatə etdiyi məsələlər sırasındadır.
Prezident İlham Əliyevin 2026-cı il noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibədə strateji tərəfdaşlığın əhəmiyyətinə xüsusi diqqət yetirilib. Dövlət başçısı 2025-ci ildə To Lamın Azərbaycana dövlət səfəri zamanı aparılan konstruktiv danışıqların müxtəlif sahələri əhatə etdiyini və Strateji Tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamənin qəbulunun həmin müzakirələrin məntiqi nəticəsi olduğunu vurğulayıb. Prezidentin müsahibədə səsləndirdiyi “Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əlaqələrimizi keyfiyyətcə yeni səviyyəyə qaldıran mühüm sənəd oldu” fikri bu sənədin ikitərəfli münasibətlər sistemindəki yerini və siyasi mahiyyətini aydın ifadə edir.
2026-cı il noyabrın 19–21-də Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri strateji tərəfdaşlığın praktiki məzmununun zənginləşdirilməsi baxımından növbəti mühüm mərhələ oldu. Səfər çərçivəsində Vyetnam Prezidenti To Lam ilə keçirilən görüşlərdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, mövcud razılaşmaların həyata keçirilməsi və yeni layihələrin reallaşdırılması məsələləri müzakirə edildi. Noyabrın 21-də iki ölkənin dövlət başçıları tərəfindən qəbul edilən Birgə Bəyanatda 2025-ci il Strateji Tərəfdaşlıq Bəyannaməsinin prinsiplərinə sadiqlik bir daha təsdiqləndi, iqtisadiyyat, ticarət, enerji, kənd təsərrüfatı, nəqliyyat, müdafiə, təhlükəsizlik, təhsil və mədəniyyət sahələri üzrə prioritet əməkdaşlıq istiqamətləri müəyyənləşdirildi.
Bu səfər zamanı imzalanan və mübadilə edilən sənədlər strateji tərəfdaşlığın konkret layihələrlə möhkəmləndirilməsi niyyətini nümayiş etdirdi. Xüsusilə Azərbaycanda günəş və külək elektrik stansiyalarının layihələndirilməsi və həyata keçirilməsi üzrə əməkdaşlıq haqqında sənəd yaşıl enerji sahəsində yeni imkanların yaranmasına xidmət edir. Fövqəladə hallar, yanğın-xilasetmə xidmətləri və dövlət idarəçiliyi sahələrində imzalanan sənədlər isə tərəfdaşlığın müxtəlif institusional istiqamətlər üzrə inkişafını nəzərdə tutur.
Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı iki ölkənin mövcud imkanlarının birləşdirilməsi, qarşılıqlı maraqların uzlaşdırılması və regional əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətli perspektivlər açır. İmzalanmış sənədlərin ardıcıl icrası, əldə olunmuş razılaşmaların konkret nəticələrə çevrilməsi və yeni birgə təşəbbüslərin reallaşdırılması bu tərəfdaşlığın gələcək inkişafının əsas istiqamətlərini təşkil edir.
Validə Həsənova,
YAP Salyan rayon təşkilatının GEM ərazi partiya təşkilatının sədri