Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə: İkitərəfli əlaqələrin yeni zirvəsi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də İrlandiyanın paytaxtı Dublin şəhərinə səfəri çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə keçirdiyi görüş iki ölkə arasındakı ikitərəfli münasibətlərdə mühüm tarixi mərhələnin əsasını qoydu.
Görüşün ən əlamətdar məqamı iki ölkə arasında əlaqələrin keyfiyyətcə yeni müstəviyə qaldırılmasını təmin edən “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin mübadilə olunması oldu.
Bu sənəd iki ölkə arasındakı uzunmüddətli münasibətlərə, 1994-cü il 23 fevral tarixli “Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə”yə və 1998-ci il 21 iyul tarixli “Dostluq münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”yə əsaslanır. Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə təsdiqləyir ki, tərəflər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, beynəlxalq hüququn prinsiplərinə və normalarına, xüsusən də beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına, eləcə də suverenliyə, müstəqilliyə və ərazi bütövlüyünə hörmətlə bağlı prinsiplərə sadiq qalacaqlar. Sənəddə 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvəsi Bəyannaməsinin əhəmiyyəti vurğulanır, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan sonrakı sülh addımları alqışlanır. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının, ikitərəfli dialoq yolu ilə regionda davamlı sülhə nail olmaq məqsədi daşıyan iki ölkənin səylərinə davamlı dəstəyi bir daha təsdiqlənir. Həmçinin güclü, dayanıqlı və şaxələndirilmiş iqtisadi artımın, açıq ticarətin, investisiyaların və innovasiyanın hər iki iştirakçı üçün uzunmüddətli sabitlik və rifahın vacib təməlləri olduğu qəbul edilir. Hər iki tərəf davamlı tərəfdaşlığın etimad, səmimilik və güclü insanlararası əlaqələr üzərində qurulduğunu tanıyır. Uzunmüddətli artım və rəqəmsal transformasiya üçün təməl kimi təhsil, elm, innovasiya və bacarıqlar sahəsində praktik əməkdaşlığın vacibliyi təsdiqlənir. İştirakçılar, həmçinin icmalararası birbaşa əlaqənin qarşılıqlı faydasını tanıyır və bu Tərəfdaşlığın məqsədinə yönəlik layihə və proqramları dəstəkləməyi öhdələrinə götürürlər.
Bəyannamədə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsi də əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Tərəflər müdafiə sahəsində təlimlərin, təcrübə mübadiləsinin, peşəkar hazırlığın və müdafiə sənayesi üzrə mümkün birgə təşəbbüslərin genişləndirilməsi imkanlarını nəzərdə tuturlar. Eyni zamanda hüquq-mühafizə orqanları arasında əməkdaşlığın, sərhəd idarəçiliyinin və hüquqi sahədə qarşılıqlı əlaqələrin gücləndirilməsi məsələləri də sənəddə öz əksini tapıb.
İqtisadiyyat, ticarət və investisiya əməkdaşlığı Bəyannamənin digər mühüm istiqamətidir. Böyük Britaniya Azərbaycanın uzunmüddətli iqtisadi tərəfdaşlarından biridir. Sənəddə investisiya mühitinin genişləndirilməsi, sahibkarlıq əlaqələrinin inkişafı, iqtisadiyyatın şaxələndirilməsi və yeni biznes imkanlarının yaradılması xüsusi əhəmiyyət daşıyır. Xüsusilə bərpaolunan enerji, infrastruktur, xidmətlər və digər prioritet sahələrdə əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin iqtisadi maraqlarına xidmət edən istiqamətlərdəndir.
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli münasibətləri keyfiyyətcə yeni zirvəyə daşıyır. Dublində baş tutan bu görüş və əldə olunan razılaşmalar gələcək illərdə həm hər iki ölkənin milli maraqlarına xidmət edəcək, həm də geniş regionda sabitliyin, iqtisadi inkişafın və tərəqqinin təmin olunmasına mühüm töhfə verəcəkdir.
Bu gün Azərbaycanın beynəlxalq əhəmiyyəti yalnız onun enerji resursları və coğrafi mövqeyi ilə müəyyənləşmir. Ölkəmizin siyasi sabitliyi, iqtisadi potensialı, nəqliyyat imkanları, müstəqil xarici siyasəti və regionda sülhün formalaşdırılmasında iştirakı da bu mövqeyi gücləndirən əsas amillərdir.
Tərlan Quliyev,
Salyan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin mühəndisi