Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür
Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Artıq 24 ildir ki, ana dilimizlə bağlı bu əlamətdar günü rəğbət, ehtiram və vətəndaşlıq qüruru ilə qeyd edirik.
Ana dili və əlifbası hər bir xalqın milli sərvəti, varlığının təsdiqi və kimliyidir. Azərbaycan xalqının başqa sərvətləri kimi əlifbası və dili də zaman-zaman yadelli işğalçıların təzyiqinə məruz qalsa da, millətin öz taleyinə sahibliyi və dilimizin zənginliyi onun məhv olmasına imkan verməmişdir.
Ümummilli liderin ideyalarını layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə böyük həssaslıqla yanaşır. İnam və qətiyyətlə deyə bilərik ki, bu gün dilimizin inkişafının əsas qarantı məhz ölkə Prezidenti və onunla çiyin-çiyinə möhtəşəm layihələrə imza atan Birinci vitse-prezident Mehriban xanım Əliyevadır.
Prezident İlham Əliyevin həyata keçirdiyi mühim və uğurlu tədbirlərdən biri 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”kı sərəncamı kütləvi nəşrlərin latın qarafikasına keçirilməsi prosesini sürətləndirmiş və milli kitabxana fondunu zənginləşdirmişdir.
Anar Əhmədov YAP Kəlbəcər rayon təşkilatının mühasibi