Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
9 Noyabr – Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik ənənələrinin və müstəqillik iradəsinin təcəssümüdür. Üçrəngli bayrağımız xalqımızın tarixi yaddaşını, milli kimliyini, azadlıq uğrunda mübarizəsini və dövlətinə sədaqətini özündə birləşdirən müqəddəs rəmzdir.
Milli Məclisin deputatı Günay Ağamalı “Aktual Xəbər”ə açıqlamasında bildirib ki, 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilən üçrəngli bayraq milli dövlətçilik tariximizin mühüm səhifələrindən birini təşkil edir.
Deputat qeyd edib ki, bayrağın mavi, qırmızı və yaşıl rəngləri türkçülük, müasirlik və islamçılıq ideyalarını ifadə edir. Bu prinsiplər Azərbaycan xalqının milli dövlətçilik düşüncəsinin əsasını təşkil edir.
Günay Ağamalı vurğulayıb ki, üçrəngli bayrağımızın yenidən dövlət rəmzi kimi qəbul edilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1990-cı il noyabrın 17-də Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində üçrəngli bayrağın qaldırılması milli dövlətçilik tariximizdə mühüm hadisə olub. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti tərəfindən dövlət bayrağı kimi təsdiq edilib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla 9 Noyabrın Dövlət Bayrağı Günü kimi təsis edilməsi milli rəmzlərimizə və dövlətçilik ənənələrimizə verilən yüksək dəyərin göstəricisidir.
Deputat diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin 2010-cu ildə Dövlət Bayrağı Meydanının açılış mərasimində Azərbaycan bayrağının Şuşada, Xankəndidə və işğal altında olan digər torpaqlarımızda dalğalanacağına dair fikirləri dövlətin qarşıya qoyduğu milli hədəflərin ifadəsi idi.
Günay Ağamalı bildirib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Zəfər və 2023-cü ilin sentyabrında dövlət suverenliyimizin bütün ərazilərimizdə bərpa edilməsi üçrəngli bayrağımızın tarixi və mənəvi əhəmiyyətini daha da artırıb.
Onun sözlərinə görə, Şuşada, Xankəndidə, Xocalıda, Ağdərədə və digər azad edilmiş ərazilərimizdə Dövlət Bayrağının ucaldılması xalqımızın tarixi ədaləti bərpa etməsinin, milli iradəsinin və müstəqilliyinin təntənəsidir. Həmin torpaqlarda dalğalanan bayraq şəhidlərimizin müqəddəs xatirəsini, qazilərimizin qəhrəmanlığını və Azərbaycan Ordusunun şücaətini özündə yaşadır.
Deputat əlavə edib ki, Azərbaycan bayrağı beynəlxalq təşkilatların qarşısında və nüfuzlu siyasi platformalarda dövlətimizin müstəqil mövqeyini, suverenliyini və milli maraqlarını təmsil edir.
Günay Ağamalı Dövlət Bayrağına hörmətin, ilk növbədə, Azərbaycanın müstəqilliyinə, suverenliyinə və dövlətçilik dəyərlərinə sədaqət olduğunu vurğulayıb. O, xüsusilə gənc nəslin bayrağımızın tarixi və mənəvi mahiyyətini dərindən dərk etməsinin, milli ruhda yetişməsinin vacibliyini qeyd edib.
“Azərbaycan Bayrağı qalib xalqın qüruru, qüdrətli dövlətin əzəməti və əbədi müstəqilliyimizin təcəssümüdür. Üçrəngli bayrağımızın daim ucalarda dalğalanmasını arzulayıram”, – deyə deputat bildirib.