Putin ‘Dağlıq Qarabağ’ ifadəsindən imtina etdi
Soçidə Türkiyə və Rusiya prezidentlərinin görüşündə maraqlı hadisə diqqət çəkib.
Kanal4.az xəbər verir ki, Ərdoğanla söhbət zaman prezident Putin Qarabağdakı vəziyyətə toxunarkən ‘Dağlıq Qarabağ’ ifadəsindən imtina edib.
Putinin Qarabağdakı vəziyyətdən danışarkən aramla və sözlərini seçərək danışdığı sezilib. Rusiya Prezidenti rus-türk birgə mərkəzinin fəaliyyətindən bəhs edərkən ərazi adı çəkməmək üçün nitqinə ara verərək ‘azərbaycanlılar və ermənilər’ arasında sülhün qorunmasında mərkəzin rolunu vurğulayıb.
’Dağlıq Qarabağ’ ifadəsini işlətməkdən yayınmağa çalışan Putin heç cür cümləsini tam düzgün qura bilməyib və hətta ‘Azərbaycan və Ermənistan sərhədindəki sülhə nəzarət’ sözlərini işlədib. Halbuki, Ağdamdakı rus-türk monitorinq mərkəzinin işi ilk növbədə Qarabağdakı atəşkəsə nəzarət etməkdir.
Hər halda Rusiya Prezidentinin rəsmi Bakının mövqeyinə sayğı ilə yanaşmağa çalışması bu nitq boyu onun sözlərini çox ehtiyatla seçməyə çalışmasından aşkar görünüb.