Xocalı – azadlıqdan dirçəlişə aparan yol
Azərbaycan xalqının tarixi yaddaşında ən ağır səhifələrdən biri Xocalı soyqırımıdır. 1992-ci ilin fevralında törədilən bu vəhşilik xalqımızın qan yaddaşına həkk olunmuş, 30 ilə yaxın müddətdə Xocalının işğal altında qalması hər bir azərbaycanlının ürəyində nisgil kimi qalmışdı. Ancaq 2020-ci ildə qazanılan tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və Xocalı da doğma sahibinə qovuşdu.
Xocalının işğaldan azad olunması Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətinin, rəşadətli Azərbaycan Ordusunun gücünün nəticəsi oldu. Dövlət başçısının 2023-cü il 15 oktyabr tarixində Xocalıya səfəri, burada Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldaraq xalqa müraciəti bu tarixi dönüşün ən yaddaqalan məqamlarından biridir. Prezidentin sözləri xalqımızın yaddaşına əbədi həkk olundu: “Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq.”
Tarixi Zəfərin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə 20 Sentyabr “Xocalı Günü” elan edildi. Bu mühüm qərar həm xalqımızın azadlıq uğrunda apardığı mübarizənin rəmzi, həm də Xocalının dirçəliş yolunun başlanğıcı kimi xüsusi əhəmiyyət kəsb edir.
Xocalının azad edilməsindən sonra burada genişmiqyaslı abadlıq-quruculuq işlərinə start verildi. Prezident İlham Əliyev dəfələrlə Xocalıya səfər edərək görülən işlərlə yerində tanış olub. 2024-cü ildə Xocalıda Soyqırımı Memorialının təməlqoyma mərasimi keçirildi, çoxmənzilli binalar təmir edilərək sakinlərin istifadəsinə verildi, infrastruktur yenidən quruldu. Şəhərə köçən sakinlərlə görüşlər keçirildi, onların qayğıları dinlənildi.
Sonrakı illərdə də Xocalıda sosial-iqtisadi inkişafı təmin etmək üçün ardıcıl tədbirlər həyata keçirildi. 2025-ci ildə “Xocalı” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verildi, Xanabad kəndində müasir heyvandarlıq kompleksi açıldı, kənd təsərrüfatı və sənaye müəssisələri fəaliyyətə başladı. Eyni zamanda, kəndlərdə fərdi yaşayış evləri inşa edildi, yeni infrastruktur yaradıldı, abadlıq işləri aparıldı.
Prezident İlham Əliyevin Xocalıya hər səfəri həm quruculuq işlərinin sürətləndirilməsinə təkan verir, həm də əhalinin qayıdışını daha da stimullaşdırır. Badara, Seyidbəyli, Şuşakənd, Daşbulaq və digər kəndlərdə sakinlərlə görüşlər, yeni təsərrüfat və sənaye müəssisələrinin istifadəyə verilməsi Xocalının dirçəliş yolunda nə qədər böyük addımlar atıldığını göstərir. Dövlət başçısı 15 sentyabr 2025-ci ildə Badara kəndində sakinlərlə görüşündə bildirdi: “Siz artıq öz doğma yurdunuzdasınız. Burada həyat yenidən qurulacaq, bütün lazımi şərait yaradılacaq. Bizim ən böyük xoşbəxtliyimiz budur ki, bu torpaqlar əbədi olaraq xalqımıza xidmət edəcək.”
Bu gün Xocalı yalnız işğaldan azad olunmuş bir şəhər deyil, həm də Azərbaycan dövlətinin gücünün, xalqımızın iradəsinin və Böyük Qayıdışın simvoludur. Burada aparılan bərpa-quruculuq işləri, salınan yeni infrastruktur və sosial layihələr sübut edir ki, Azərbaycan dövləti keçmişin ağrı-acılarını gələcəyin inkişaf və tərəqqisinə çevirir.
Bəli, bu gün Xocalı yenidən dirçəlir. Burada dalğalanan üçrəngli bayraq xalqımızın qələbəsinin, suverenliyimizin bərpasının və torpaqlarımıza əbədi sahib çıxma iradəmizin ən parlaq göstəricisidir.
Zülfiyyə Əsədova,
Rels Qaynaqlama Sahəsinin insan resursları üzrə mütəxəssisi, YAP fəalı