Ağdamın Zəfər və quruculuq salnaməsi
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis edilmiş 20 Noyabr – Ağdam Şəhəri Günü xalqımızın tarixi yaddaşında əbədiləşən, ədalətin və haqqın bərpa olunduğu müqəddəs bir gündür.
Ağdam Azərbaycanın böyük və strateji əhəmiyyət kəsb edən rayonlarından biridir. Ağdam özündə çox qədim mədəni-tarixi irsi daşıyır. Rayonda çox sayda tarixi-mədəniyyat abidələri vardır. Təəssüf ki, onların əksəriyyəti işğal dövründə məhv edilmişdir. Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də vəhşicəsinə dağıdılıb.
Bu füsunkar diyar otuz ilə yaxın erməni faşizminin vəhşiliklərinə məruz qaldı. Ağdam uğrunda 42 gün davam edən gərgin döyüşlər 1993-cü il iyulun 23-də ərazinin 73 faizinin, o cümlədən rayon mərkəzi və 90 kəndin işğalı ilə nəticələndi. 128 min soydaşımız doğma ocağından didərgin düşərək məcburi köçkün həyatı yaşamağa məcbur oldu.
BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 853 saylı qətnaməsində işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunsa da, rəsmi İrəvan beynəlxalq hüquqa məhəl qoymurdu. İşğal dövründə coğrafi adlar dəyişdirilmiş, mülkiyyət talan edilmiş, bütün dünyada yeganə olan Çörək Muzeyi daxil olmaqla, 74 məktəb, 271 mədəniyyət evi dağıdılmışdır. Məhz bu səbəbdən haqlı olaraq Ağdamı “Qafqazın Xirosiması” adlandırırlar.
2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələbə müraciətində də deyildiyi kimi, bu bəyanat bizim şanlı qələbəmizdir. Müqavilənin şərtlərinə əsasən noyabrın 20-də Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı.
Prezidentin təşəbbüsü ilə 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edildi və 5790 hərbi qulluqçumuz bu medalla təltif olunuşdur.
Dövlət başçımızın işğaldan azad olunduqdan dərhal sonra – 2020-ci il noyabrın 23-də Ağdam Cümə məscidini ziyarət etməsi, orada Azərbaycan bayrağını ucaltması hər birimizin ürəyində dərin iz buraxdı.
Bu gün möhtərəm cənab Prezidentin qətiyyəti və sarsılmaz iradəsi ilə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində Ağdamda misli görünməmiş tikinti-quruculuq işləri aparılır. Burada reallaşdırılan hər bir layihə, salınan hər bir küçə və ucaldılan hər bir ev Azərbaycan dövlətinin gücünün, xalqımızın dəmir iradəsinin bariz təcəssümüdür. Ağdamlılar artıq öz doğma ocaqlarına qayıdır, tarixi ədalət tam bərpa olunur.
2026-cı ilin noyabr ayına olan məlumata əsasən, Ağdam şəhərində, eləcə də Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərində ümumilikdə 2146 ailə doğma yurduna qayıdaraq məskunlaşmışdır. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” işğaldan azad edilmiş ərazilər üzrə qəbul edilən ilk belə sənəddir. Gələcəkdə 100 min nəfər əhalinin yaşayacağı planlaşdırılan Ağdam, ölkəmizin dördüncü böyük şəhərinə çevriləcəkdir.
190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkı Sumqayıtdan sonra ölkənin ikinci ən böyük sənaye parkıdır. Hazırda burada 28 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və 964-dən çox daimi iş yeri yaradılıb. Bərdə–Ağdam dəmir yolu xətti üzrə inşa edilən və Azərbaycanda ilk qapalı platformaya malik olan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi, həmçinin möhtəşəm Ağdam Muğam Mərkəzi regionun tarixi şöhrətini özünə qaytarır. Bununla yanaşı, “Aghdam City Hotel” və “Hilton Garden Inn Agdam” mehmanxana komplekslərinin, eləcə də müasir xəstəxana və məktəblərin istifadəyə verilməsi şəhər həyatına tamamilə yeni nəfəs bəxş edib.
Bu səfərlərin mühüm cəhətlərindən biri Prezident İlham Əliyevin quruculuq prosesinə bilavasitə nəzarət etməsidir. Dövlət başçısının mütəmadi olaraq azad edilmiş ərazilərə gəlməsi, layihələrin gedişi ilə yerində tanış olması, açılış və təməlqoyma mərasimlərində iştirakı, müvafiq tapşırıqlar verməsi Qarabağ və Şərqi Zəngəzurun bərpasının dövlət siyasətinin prioritet istiqaməti olduğunu nümayiş etdirir. Rəsmi məlumatlara əsasən, son beş ildə Prezident azad edilmiş ərazilərdə 500-dən çox tədbirdə iştirak edib, müxtəlif sahələr üzrə yüzlərlə layihənin təməlini qoyub. Bu göstəricilər dövlət başçısının həmin tarixi missiyaya verdiyi siyasi əhəmiyyəti və prosesin davamlı xarakterini ifadə edir.
Ağdam artıq dağıntıların deyil, Zəfərin, quruculuğun və dirçəlişin şəhəridir. Onun yenidən həyata qayıtması Azərbaycan xalqının sarsılmaz iradəsinin və tarixi Qələbəsinin təcəssümüdür.
Ülkər Həsənova,
Salyan rayonu,Sarvan kənd tam orta ümumtəhsil məktəbin müəllimi