“Daşnaksütyun” həmişəlik bağlanır? - Paşinyan bu yaxşılığı etsə...
“Bəs Paşinyan bu əngəli aradan qaldıra, “Daşnaksütyun”u bu dəfə həmişəlik bağlaya bilərmi?
Deputat Günay Ağamalı “Yeni Müsavat”a bildirdi ki, “Daşnaksütyun” adlı radikal və şovinist təşkilat Ermənistanın nifrət, zorakılıq və etnik təmizləmə ideologiyasının daşıyıcısıdır: “Bu ”təşkilatın" fəaliyyəti yalnız Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları və düşmənçilik toxumu səpməklə kifayətlənməyib, eyni zamanda, Ermənistanın öz gələcəyini də zəhərləyib. Bu gün artıq Ermənistan cəmiyyətinin içindən də səslər yüksəlir ki, bu terrorçu mahiyyətli qurumun fəaliyyətinə hüquqi və siyasi şəkildə son qoyulsun. Hazırda Daşnaksütyun partiyası siyasi partiya statusunda fəaliyyət göstərsə də, onun ideologiyası və fəaliyyət mexanizmi demokratik dəyərlərin prinsiplərinə ziddir. Onların Fransa, Livan və digər ölkələrdə fəaliyyət göstərən üzvləri erməni diasporunun maliyyə dəstəyi ilə qondarma soyqırımı, Böyük Ermənistan xülyasını siyasi alətə çevirməklə erməni cəmiyyətində nifrət əsaslı ritorikanı dərinləşdirir".
Deputat vurğuladı ki, məhz bu səbəbdən, təhlükəsizlik orqanlarının Daşnaksütyunla bağlı aşkarladığı faktlar və ifşa olunan məsələlər göstərir ki, bu təşkilat nə sülhə, nə sabitliyə, nə də xalqlar arasında qarşılıqlı inam mühitinə xidmət edir:
“Əksinə, bölgədə revanşizmi, terroru və nifrəti körükləyən, keçmişin qaranlıq ideologiyalarına xidmət edən alətdir. Təbii ki, indiki situasiyada Ermənistan daxilində siyasi dinamika olduqca qeyri-stabildir. Paşinyanın ”real Ermənistan" çağırışları fonunda Azərbaycanla mövcud sülh gündəliyi Daşnaksütyun kimi radikal müxalifət seqmentini fəallaşdırıb. Onlar köhnə narrativləri canlandırmağa çalışan bütün qüvvələrdən dəstək almağa çalışırlar. Bu isə öz növbəsində ölkədaxili böhrana səbəb olur. Əgər Paşinyan gerçəkdən ölkəsinin gələcəyini düşünürsə, “Daşnaksütyun”la bağlı hüquqi addımlar atmaqdan çəkinməməlidir. Bu, yalnız Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşmasına, həm də Ermənistanın daxilində sabit cəmiyyət qurulmasına xidmət edər".