Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi və geoiqtisadi mərkəzlərin şaxələnməsi fonunda Azərbaycan da öz əməkdaşlıq coğrafiyasını daha da genişləndirir. Respublikamızın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi, nüfuzunun və etibarlı tərəfdaş rolunun artması həm rəsmi Bakı ilə münasibətləri genişləndirmək istəyən dövlətlərin sayını artırır, həm də tarixi əlaqələrə malik ölkələrlə yeni əməkdaşlıq istiqamətlərinin formalaşdırılmasına zəmin yaradır. Prezident İlham Əliyevin 19 noyabr 2026-cı ildə Vyetnam Xəbər Agentliyinə verdiyi geniş müsahibə təkcə iki ölkə arasındakı mövcud münasibətlərin dərin təhlili deyil, həm də Cənubi Qafqaz ilə Cənub-Şərqi Asiya regionları arasında yeni əməkdaşlıq üfüqlərinin yol xəritəsidir.
Azərbaycan və Vyetnamı birləşdirən tellər təxminən yetmişillik zəngin bir tarixə söykənir. Bu dostluğun bünövrəsi 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya tarixi səfəri ilə qoyulmuş, 1983-cü ildə isə Ümummilli Lider Heydər Əliyevin Vyetnama səfəri ilə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ulu Öndərin təşəbbüsü ilə səkkiz gün davam edən həmin səfər zamanı əldə olunan razılaşmalar Vyetnam iqtisadiyyatının dirçəlişinə böyük töhfə vermiş və bu gün də bəhrəsini gördüyümüz əməkdaşlığın möhkəm təməlini formalaşdırmışdır.
Dövlət başçımızın müsahibəsində xüsusi vurğulandığı kimi, bu tarixi ənənələr müasir dövrdə daha da zənginləşdirilir. 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama dövlət səfəri, 2015-ci ildə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana cavab səfəri və ötən ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın Bakıya səfəri ikitərəfli əlaqələrdə yeni səhifə açdı. Həmin səfər çərçivəsində qəbul edilmiş Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə münasibətlərimizi ən yüksək siyasi müstəviyə daşıyan tarixi sənəd oldu. Təsadüfi deyil ki, bu gün dövlət başçıları səviyyəsindəki fəal dialoqla yanaşı, Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında sıx əlaqələr, eləcə də Milli Məclisin parlamentlərarası dostluq qrupu xətti ilə səmərəli əməkdaşlıq uğurla davam etdirilir.
İndiyədək iki ölkə arasında 30-dan çox sənəd imzalanıb. Energetika, nəqliyyat və investisiyalardan tutmuş müdafiə, elm və təhsilə qədər geniş sahələri əhatə edən bu tərəfdaşlıq İqtisadi, ticari, elmi, texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya, XİN-lərarası siyasi məsləhətləşmələr və parlamentlərarası dostluq qrupları vasitəsilə dəstəklənir.
İkitərəfli münasibətlərin əsas lokomotivini, şübhəsiz ki, iqtisadi-ticari və enerji əməkdaşlığı təşkil edir. 2025-ci ilin yekunlarına əsasən, ölkələrimiz arasında ticarət dövriyyəsinin 150 milyon dolları ötməsi müsbət göstərici olsa da, mövcud potensial bundan qat-qat böyükdür. Tarixən əməkdaşlığımızın əsasını təşkil edən neft-qaz sektorunda SOCAR ilə “PetroVietnam” arasında 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu kəşfiyyat, hasilat və mütəxəssis hazırlığı sahələrində yeni perspektivlər açır. Bununla yanaşı, qeyri-neft sektorunda və yaşıl enerji sahəsində də mühüm addımlar atılır. 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Vyetnamın “ROX Group” şirkəti ilə tikinti, infrastruktur, Günəş və külək enerjisi layihələri üzrə sənədlərin imzalanması Vyetnam biznesinin ölkəmizdəki əlverişli investisiya mühitinə böyük marağının bariz nümunəsidir.
Xüsusi diqqət yetirilməli məqamlardan biri də nəqliyyat-logistika sahəsindəki sıçrayışdır. 2026-cı ilin yanvar-sentyabr aylarında iki ölkə arasında tranzit daşımalarının həcminin ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 6 dəfə artaraq 8 min tondan çox olması regionun əsas logistika ünvanına çevrilən Azərbaycanın strateji əhəmiyyətini bir daha təsdiqləyir. Orta Dəhliz və “Şimal-Cənub” nəqliyyat dəhlizləri Vyetnam məhsullarının Avropa bazarlarına və əks istiqamətə ən qısa, təhlükəsiz marşrutla çatdırılması üçün unikal imkanlar yaradır.
Azərbaycan-Vyetnam dostluğunu sarsılmaz edən digər mühüm amil isə dərin humanitar və mədəni bağlardır.. Sovet dövründə Azərbaycanın ali məktəblərində təhsil almış 5 minə yaxın vyetnamlı mütəxəssis bu gün öz ölkələrinin dövlət idarəçiliyində, parlamentində, ordusunda və sənayesində rəhbər vəzifələr tutaraq canlı dostluq körpüsünə çevriliblər. 2015-ci ildə Hanoyda yaradılmış Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası bu məzunları birləşdirir. Assosiasiya 2020-ci ildə COVID-19 pandemiyası zamanı öz üzvlərinin vəsaiti hesabına Azərbaycana 10 min tibb maskası hədiyyə edərək həmrəyliyini nümayiş etdirib. Tarixi varisliyin rəmzi olaraq 2025-ci ildə Baş katib To Lamın iştirakı ilə ADNSU-da Ho Şi Minin anadan olmasının 135 illiyinə həsr edilmiş xatirə otağı açılıb. Bu gün də Vyetnam gəncləri Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində ayırdığı təhsil qrantlarından yararlanırlar.
Eyni zamanda, Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsləri ilə Vyetnamda həyata keçirilən təhsil və xeyriyyə layihələri, Ha Giang əyalətində məktəb tikintisi, Hanoy Ticarət və Turizm Kollecinə göstərilən dəstək xalqlarımızı bir-birinə daha da doğmalaşdırır.
Qara Qarayevin “Vyetnam süitası”ndan və görkəmli kinorejissorumuz Əjdər İbrahimovun Vyetnam milli kino məktəbinin formalaşmasındakı misilsiz xidmətlərindən başlanan mədəni körpü bu gün Bakı və Qəbələdə keçirilən Vyetnam Günləri, qarşılıqlı ədəbi nəşrlərlə davam etdirilir. Ən əsası isə, Azərbaycan və Vyetnam həm sevincli, həm də çətin günlərdə bir-birinin yanındadır. 2024-cü ildə “Yaqi” fırtınasının və 2025-ci ildə baş vermiş təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması üçün ölkəmizin Vyetnama göstərdiyi maliyyə yardımı əsl dostluq və həmrəylik nümunəsidir.
Vyetnam xalqının lideri Ho Şi Minin və Ulu Öndər Heydər Əliyevin əsasını qoyduqları tarixi həmrəylik bu gün Prezident İlham Əliyevin və Vyetnam rəhbərliyinin praqmatik siyasəti nəticəsində yeni məzmun qazanır. Energetika, yaşıl texnologiyalar və beynəlxalq nəqliyyat dəhlizləri üzrə birləşən maraqlar Azərbaycan-Vyetnam strateji tərəfdaşlığının Avrasiya məkanında nümunəvi əməkdaşlıq modelinə çevrildiyini göstərir.
Zərinə Qədirova
Salyan şəhər 6 saylı tam orta ümumtəhsil məktəbin direktoru