Salyan Peşə Liseyində “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş “Zəfər Günü – Qürur tariximiz” adlı gənclərlə görüş keçirilib
05 noyabr 2025-ci il tarixində Vətən Müharibəsi Qəhrəmanı Sübhan Cəbrayılov adına Salyan Peşə Liseyində “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş “Zəfər Günü – Qürur tariximiz” adlı gənclərlə görüş keçirilib. Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun, Salyan Peşə Liseyinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra “Zəfər Günü”nə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədr müavini Aqşin Babayev, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun müdiri Elmar Əbilov, Salyan Peşə Liseyinin direktoru Ruslan Fətullayev, Heydər Əliyev Mərkəzinin direktoru Nübar Bayramova, rayon təşkilatının məsləhətçisi, Vətən Müharibəsi iştirakçısı Yalçın Abdullazadə və Peşə Liseyinin müəllimi Yeganə Mirzəliyeva çıxış edərək Zəfər Gününün tarixi əhəmiyyətindən, Prezident İlham Əliyevin müdrik rəhbərliyi və Müzəffər Ali Baş Komandan kimi xalqımızı Zəfərə aparan qətiyyətindən, qəhrəman ordumuzun şücaətindən, şəhidlərimizin və qazilərimizin fədakarlığından bəhs ediblər. Çıxışlarda gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinin, dövlətçiliyimizə və milli dəyərlərimizə sadiq vətəndaş kimi formalaşmalarının vacibliyi vurğulanıb.
Tədbirin sonunda Salyan Peşə Liseyinin Yeni Azərbaycan Partiyasının sıralarına yeni qoşulmuş iki gənc müəlliminə üzvlük vəsiqələri təqdim edilib.




