27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
1993-cü ilin 2 aprel tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsi Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri olmuşdur. İşğal nəticəsində rayonun dinc əhalisi öz doğma torpaqlarından zorla çıxarılmış, minlərlə insan ağır faciələrlə üzləşmişdir.
Kəlbəcərin işğalı zamanı mülki əhali çətin dağ yolları, sərt hava şəraiti və təhlükəli keçidlər vasitəsilə doğma torpaqlarını tərk etməyə məcbur qalmış, insanlar ev-eşiklərini, illərlə qurduqları təsərrüfatlarını, xatirələrini və əcdadlarının məzarlarını geridə qoyaraq məcburi köçkün həyatına başlamışlar. İşğal nəticəsində yaşayış evləri, məktəblər, xəstəxanalar, mədəniyyət müəssisələri, tarixi abidələr və digər sosial infrastruktur obyektləri dağıdılmış, bölgənin iqtisadi və mədəni potensialına ciddi ziyan vurulmuşdur.
27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları 44 günlük Vətən müharibəsinin başlanmasına səbəb olmuşdur.
Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu döyüş meydanında misilsiz qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirərək işğal altında olan torpaqlarımızın böyük hissəsini azad etmişdir.
Azərbaycan Ordusunun hərbi uğurları nəticəsində Ermənistanın siyasi və hərbi rəhbərliyi 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatı imzalamağa məcbur olmuşdur. Həmin sənədə əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulmuşdur. Beləliklə, 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu, o cümlədən Kəlbəcər şəhəri Azərbaycanın nəzarətinə qaytarılmışdır. Bu hadisə Azərbaycan dövlətinin siyasi iradəsinin, diplomatik səylərinin və hərbi qüdrətinin mühüm nəticəsi kimi tarixə düşmüşdür.
Kəlbəcərin azad olunmasının tarixi əhəmiyyətini nəzərə alan Azərbaycan dövləti bu əlamətdar günün hər il rəsmi şəkildə qeyd edilməsini təmin etmiş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü ildə imzaladığı «Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında» Sərəncama əsasən, hər il noyabrın 25-i Kəlbəcər şəhəri günü kimi qeyd olunur.
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin!