Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
25 Noyabr – Kəlbəcər Şəhəri Günü Azərbaycan xalqının yaddaşında milli qürur, tarixi Zəfər və ədalətin bərpası ilə bağlı əlamətdar tarixlərdən biri kimi xüsusi yer tutur. 2020-ci il noyabrın 25-də, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən sonra Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Bu hadisə ərazi bütövlüyümüzün bərpası istiqamətində mühüm mərhələ olmaqla yanaşı, uzun illər doğma yurdlarından ayrı düşmüş sakinlərin qayıdışına da yol açdı.
Azərbaycanın qədim yaşayış məskənlərindən olan Kəlbəcər zəngin tarixi-mədəni irsi, əsrarəngiz təbiəti və strateji coğrafi mövqeyi ilə seçilir. Rayon ərazisində 30 min ildən artıq tarixə malik qədim yaşayış məskənlərinin, 6 min il yaşı olan qayaüstü təsvirlərin və çöpşəkilli qədim türk əlifbası nümunələrinin aşkar edilməsi bu torpaqların qədim tarixindən xəbər verir.
Bu fikirləri Milli Məclisin deputatı Günay Ağamalı 25 Noyabr – Kəlbəcər Şəhəri Günü münasibətilə “Aktual Xəbər”ə açıqlamasında bildirib.
Deputat qeyd edib ki, 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcərin işğal edilməsi xalqımızın tarixində ağır faciələrdən biri olub. İşğaldan əvvəl 3054 kvadratkilometr ərazisi olan rayonda 53 min 478 nəfər əhali yaşayıb. İşğal nəticəsində 511 dinc sakin qətlə yetirilib, 321 nəfər əsir götürülüb və ya itkin düşüb, rayon sakinləri doğma yurdlarından didərgin salınıblar. Kəlbəcərin tarixi-mədəni abidələri, təhsil və səhiyyə müəssisələri, yaşayış evləri dağıdılıb, təbii sərvətləri talan edilib.
G.Ağamalı diqqətə çatdırıb ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü il aprelin 30-da qəbul etdiyi 822 saylı qətnamədə işğalçı qüvvələrin Kəlbəcərdən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən çıxarılması tələb olunurdu. Lakin qətnamənin icrası uzun illər təmin edilmədi. Azərbaycan dövləti beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, öz siyasi iradəsi və hərbi qüdrəti hesabına tarixi ədaləti bərpa etdi.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə Ermənistanı 2020-ci il noyabrın 10-da Üçtərəfli Bəyanatı imzalamağa məcbur etdi. Həmin sənədə əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Bu hadisə Prezident İlham Əliyevin qətiyyətli siyasətinin, strateji düşüncəsinin və Azərbaycan Ordusunun hərbi qüdrətinin nəticəsi idi.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncamla 25 noyabr tarixinin Kəlbəcər Şəhəri Günü kimi təsis edilməsi tarixi Zəfərimizin əbədiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
G.Ağamalı bildirib ki, hazırda Kəlbəcər öz tarixinin yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri rayonun sosial-iqtisadi simasını dəyişir. Müasir yaşayış komplekslərinin, təhsil və səhiyyə müəssisələrinin, enerji və nəqliyyat infrastrukturunun yaradılması Böyük Qayıdış Proqramının uğurla həyata keçirilməsinin göstəricisidir.
Millət vəkilinin sözlərinə görə, Nazirlər Kabinetinin 2024-cü il mayın 1-də qəbul etdiyi qərarla Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan təsdiqlənib. Sənədə əsasən, şəhərin ərazisinin təxminən 290 hektara, əhalisinin sayının isə 17 min nəfərə çatdırılması nəzərdə tutulur. Ümumilikdə 2040-cı ilədək 4250 mənzilin inşası planlaşdırılır. Şəhərdə dörd məktəb, dörd uşaq bağçası, iki xəstəxana, reabilitasiya mərkəzi, İşğal və Zəfər muzeyləri, mehmanxanalar və digər sosial obyektlər yaradılacaq. Şəhər ərazisinin 22 faizinin yaşıllıq sahələrindən ibarət olması nəzərdə tutulur.
Deputat qeyd edib ki, Yanşaq, Zallar və Zar kəndlərinin yenidən qurulması istiqamətində də layihələr həyata keçirilir. Bu yaşayış məntəqələrində fərdi evlərin, təhsil və sosial infrastruktur obyektlərinin inşası bölgədə dayanıqlı məskunlaşmanın təmin edilməsinə xidmət edir.
G.Ağamalı diqqətə çatdırıb ki, Kəlbəcərin nəqliyyat infrastrukturunun yenilənməsi də prioritet istiqamətlərdəndir. Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun və Murovdağ tunelinin inşası rayonun nəqliyyat imkanlarını genişləndirir, bölgənin ölkənin digər əraziləri ilə əlaqəsini yaxşılaşdırır.
Onun sözlərinə görə, Kəlbəcərin zəngin enerji potensialından səmərəli istifadə məqsədilə kiçik su elektrik stansiyaları bərpa olunur və yeniləri inşa edilir. Bu layihələr bölgənin enerji təminatının gücləndirilməsinə və yaşıl enerji istehsalının genişləndirilməsinə töhfə verir.
Millət vəkili bildirib ki, 2025-ci il avqustun 20-dən etibarən Kəlbəcər şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışına başlanılıb. Avqustun 21-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhərdəki birinci yaşayış kompleksində yaradılan şəraitlə tanış olub, doğma yurda qayıdan sakinlərlə görüşüb. Dövlət başçısı həmin gün 20 ailəyə mənzillərin açarlarını təqdim edib. 2026-cı il noyabrın 6-na olan məlumata görə, Kəlbəcər şəhərində 162 ailə, ümumilikdə 681 nəfər daimi məskunlaşıb. Bu, Böyük Qayıdış prosesinin real nəticələrindən biridir.
G.Ağamalı vurğulayıb ki, Kəlbəcərin iqtisadi potensialının reallaşdırılması istiqamətində həyata keçirilən layihələr arasında turizm və mineral su ehtiyatlarının istehsalı xüsusi yer tutur. Rayonun zəngin təbii sərvətləri, dağlıq landşaftı, mineral və termal su mənbələri onun turizm imkanlarını daha da artırır.
Deputat qeyd edib ki, İstisu mineral su zavodunun fəaliyyətə başlaması və İstisu Müalicə-İstirahət Kompleksinin yenidən qurulması bölgənin turizm və iqtisadi potensialının inkişafına xidmət edir. Bu layihələr yeni iş yerlərinin yaradılması, yerli əhalinin məşğulluğunun artırılması və iqtisadi fəallığın yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin işğaldan azad edildikdən sonra Kəlbəcərə mütəmadi səfərləri və həyata keçirilən layihələrə şəxsən nəzarət etməsi dövlətin bölgənin inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir.
G.Ağamalı əlavə edib ki, altı il əvvəl tarixi Zəfər nəticəsində öz suverenliyini bərpa edən Azərbaycan bu gün Kəlbəcərdə müasir şəhər və kəndlər salır, iqtisadi potensialını reallaşdırır, milli-mədəni irsini qoruyur. Bütün bunlar Prezident İlham Əliyevin uzaqgörən siyasətinin, güclü dövlətimizin qüdrətinin və xalqımızın milli birliyinin təzahürüdür.
Deputat torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini dərin ehtiramla yad edib, qazilərə cansağlığı arzulayıb. O, 25 Noyabr – Kəlbəcər Şəhəri Günü münasibətilə Azərbaycan xalqını, xüsusilə kəlbəcərliləri təbrik edib.