Ölkənin bir çox siyasi partiyalarının Yeni Azərbaycan Partiyasına....
qoşulmaq barədə qərarlar almaları YAP-ın sözün əsl mənasında
xalq partiyası olduğunun əyani sübutudur.
Yeni Azərbaycan Partiyasının yaranma tarixinə nəzər saldıqda görürük ki, partiyanın yaranması Azərbaycanda dövlətçiliyin məhv olmaqla qarşı-qarşıya gəldiyi bir dövrə təsadüf edib. Həmin dövrlər Azərbaycan dövlətçilik tarixi, o cümlədən ictimai-siyasi mühit üçün həqiqətən də çətin bir dövr idi. Xalqın haqlı tələbi və təkidi ilə o zaman Yeni Azərbaycan Partiyası təsis edildi. Həqiqətən də yarandığı dövrdən bu günədək 30 illik bir müddətdə YAP bütün siyasi hadisələrin önündə gedib. Ölkə olaraq əldə olunan bütün uğurlarımızın reallaşmasında doğma Partiyamızın müstəsna rolu vardır. Ümummilli lider Heydər Əliyev tərəfindən yaradılan və bu gün ölkə başçısı cənab İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının əsas prinsip və dəyərləri Ölkə vətəndaşlarının layiqli həyat səviyyəsini təmin etmək, davamlı sosial yönümlü islahatlarla Azərbaycanımızı iqtisadi cəhətdən qüdrətli bir dövlətə çevirməkdir. Bütün bu kimi prinsiplərə sadiq qalmaqla, qəbul edilən qərarlarda ilk növbədə insan faktorunun əsas götürülməsi, dövlətçilik ənənələrinə sadiqlik nümayiş etdirilməsi xalqın Yeni Azərbaycan Partiyasına olan inam və etimadını hər gün artırmaqda davam edir. Bu gün YAP-nın sıralarında 750 mindən çox insan birləşib. Bu çox böyük bir rəqəmdir.Bu onun göstəricisidir ki, bu gün Yeni Azərbaycan Partiyası həqiqətən xalqın partiyasıdır. Artıq Azərbaycanda ölkənin yeni siyasi sisteminin formalaşması prosesinə start verilib. İqtidar-müxalifət arasında dialoq mühitinin formalaşması öz müsbət nəticələrini verməkdədir. Belə ki, YAP-ın VII qurultayında 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulması Ölkəmizin siyasi həyatında yeni bir dövrün başlanmasının bariz nümunəsi sayıla bilər. Bu yönümlü qərarların qəbul edilməsi iqtidar-müxalifət arasında dialoq mühitinin formalaşmasını və bu istiqamətdə aparılan əməli işlərin sürətlənməsini şərtləndirəcəkdir. Bildirmək istəyirəm ki, siyasi partiyaların, birlik, vəhdət halında, bir amal uğrunda birləşməsini 44 günlük Vətən Müharibəsi zamanı da müşahidə etdik. Düzgün siyasi xətt xalqla dövlət arasında olan bağlılığın möhkəmləndirilməsinə gətirib çıxarıb. Bu gün Azərbaycanda olan ictimai-siyasi sabitliyi heç bir nə daxili, nə də xarici qüvvə pozmağa cəhd belə edə bilməz. Azərbaycanda hakimiyyət etibarlı əllərdədir. Bu əl xalqın əli ilə möhkəm bağlıdır. Xalqla hakimiyyət arasında olan bağlılığı pozmağa çalışacaq istənilən məkrli bir hərəkətin qarşısı anındaca alınacaqdır.
Kanal4.az
Səmil Şahlaroğlu.