Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə yalnız işğaldan azad olunmuş şəhərlər deyil, həm də dövlətimizin gücünün və gələcək inkişafının simvoludur
Azərbaycan xalqı üçün 20 Sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci ildir ki, xüsusi tarix kimi qeyd olunur. Bu günlər yalnız tarixi Zəfərin rəmzi deyil, həm də azad olunmuş şəhərlərdə həyata keçirilən abadlıq, quruculuq və sosial-iqtisadi inkişaf işlərinin nümayişi, həmçinin soydaşlarımızın doğma torpaqlara qayıdışının simvoludur. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli Sərəncamına əsasən təsis edilən bu günlər, ölkəmizin ərazi bütövlüyünün bərpasını, xalqımızın qəhrəmanlıq yolunu və Böyük Qayıdış Proqramının icrasını əbədiləşdirir.
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə uzun illər işğal altında qaldıqdan sonra 2023-cü ilin sentyabrında keçirilmiş antiterror əməliyyatları nəticəsində azad edildi. Bu tarixi hadisə Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi oldu. Azad olunan şəhərlərdə qısa müddət ərzində genişmiqyaslı bərpa və abadlıq işlərinə start verildi. Yol-nəqliyyat infrastrukturu bərpa edildi, elektrik, qaz və su xətləri çəkildi, yaşayış binaları və sosial obyektlər yenidən quruldu. Məqsəd yalnız torpaqları işğaldan azad etmək deyil, həm də bu torpaqlarda həyatın davam etməsi üçün müasir şərait yaratmaqdır.
Prezident İlham Əliyevin Qarabağa və Şərqi Zəngəzura mütəmadi səfərləri bərpa-quruculuq işləri ilə tanışlıqla bərabər, yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi, doğma torpaqlarımıza qayıtmış sakinlərlə görüşləri ilə yadda qalır. Dövlətimizin başçısı daim çıxışlarında bildirir ki, Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq. Bütövlükdə, ilin elə bir ayı yoxdur ki, ölkə başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfəri olmasın. Müzəffər Ali Baş Komandanın Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə səfərləri də Qarabağın bərpa və inkişaf yolunun əyani göstəricisidir. Dövlət başçısının bu şəhərlərdə Dövlət Bayrağını ucaltması, hərbi paradı qəbul etməsi, yeni layihələrin təməlini qoyması həm tarixi ədalətin bərpası, həm də Böyük Qayıdış prosesinin dövlət səviyyəsində necə strateji yanaşma ilə həyata keçirildiyini nümayiş etdirir.
Prezident İlham Əliyevin azad olunmuş ərazilərə səfərləri zamanı Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində əhali ilə görüşləri də xüsusi əhəmiyyət kəsb edir. Xocalıda Badara, Seyidbəyli və Şuşakənd kəndlərində sakinlərlə görüşündə Prezident vurğulayıb: “Siz artıq öz doğma yurdunuzdasınız. Burada həyat yenidən qurulacaq, bütün lazımi şərait yaradılacaq. Bizim ən böyük xoşbəxtliyimiz budur ki, bu torpaqlar əbədi olaraq xalqımıza xidmət edəcək.” Bu nitq həm əhalinin qayıdışına diqqəti çəkir, həm də görülən işlərin strateji əhəmiyyətini vurğulayır.
Azad olunmuş ərazilərdə aparılan quruculuq işləri yalnız infrastrukturla məhdudlaşmır. Məktəblər, xəstəxanalar, mədəniyyət müəssisələri, dini və tarixi abidələr bərpa olunur. Eyni zamanda kənd təsərrüfatı və sənaye sahələrinə xüsusi diqqət yetirilir, yeni təsərrüfat kompleksləri, heyvandarlıq müəssisələri və sənaye obyektləri istifadəyə verilir. Bu işlər şəhərlərin və kəndlərin iqtisadi həyatını dirçəldir, əhalinin öz yurduna qayıtmasını stimullaşdırır.
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq layihələri həm də milli irsimizin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Tarixi binalar, qəbiristanlıqlar və mədəni abidələr bərpa olunur, gələcək nəsillər üçün milli yaddaş qorunur.
20 Sentyabrın qeyd olunması, eyni zamanda, xalqımızın tarixi Zəfərinə hörmətin ifadəsi, Azərbaycan dövlətinin ərazi bütövlüyünün, xalqımızın birliyinin və iradəsinin simvoludur. Hər bir şəhərdə ucaldılan Azərbaycan Bayrağı yalnız dövlətimizin gücünü deyil, həm də xalqımızın qəhrəmanlığını, əzmini və torpaqlarımıza əbədi sahib çıxma iradəsini göstərir.
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə yalnız işğaldan azad olunmuş şəhərlər deyil, həm də Azərbaycan xalqının dirçəlişinin, dövlətimizin gücünün və gələcək inkişafının simvoludur. Burada başlayan yeni həyat – quruculuq, tərəqqi və abadlaşma prosesi – xalqımızın qələbəyə layiq olduğunu bir daha təsdiqləyir.
Elmar Əbilov,
Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun müdiri, YAP fəalı