Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
25 noyabr Azərbaycan xalqının tarixində mühüm və əlamətdar günlərdən biridir. Bu tarix Kəlbəcərin işğaldan azad edilərək doğma Azərbaycana qaytarılmasının rəmzi kimi qeyd olunur. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, 25 noyabr Kəlbəcər şəhəri günü elan edilmişdir.
Kəlbəcər qədim tarixi, zəngin mədəni irsi və füsunkar təbiəti ilə Azərbaycanın ən dəyərli bölgələrindən biridir. Rayonun ərazisində 30 min ildən artıq tarixə malik yaşayış məskənləri, 6 min illik qayaüstü təsvirlər, qədim mağaralar və tarixi abidələr aşkar edilmişdir. Azərbaycanın ən yüksək dağ rayonu olan Kəlbəcər həm də təbii sərvətləri, meşələri və mineral suları ilə seçilir.
1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Kəlbəcər uzun illər ağır dağıntılara və talanlara məruz qalmış, əhalisi doğma yurdlarından didərgin salınmışdır. İşğal nəticəsində rayonun tarixi-mədəni abidələrinə, sosial və infrastruktur obyektlərinə ciddi ziyan dəymişdir. BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsində işğalçı qüvvələrin Kəlbəcərdən çıxarılması tələb olunsa da, bu tələb uzun müddət yerinə yetirilməmişdir.
2020-ci ildə Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə Kəlbəcərin azad olunmasına da yol açdı. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Bu hadisə dövlətimizin siyasi iradəsinin, hərbi gücünün və Ali Baş Komandan İlham Əliyevin uğurlu strategiyasının mühüm nəticəsi idi.
Hazırda Kəlbəcərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Şəhərin Baş planına uyğun olaraq yeni yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, sosial obyektlər və müasir yol infrastrukturu yaradılır. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun, Murovdağ tunelinin tikintisi, kiçik su elektrik stansiyalarının yenidən qurulması və yeni enerji obyektlərinin istifadəyə verilməsi bölgənin inkişafına mühüm töhfə verir. Eyni zamanda, məşhur “İstisu” mineral su zavodu və Müalicə-İstirahət Kompleksinin yaradılması Kəlbəcərin turizm potensialını artırır.
Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı davam edir. Kəlbəcər şəhərində və kəndlərində yeni yaşayış məhəllələri salınır, ailələrin rahat və təhlükəsiz yaşayışı üçün zəruri şərait yaradılır.
Bu gün Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür. 25 Noyabr - Kəlbəcər şəhəri günü xalqımızın tarixi yaddaşında əbədi yaşayacaq, gələcək nəsillərə Zəfərimizin və doğma torpaqlara qayıdışımızın rəmzi kimi ötürüləcəkdir.
Xalqımızı, Kəlbəcərliləri ürəkdən təbrik edir, sülh, əminamanlıq arzulayıram!