Azərbaycan-Böyük Britaniya münasibətləri: qarşılıqlı maraqların inteqrasiyası
Azərbaycanın beynəlxalq nüfuzunun davamlı yüksəlişi təsadüfi xarakter daşımır. Qlobal çağırışların həllinə verdiyi praktiki töhfələr, yüksək təşkilatçılıq qabiliyyəti və balanslaşdırılmış xarici siyasəti sayəsində Azərbaycan bu gün beynəlxalq münasibətlər sistemində etimad göstərilən, mövqeyi nəzərə alınan qüdrətli dövlət kimi öz yerini möhkəmləndirir. Bu günlərdə Dublində keçirilən “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı ölkəmizin beynəlxalq nüfuzunun təqdimatı oldu.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı həlledici rol və Asiya ilə Avropanı birləşdirən Orta Dəhliz üzərindəki strateji mövqeyi ölkəmizi qlobal təchizat zəncirlərinin əvəzolunmaz halqasına çevirib. Bu mühüm məqamlar Azərbaycan ilə Böyük Britaniya arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamədə xüsusi qeyd edilir. Dublin Sammitinin mühüm hadisələrindən olan bu sənədin imzalanması fonunda otuz ildən artıq müddətdə əsasən ənənəvi enerji sektoruna söykənən bu əməkdaşlıq artıq təhlükəsizlik, yaşıl enerji, nəqliyyat-logistika, maliyyə və yüksək texnologiyaları əhatə edən çoxşaxəli birlık xarakteri daşıyır. Birgə Bəyannamə üç əsas istiqaməti – müdafiə və təhlükəsizlik, ticarət, investisiya və iqtisadi artım, eləcə də təhsil və innovasiyanı əhatə edir. Bu, tərəfdaşlığın ənənəvi sahələrlə məhdudlaşmadığını, iqtisadi inkişafdan texnologiyaya və insan kapitalına qədər genişləndiyini göstərir. Prezident İlham Əliyevin Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşündə söhbət zamanı bu Bəyannamənin qəbul edilməsinin əlaqələrimizin rəsmi olaraq keyfiyyətcə yeni səviyyəyə qalxmasına xidmət etdiyi vurğulandı. Hətta bu sənədin qəbulundan əvvəl də Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı bir daha qeyd edildi. Dövlətimizin başçısı ölkələrimiz arasında enerji sahəsində 30 ildən artıq davam edən uğurlu əməkdaşlığa toxunaraq, Böyük Britaniyanın Azərbaycanda Avropanın ən böyük investoru olduğunu bildirdi.
Bəyannamədə bərpaolunan enerji, infrastruktur, yaşıl maliyyələşdirmə və aşağıkarbonlu texnologiyalar üzrə əməkdaşlığın nəzərdə tutulması Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi və yaşıl enerji strategiyası ilə uzlaşır. Orta Dəhlizin inkişafına verilən diqqət də xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın tranzit və logistika imkanları Avropa üçün strateji dəyər kəsb edir, bu istiqamətdə əməkdaşlıq isə regional iqtisadi əlaqələrin və investisiya imkanlarının genişlənməsinə şərait yaradır. Təhsil və innovasiya sahəsində tərəfdaşlıq da texnologiya mübadiləsi və insan kapitalının inkişafına töhfə verir. Sənəddə bildirilir ki, iştirakçılar regional sülh və sabitliyi dəstəkləmək üçün müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi və ümumi təhdidləri yayındırmaq, qarşısını almaq və onlara cavab vermək qabiliyyətlərini artırmaq üçün uzunmüddətli öhdəlikləri ortaq qəbul edirlər. Yüksək səviyyəli qarşılıqlı fəaliyyətin davamlı impulsuna sadiq qalacaq və qarşılıqlı maraq doğuran ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə koordinasiyanı dərinləşdirəcəklər. İştirakçılar təlim, potensialın artırılması və qarşılıqlı fəaliyyətə yönəlmiş müdafiə əməkdaşlığını inkişaf etdirəcək və qarşılıqlı maraq doğuracaq sahələrdə birgə təşəbbüslər də daxil olmaqla, müdafiə sənayesi əməkdaşlığını gücləndirmək imkanlarını araşdıracaqlar. Artan təhlükəsizlik çağırışlarına və təhdidlərinə cavab olaraq genişspektrli təhlükəsizlik prioritetləri üzrə əməkdaşlığı gücləndirəcəklər. İştirakçılar qanunun aliliyini və institusional dayanıqlılığı gücləndirmək üçün hüquq-mühafizə orqanları arasında gücləndirilmiş tərəfdaşlıq və sərhəd idarəçiliyi, eləcə də məhkəmə və hüquqi əməkdaşlığı formalaşdıracaqlar. Həmçinin o da qeyd edilir ki, iştirakçılar ikitərəfli ticarət və investisiya əlaqələrini genişləndirmək və dərinləşdirmək, eləcə də davamlı, inklüziv, şaxələndirilmiş iqtisadi artımı təşviq etmək ambisiyalarını ortaq qəbul edirlər.
Qısa təhlil bunu deməyə əsas verir ki, Azərbaycanın siyasi sabitliyi, inkişaf etmiş enerji və nəqliyyat infrastrukturu, regional əməkdaşlıq təşəbbüsləri və qlobal məsələlərə konstruktiv yanaşması onun beynəlxalq nüfuzunu artırır. Azərbaycan diplomatiyasına olan güvən, ölkəmizin balanslı və ədalətli mövqeyi xarici siyasət uğurlarımızın davamlılığını şərtləndirir.
Elmar Əhmədov,
YAP Salyan rayon təşkilatının sədri