Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
Tarixin elə anları var ki, bütöv bir xalqın taleyində yeni mərhələnin başlanğıcını müəyyənləşdirir, milli iradənin və dövlət qüdrətinin təntənəsinə çevrilir. Azərbaycan xalqı üçün 2020-ci ilin noyabr ayı məhz belə tarixi hadisələrlə yadda qaldı. Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbənin ardınca imzalanan 10 noyabr tarixli üçtərəfli Bəyanat Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm siyasi nəticələr yaratdı. Bu sənədin şərtlərinə əsasən, uzun illər Ermənistanın işğalı altında saxlanılan Ağdam rayonu noyabrın 20-də Azərbaycan Respublikasına qaytarıldı. Beləliklə, 27 ilə yaxın davam edən işğala son qoyuldu, ağdamlıların doğma torpaqlarına qayıdışına gedən yolun qarşısında yeni imkanlar açıldı.
Ağdamın hərbi əməliyyatlar aparılmadan, itki verilmədən azad edilməsi Azərbaycanın döyüş meydanında əldə etdiyi tarixi Qələbənin siyasi müstəvidəki nəticəsi idi. 10 noyabr Bəyanatının ikinci bəndində Ağdam rayonunun 20 noyabr 2020-ci il tarixinədək Azərbaycana qaytarılması konkret şəkildə təsbit olunmuşdu. Bu müddəanın icrası Ermənistan silahlı qüvvələrinin rayondan çıxarılmasını və Azərbaycanın öz suveren hüquqlarını həmin ərazidə bərpa etməsini təmin etdi. Başqa sözlə, vaxtilə BMT Təhlükəsizlik Şurasının qətnamələrində tələb olunsa da, uzun illər yerinə yetirilməyən işğalçı qüvvələrin Ağdamdan çıxarılması Azərbaycanın siyasi iradəsi və hərbi qüdrəti sayəsində reallaşdı. Bu hadisə bir daha göstərdi ki, Ermənistanın işğal siyasətinə son qoyulması və tarixi ədalətin bərpası üçün Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilmədi.
Lakin Azərbaycan bayrağının Ağdam üzərində yenidən dalğalanması ilə şəhərin qarşısında dayanan mənzərə olduqca ağır idi. Bir vaxtlar Qarabağın ən böyük və abad yaşayış məntəqələrindən biri, inkişaf etmiş iqtisadi və mədəni mərkəz kimi tanınan Ağdam işğal illərində sistemli dağıntılara məruz qalmışdı. Şəhərin yaşayış binaları, inzibati və ictimai obyektləri, məktəbləri, mədəniyyət müəssisələri, sənaye və xidmət infrastrukturu məhv edilmiş, tarixi-memarlıq nümunələri talan olunmuşdu. Bu dağıntıların miqyası o qədər böyük idi ki, Ağdam beynəlxalq ictimaiyyət tərəfindən “Qafqazın Xirosiması” adlandırılırdı. Bu ifadə şəhərin üzləşdiyi faciənin miqyasını, işğalçılıq siyasətinin dağıdıcı nəticələrini və bütöv bir yaşayış məkanının məqsədyönlü şəkildə viran qoyulmasını xarakterizə edirdi.
Ağdamın azad olunmasından sonra Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdən biri bu şəhəri yenidən həyata qaytarmaq, onun iqtisadi potensialını bərpa etmək və sakinlərinin doğma yurdlarına təhlükəsiz, layiqli qayıdışını təmin etmək idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən quruculuq strategiyası Ağdamın gələcək inkişafını yalnız əvvəlki infrastrukturun bərpası kimi deyil, müasir tələblərə cavab verən, iqtisadi baxımdan güclü, ekoloji cəhətdən dayanıqlı və rahat yaşayış mühitinə malik şəhərin yaradılması kimi müəyyənləşdirdi. Bu yanaşma şəhərin yenidən qurulmasında yeni şəhərsalma prinsiplərinin tətbiqinə, sosial-iqtisadi potensialın hərtərəfli reallaşdırılmasına və bölgənin regional inkişaf proseslərinə inteqrasiyasına zəmin yaratdı.
