Azərbaycan və Böyük Britaniya münasibətlərində yeni strateji mərhələ
Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın yürütdüyü çoxşaxəli və balanslaşdırılmış xarici siyasət ölkəmizin müxtəlif dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığının genişlənməsinə, beynəlxalq mövqelərinin möhkəmlənməsinə və yeni tərəfdaşlıq əlaqələrinin formalaşmasına geniş imkanlar yaradıb. Avropa ölkələri ilə münasibətlərin inkişafı Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Bu əlaqələr siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat, humanitar və digər sahələri əhatə etməklə qarşılıqlı maraqlara və etibarlı tərəfdaşlıq prinsiplərinə əsaslanır. Azərbaycan Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi çıxış etməklə yanaşı, Şərqlə Qərb arasında mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilmək istiqamətində də ardıcıl addımlar atır.
Bu münasibətlər sistemində Böyük Britaniya ilə əməkdaşlıq xüsusi yer tutur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra iki ölkə arasında formalaşan əlaqələr ötən dövr ərzində davamlı inkişaf yolu keçərək siyasi, iqtisadi və enerji sahələrində möhkəm tərəfdaşlığa çevrilib. Hələ 1994-cü il fevralın 23-də imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə, 1998-ci il iyulun 21-də qəbul edilmiş Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli münasibətlərin hüquqi və siyasi əsaslarını möhkəmləndirib. Xüsusilə enerji sektorunda 30 ildən artıq davam edən uğurlu əməkdaşlıq ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına və qarşılıqlı etimadın güclənməsinə mühüm töhfə verib. Böyük Britaniyanın Azərbaycanın Avropadakı ən böyük investoru olması bu tərəfdaşlığın iqtisadi miqyasını və əhəmiyyətini aydın nümayiş etdirir.
Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycan bu gün beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş, müstəqil siyasi iradəyə malik dövlət və regional proseslərə təsir göstərən mühüm aktor kimi qəbul olunur. Dövlətimizin başçısının müxtəlif ölkələrə səfərləri, yüksəksəviyyəli görüşləri və imzalanan sənədlər Azərbaycanın beynəlxalq əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə xidmət edir. Bu baxımdan 2026-cı il noyabrın 12-də Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri çərçivəsində Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşü və görüş zamanı iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması xüsusi siyasi əhəmiyyət daşıyır. Yeni sənəd Azərbaycan-Böyük Britaniya münasibətlərinin mövcud səviyyəsini təsdiqləməklə yanaşı, gələcək əməkdaşlığın daha geniş istiqamətlər üzrə inkişafına zəmin yaradır.
Birgə Bəyannamə iki ölkə arasında uzun illər ərzində formalaşmış dostluq və əməkdaşlıq ənənələrinə, qarşılıqlı hörmətə və ortaq maraqlara əsaslanır. Sənəddə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət məsələləri xüsusi yer tutur. Bu müddəalar Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi ilə uzlaşır və dövlətlərin ərazi bütövlüyünün qorunmasının beynəlxalq münasibətlərdə əsas prinsip olduğunu bir daha təsdiqləyir.
Bəyannamədə regionda davamlı sülhün təmin olunması məsələsinə də diqqət yetirilir. 2025-ci il avqustun 8-də keçirilmiş Vaşinqton Sülh Zirvəsinin və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan sonrakı addımların əhəmiyyəti vurğulanır. Böyük Britaniya tərəfi iki ölkə arasında dialoqun davam etdirilməsinə və regionda davamlı sülhün əldə olunmasına yönəlmiş səylərə dəstəyini ifadə edir. Bu yanaşma Cənubi Qafqazda yeni əməkdaşlıq imkanlarının yaranması, sabitliyin möhkəmlənməsi və regionun iqtisadi potensialının reallaşdırılması baxımından əhəmiyyətlidir.
Sənədin əsas istiqamətlərindən biri müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsidir. Bu çərçivədə tərəflər regional sülhün və sabitliyin qorunması, mövcud təhlükəsizlik çağırışlarına qarşı birgə fəaliyyət imkanlarının artırılması və qarşılıqlı əlaqələrin gücləndirilməsi istiqamətində əməkdaşlığı inkişaf etdirmək niyyətlərini ifadə edirlər. Müdafiə sahəsində təcrübə mübadiləsi, hərbi hazırlıq və təlimlər, mütəxəssislərin bilik və bacarıqlarının artırılması, eləcə də müdafiə sənayesi üzrə mümkün birgə layihələrin araşdırılması nəzərdə tutulur.
Digər tərəfdən, müasir dövrdə təhlükəsizlik anlayışı yalnız hərbi sahə ilə məhdudlaşmır. Sərhəd təhlükəsizliyi, hüquq-mühafizə orqanlarının fəaliyyəti, qanunun aliliyinin təmin olunması və hüquqi əməkdaşlıq da dövlətlərin təhlükəsizlik sistemində mühüm yer tutur. Bəyannamədə bu sahələr üzrə əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsinin gücləndirilməsi və qarşılıqlı fəaliyyət imkanlarının artırılması da nəzərdə tutulur. Bu əməkdaşlıq hər iki ölkənin təhlükəsizlik potensialının inkişafına, institusional imkanlarının güclənməsinə və ümumi təhdidlərə qarşı daha səmərəli mübarizə aparılmasına xidmət edə bilər.
Bəyannamənin imzalanması Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Prezident İlham Əliyevin uzaqgörən və praqmatik xarici siyasəti sayəsində ölkəmiz beynəlxalq tərəfdaşlıq əlaqələrini milli maraqlar əsasında genişləndirir, regional və qlobal miqyasda mövqelərini daha da möhkəmləndirir. Yeni sənəd isə Azərbaycan-Böyük Britaniya əməkdaşlığının gələcək inkişafı üçün möhkəm siyasi zəmin yaradır.
Məhəmməd Pənahov,
YAP Salyan rayon təşkilatının ərazi partiya təşkilat sədri