Milli ruhun ifadəsi: Dövlət dili siyasətinin davamlı inkişafı
Dil bir xalqın özüdür: onun tarixi, mədəniyyəti, düşüncə dünyası və mənəviyyatının ən saf ifadəsidir. Ana dili xalqın şanlı keçmişini gələcəyə daşıyan canlı körpüdür. Dilimiz yalnız sözlərin yığımı deyil, millətin ruhuna hopmuş, kemişini və gələcəyini birləşdirən müqəddəs sərvətdir. Bu dəyərin qorunması və inkişaf etdirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Hər bir xalqı, milləti başqalarından fərqləndirən mühüm amillərdən biri və ən başlıcası onun dilidir. Azərbaycan dili də özünəməxsus zənginliyi ilə başqa dillərdən seçilir. “Kitabi - Dədə Qorqud” və “Koroğlu” dastanlarından gələn dilimiz həzin ana laylası ilə ruhumuza hopmuşdur. XVIII əsrdə Qafqaza səfər etmiş məşhur fransız yazıçısı və səyyahı Aleksandr Düma yazırdı: “Avropada fransız dili necə əhəmiyyətə malikdirsə, Qafqazda da Azərbaycan dili o cür əhəmiyyətə malikdir”. Ulularımızın bizə miras qoyub getdikləri ana dilimiz İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Səməd Vurğun, Üzeyir Hacıbəyli, Məmməd Araz, Hüseyn Cavid və digər görkəmli qələm sahiblərinin əsərlərində daha da zənginləşmiş, görkəmli sənətkarlarımız yaradıcılıqları ilə Azərbaycan dilinin inkişafına öz töhfələrini vermişlər.
Azərbaycanda xalqın milli varlığının əsas rəmzi olan ana dilimizin saflaşdırılması və zənginləşdirilməsi istiqamətində çox mühüm işlər görülmüş və Azərbaycan dilinin inkişafı və qorunması məqsədilə əhəmiyyətli sənədlər imzalanmışdır. Dilimizin hərtərəfli inkişafı, onun rəsmi dövlət statusu alması ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir” –deyən ulu öndərimiz Heydər Əliyevin apardığı gərgin işin nəticəsi olaraq 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsi ilə Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Həmin dövrdə Azərbaycan dilinin elmi şəkildə öyrənilməsinə başlanmış, dilçi alimlərin fəaliyyəti üçün geniş imkanlar açılmış, elmi-tədqiqat materialları və kitablar nəşr edilmişdir.
1990cı illərin sonunda mənfur işğaldan sonra yenidən müstəqilliyinə qovuşan Azərbaycanda ana dilimizin yenidən əsas prioritetlərdən biri kimi qarşımıza qoyulması, onun dövlətçilik baxımından strateji resurs kimi görülməsi Heydər Əliyevin ikinci dəfə hakimiyyətə dönməsi ilə yeni məqam kəsbi etdi. Ulu Öndər öz nitqlərində vurğulayıb ki, “Zəngin dil mədəniyyətinə malik xalq heç zaman əzilməz, sovrulmaz, mərhələləri fəxr ilə qarşılayar”. Bu dönəmdən etibarən dilin saxlanması, təmizliyi və inkişafı dövlət səlahiyyətli qurumların, alimlərin və ictimaiyyətin diqqət mərkəzinə çevrildi.
Dil siyasətində illər sonra təqdirəlayiq dönüş 2001ci ilin avqust ayında edildi: dövlət təqviminə daxil olan xüsusi gün – ana dili və əlifba gününün təsis edilməsi ilə bugünkü dilə diqqəti dövlət rəmzi kimi qeyd etdik. Ulu öndərin dil siyasəti bu gündən etibarən daha geniş oxumağa, danışmağa və düşünməyə çağırış halını aldı.
Dilimizin latın qrafikasına keçirilməsi – bu islahat yalnız qrafikanın dəyişməsi deyildi, həm də müasir dünya ilə effektli əlaqə, informasiya texnologiyalarına çıxış, düşüncə və elmi ideyaların daha rahat yayılması demək idi. Bu istiqamətdə uğurlu təşəbbüsləri Prezident İlham Əliyev davam etdirdi. Onun 2004cü ilin yanvarında imzaladığı sərəncamla latın qrafikasında kütləvi nəşrlərin aparılması – ədəbiyyat, təhsil, elm sahələrində əlifbanın tam yayılmasını təmin etdi. Eyni zamanda, o, “Dünya ədəbiyyatı kitabxanası”, “Azərbaycan ədəbiyyatı kitabxanası” və s. kimi böyük çap layihələrini dəstəklədi.
Prezidentin dediyi kimi, “Azərbaycan dili – xalqın mənəvi sərvətidir, diasporun və dünya azərbaycanlılarının birləşən dilidir”. Bu fikir onun dilə olan həssas münasibətini və dil siyasətinə verdiyi strateji önəmi açıq nümayiş etdirir. Bu gün Azərbaycan dili yalnız ölkə daxilində deyil, dünya azərbaycanlılarının birləşmə mətnidir. Xaricdəki diaspor təhsil mərkəzlərində, mədəniyyət ocaqlarında bu dil yaşadılır, öyrədilir, yayılır. Ünsiyyət dili olmaqla yanaşı dil həm də milli mənəvi dəyərlərin daşıyıcısıdır.
Bu gün dilimizin qorunması və inkişafı yalnız dövlət və siyasətçilərin məsuliyyəti deyil: hər bir azərbaycanlının milli borcudur. Dilimizi qorumaq, onu sevdirmək, onu gələcək nəsillərə saf və zəngin formada ötürmək – bizim vəzifəmizdir. Onu qorumaqla biz öz kimliyimizi, ruhumuzu və tariximizi qoruyuruq. Öz ana dilimizə hörmət etmək yalnız fərdi deyil, kollektiv və milli məsuliyyətdir. Gəlin bu zəngin irsi çiçəkləndirək, gələcəyə daha saf və canlı şəkildə ötürək.
Gülər Quliyeva,
Salyan şəhər 4 saylı tam orta məktəbin direktoru, YAP fəalı