Bu məqsədlə hazırlanan və Nazirlər Kabinetinin 2022-ci il 16 avqust tarixli qərarı ilə təsdiq edilən “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” şəhərin gələcək simasını müəyyənləşdirən strateji sənəd oldu. Baş plan Ağdamın müasir şəhər kimi formalaşmasını, yaşayış məhəllələrinin, ictimai və sosial infrastrukturun, istehsal və xidmət sahələrinin, yaşıllıq zonalarının, nəqliyyat şəbəkəsinin kompleks şəkildə inkişafını nəzərdə tutur. Burada əsas məqsəd insanların rahat və təhlükəsiz yaşayışı üçün zəruri şərait yaratmaqla yanaşı, şəhərin iqtisadi və ictimai həyatını canlandırmaq, Ağdamı Qarabağın mühüm urbanistik və iqtisadi mərkəzlərindən birinə çevirməkdir. Baş planın icrası çərçivəsində yaşayış məhəllələrinin, məktəblərin, uşaq bağçalarının, səhiyyə və mədəniyyət obyektlərinin, parkların və digər ictimai məkanların yaradılması şəhərin yeni inkişaf modelinin əsasını təşkil edir.
Ağdamın əvvəlki şöhrətinin bərpasında nəqliyyat infrastrukturunun yenidən qurulması da xüsusi yer tutur. Bu baxımdan Bərdə–Ağdam dəmir yolu xəttinin inşası və müasir Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin yaradılması şəhərin gələcək inkişafı üçün mühüm addımlardandır. 2025-ci il mayın 10-da Prezident İlham Əliyevin iştirakı ilə kompleksin açılışı Ağdamın nəqliyyat imkanlarının genişləndirilməsi baxımından əlamətdar hadisə oldu. Təxminən 8 hektar ərazidə inşa edilən kompleks dəmir yolu vağzalını və avtovağzalı vahid nəqliyyat qovşağında birləşdirir. Burada müasir sərnişin infrastrukturu, gözləmə zalları, bilet kassaları, kitabxana, xidmət və istirahət məkanları yaradılıb. Dəmir yolu vağzalının gündəlik 800–1000, avtovağzalın isə 1300–1500 sərnişinə xidmət göstərmək imkanına malik olması obyektin nəqliyyat potensialını nümayiş etdirir. Bu kompleks Ağdamın digər şəhər və rayonlarla əlaqəsini asanlaşdırmaqla yanaşı, Böyük Qayıdış prosesinin sürətlənməsinə, iqtisadi əlaqələrin genişlənməsinə və bölgədə turizmin inkişafına da töhfə verir.
Ağdamın dirçəlişi yalnız yeni yolların, binaların və infrastruktur obyektlərinin inşası ilə məhdudlaşmır. Şəhərin iqtisadi həyatının canlandırılması, sənaye potensialının hərəkətə gətirilməsi, yeni iş yerlərinin yaradılması və əhalinin məşğulluğunun təmin edilməsi də dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ağdam Sənaye Parkının yaradılması, istehsal müəssisələrinin fəaliyyətə başlaması, kənd təsərrüfatı və xidmət sahələrinin inkişafı bu məqsədlərə xidmət edir. Tarixən Qarabağın mühüm iqtisadi mərkəzlərindən biri olmuş Ağdamın yenidən istehsal və ticarət məkanına çevrilməsi şəhərin uzunmüddətli inkişaf perspektivlərini daha da genişləndirir.
Bütün bu işlərin mərkəzində isə doğma yurda qayıdış və insanların öz torpaqlarında yeni həyat qurması dayanır. 2025-ci il martın 27-dən etibarən Ağdama keçmiş məcburi köçkünlərin qayıdışına başlanılması şəhərin bərpasında yeni mərhələnin açıldığını göstərdi. Sarıcalı və Kəngərli kəndlərində, eləcə də digər yaşayış məntəqələrində yaradılan şərait, yeni evlərin, məktəblərin, inzibati və sosial obyektlərin istifadəyə verilməsi insanların doğma yurdlarında məskunlaşmasına imkan yaradır. Ağdamın yenidən sakinlərinə qovuşması illərlə davam edən həsrətin sona çatması, ailələrin öz doğma evlərində yeni həyat qurması deməkdir.
Bu gün Ağdamın simasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı quruculuq siyasətinin nəticələri aydın görünür. Bir vaxtlar xarabalığa çevrilmiş şəhərin yerində müasir yaşayış komplekslərinin, sosial obyektlərin, nəqliyyat qovşaqlarının və istehsal müəssisələrinin yaradılması dövlətimizin iqtisadi gücünün, maliyyə imkanlarının və milli iradəsinin göstəricisidir. Ağdamın yenidən qurulması həm də Azərbaycan xalqının öz tarixinə, torpağına və milli-mənəvi dəyərlərinə sahib çıxmasının ifadəsidir. İşğal illərində dağıdılan şəhərin bu gün müasir inkişaf modelinə uyğun şəkildə yenidən qurulması tarixi ədalətin bərpasının real nəticələrini nümayiş etdirir.
Nəbi İbrahimov,
Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsinin sədri, YAP fəalı