20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
20 Noyabr – Ağdam Şəhəri Günü Azərbaycanın müasir tarixində tarixi ədalətin bərpasını, milli iradənin təntənəsini və Böyük Qayıdışın başlanğıcını təcəssüm etdirən əlamətdar gündür. Bu tarix 27 ildən artıq davam edən işğala son qoyulmasını, doğma yurd həsrəti ilə yaşayan insanların qayıdış ümidinin gerçəkləşməsini simvolizə edir.
Azərbaycanın müasir tarixində elə şəhərlər var ki, bütöv bir xalqın mübarizə əzmini, tarixi yaddaşını və milli iradəsini nümayiş etdirir. Ağdam da məhz belə şəhərlərimizdəndir. Bir vaxtlar Qarabağın ən böyük və abad yaşayış məntəqələrindən biri kimi tanınan bu şəhər Ermənistanın işğalı nəticəsində ağır dağıntılara məruz qalsa da, Azərbaycan xalqının yaddaşından silinmədi. Uzun illər davam edən həsrət, mübarizə və qayıdış arzusu Vətən müharibəsində qazanılmış tarixi Zəfərlə reallığa çevrildi. Bu gün Ağdamın simasında biz yalnız azad edilmiş şəhərin deyil, həm də güclü dövlətin quruculuq imkanlarının, milli həmrəyliyin və gələcəyə inamın təcəssümünü görürük.
Ağdamın tarixi keçmişi onun strateji və mədəni əhəmiyyətinin göstəricisidir. 1930-cu ildə rayon statusu almış bu ərazi qədim yaşayış məskənləri, zəngin arxeoloji irsi, münbit torpaqları və əlverişli coğrafi mövqeyi ilə seçilir. XX əsrin ortalarından etibarən aparılan arxeoloji tədqiqatlar Ağdam ərazisində qədim insanların Eneolit dövründən məskunlaşdığını, burada əkinçilik və maldarlıq mədəniyyətinin inkişaf etdiyini təsdiqləyib. Tarixən Qarabağın iqtisadi, ictimai və mədəni həyatında əhəmiyyətli rol oynayan Ağdam özünün memarlıq abidələri, dini məkanları, muğam ənənələri və milli-mənəvi dəyərləri ilə də seçilib.
Lakin 1993-cü ildə Ermənistanın hərbi təcavüzü nəticəsində bu qədim diyarın həyatında faciəli dövr başladı. İyulun 23-də rayonun böyük hissəsinin işğal edilməsi nəticəsində 128 min nəfər doğma yurdunu tərk etmək məcburiyyətində qaldı. Ağdam uğrunda döyüşlərdə 6 mindən artıq insan şəhid oldu, minlərlə soydaşımız yaralandı. İşğalçılar şəhərin yaşayış binalarını, məktəblərini, mədəniyyət müəssisələrini, tarixi və dini abidələrini dağıtdılar, maddi sərvətlərini talan etdilər. Vaxtilə insanların gündəlik həyatının qaynadığı küçələr, parklar və ictimai məkanlar xarabalığa çevrildi. Bütün bunlar beynəlxalq humanitar hüququn prinsiplərinə zidd olmaqla yanaşı, Azərbaycan xalqının tarixi-mədəni irsinə qarşı yönəlmiş vandalizm siyasətinin göstəricisi idi. BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsində işğalçı qüvvələrin Ağdamdan və digər Azərbaycan ərazilərindən çıxarılması tələb edilsə də, Ermənistan bu çağırışlara məhəl qoymadı.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ordu quruculuğu və məqsədyönlü siyasət 2020-ci ildə tarixi Zəfərin qazanılmasını təmin etdi. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu Azərbaycana qaytarıldı. Beləliklə, işğala son qoyuldu və bölgədə yeni inkişaf mərhələsinin əsası qoyuldu. 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edildi, 5790 hərbi qulluqçu bu medalla təltif olundu. Cənab Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 noyabr Ağdam Şəhəri Günü elan edildi. Bu gün Ağdamda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. 2022-ci il avqustun 16-da şəhərin 2040-cı ilədək inkişafına dair Baş plan təsdiqlənib. Plana əsasən, müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulan Ağdamda gələcəkdə 100 min nəfərin yaşaması nəzərdə tutulur. Şəhərdə yaşayış məhəllələri, sosial obyektlər və müasir infrastruktur yaradılır, kəndlərin bərpası mərhələli şəkildə həyata keçirilir. Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərinin birinci mərhələlərinin istifadəyə verilməsi Böyük Qayıdışın real nəticələrindəndir. Ağdamın iqtisadi dirçəlişində 190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkı mühüm rol oynayır.
Prezident cənab İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanı ilə yaradılan park Qarabağın sənaye potensialının reallaşdırılmasına, sahibkarlığın və məşğulluğun inkişafına xidmət edir. Burada 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Hazırda 9 müəssisə fəaliyyət göstərir, yeni istehsal sahələrinin tikintisi davam etdirilir. Nəqliyyat və sosial infrastrukturun yenilənməsi də diqqət mərkəzindədir. 2025-ci il mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi, eləcə də Ağdam Muğam Mərkəzi istifadəyə verilib. Ağdam Cümə məscidinin və İmarət Kompleksinin bərpası tarixi-mədəni irsin qorunmasına, yeni hotel komplekslərinin açılması isə turizm imkanlarının genişlənməsinə xidmət edir. Böyük Qayıdış çərçivəsində məskunlaşma prosesi də davam edir. 2026-cı ilin noyabr ayına olan məlumata görə, Ağdam şəhərində və Xıdırlı, Kəngərli, Sarıcalı kəndlərində ümumilikdə 2146 ailə – 8300 nəfər məskunlaşıb. Bu göstərici doğma yurda qayıdışın artıq real həyat hadisəsinə çevrildiyini təsdiqləyir. Cənab Prezidentin Ağdama mütəmadi səfərləri, yeni layihələrin təməlqoyma və açılış mərasimlərində iştirakı dövlətin bölgənin inkişafına verdiyi strateji əhəmiyyətin göstəricisidir. 2026-cı il noyabrın 7-də Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanışlıq və yeni istehsal müəssisələrinin açılışı quruculuq prosesinin davam etdiyini bir daha nümayiş etdirib.
Ağdamın bərpası Azərbaycanın postmüharibə dövründə qarşıya qoyduğu strateji hədəflərin, iqtisadi inkişaf və sosial rifah siyasətinin mühüm tərkib hissəsidir. Şəhərin yenidən qurulması, kəndlərin dirçəldilməsi, infrastrukturun inkişafı, sənaye müəssisələrinin yaradılması, turizm imkanlarının genişləndirilməsi və sakinlərin məskunlaşması bölgənin gələcək inkişafını müəyyən edən əsas istiqamətlərdir.
Etibar Axundov,
Salyan şəhər Yaşıllaşdırma MMC –nin rəsisi