Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
Azərbaycanın praqmatik xarici siyasət kursu dünya ölkələri ilə milli maraqlara söykənən əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və dövlətlərarası münasibətlərin bərabərhüquqlu prinsiplər əsasında inkişafına xidmət edir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnama rəsmi səfəri ərəfəsində Vyetnam Xəbər Agentliyinə (VNA) verdiyi müsahibə iki ölkə arasında münasibətlərin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısı müsahibəsində Azərbaycan-Vyetnam əlaqələrinin tarixinə, siyasi dialoqun inkişafına, iqtisadi əməkdaşlığın genişləndirilməsinə və humanitar münasibətlərin möhkəmləndirilməsinə toxunub.
Azərbaycanla Vyetnam arasında münasibətlər hələ sabiq SSRİ dönəmindən başlayıb. Bu münasibətlər siyasi baxımdan Azərbaycanla deyil, Azərbaycan vasitəsilə SSRİ arasında münasibətlər idi. İkitərəfli münasibətlər Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra yarandı və inkişaf etdirildi.
Dövlət başçımız müsahibədə bu iki dövlət arasında əlaqələrin 1959-cu ildən, Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri ilə başladığını, 1983-cü ildə Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyevin başçılığı ilə sovet nümayəndə heyətinin Vyetnama səfər etdiyini, böyük tarixi şəxiyyət Heydər Əliyevin təşəbbüsü ilə bu səfərin müddətinin səkkiz gün uzadıldığını, rəsmi səfərin ölkənin əsas regionlarını əhatələdiyini, Azərbaycan Respublikasının Prezidentinin 2014-cü ildə Vyetnama ilk dövlət səfərini, 2015-ci ilin mayında Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanqın Azərbaycana cavab səfərini xatırladaraq dedi: “Keçən ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın Azərbaycana ilk dövlət səfəri dövlətlərarası münasibətlərimizdə yeni fəsil açdı. Aparılan konstruktiv danışıqlar energetika və investisiyalardan müdafiə və kibertəhlükəsizliyə qədər istiqamətlərin geniş spektrini əhatə etdi. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin - Azərbaycan-Vyetnam əlaqələrini keyfiyyətcə yeni səviyyəyə qaldıran mühüm sənədin qəbul edilməsi məntiqi nəticə oldu. Bu səfər tərəfdaşlığın dərinləşdirilməsi və onun praktiki məzmunla zənginləşdirilməsi üzrə qarşılıqlı marağı bir daha nümayiş etdirdi.
Dövlət başçılarının siyasi təmasları ilə paralel olaraq, hökumətlərarası komissiyaların, müvafiq idarələrin, həmçinin parlamentlərarası dostluq qruplarının xətti ilə səmərəli dialoq aparılır. Bundan əlavə, iki ölkənin hakim partiyaları – Yeni Azərbaycan Partiyası və Vyetnam Kommunist Partiyası arasında sıx əməkdaşlıq inkişaf edir. Ölkələrimiz arasında ikitərəfli dialoq ilə yanaşı, beynəlxalq platformalarda, xüsusilə BMT, Qoşulmama Hərəkatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində də sıx qarşılıqlı əlaqə qurulub. Sözsüz ki, bütün bunlar Bakı ilə Hanoy arasında çoxillik siyasi dialoqun bərabərhüquqluluq və qarşılıqlı maraqların nəzərə alınması əsasında dayanıqlı şəkildə dərinləşməsini göstərir”
Dövlət başçısı iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib. Energetika, neft-qaz sənayesi, kənd təsərrüfatı, investisiya və nəqliyyat-logistika sahələri perspektivli istiqamətlər kimi qeyd olunub. Azərbaycanın əlverişli coğrafi mövqeyi və Orta Dəhlizdəki rolu Vyetnam məhsullarının Avropa bazarlarına çatdırılması baxımından da yeni imkanlar yaradır.
Müsahibədə humanitar və mədəni əlaqələrin əhəmiyyəti də vurğulanıb. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi təhsil və xeyriyyə layihələri, həmçinin sovet dövründə minlərlə Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması xalqlarımız arasında mövcud olan tarixi dostluğun bariz nümunələridir.
Prezident İlham Əliyev Vyetnamın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstəyi də minnətdarlıqla xatırladıb. Eyni zamanda, Azərbaycanın Vyetnamda təbii fəlakətlərdən zərər çəkmiş əhaliyə göstərdiyi humanitar yardım iki ölkə arasında münasibətlərin qarşılıqlı etimada və həmrəyliyə əsaslandığını nümayiş etdirir.
Ümumilikdə, Prezident İlham Əliyevin müsahibəsi Azərbaycan-Vyetnam münasibətlərinin zəngin tarixi ənənələrə söykəndiyini və gələcək üçün geniş əməkdaşlıq imkanlarına malik olduğunu bir daha nümayiş etdirir. Siyasi dialoqun möhkəmləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi hər iki ölkənin maraqlarına xidmət edir. Vyetnama rəsmi səfər də bu dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Samir Məmədov
Salyan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində mühəndis-hidrotexnik