Qarabağda aparılan quruculuq işləri ölkənin gücünü və strateji baxışını əks etdirir
2025-ci il iyulun 4-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşü təkcə regional əməkdaşlığın gücləndirilməsi baxımından deyil, həm də işğaldan azad edilmiş ərazilərin sürətli inkişafı və yenidən qurulması kontekstində mühüm tarixi hadisə kimi dəyərləndirilir. Xankəndi şəhərinin bu səviyyədə beynəlxalq tədbirə ev sahibliyi etməsi, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tam bərpa olunmasının əyani sübutudur.
Prezident İlham Əliyev Zirvə görüşündə çıxışı zamanı diqqəti xüsusilə Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə yönəldərək bildirdi:
“İşğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır.” Bu fikir Azərbaycanın post-münaqişə dövründə əsas prioritetlərindən birini – azad edilmiş torpaqların həyat üçün yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və regionun iqtisadi, sosial, ekoloji dirçəlişini – aydın şəkildə ifadə edir.
Qeyd edək ki, Azərbaycan bu illər ərzində yalnız öz milli maraqlarını deyil, regionun sabitliyi və inkişafı naminə mühüm layihələrə imza atmış bir dövlətdir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, “Cənub Qaz Dəhlizi” kimi beynəlxalq əhəmiyyətli infrastruktur layihələri Azərbaycanın geosiyasi çəkisini artırmaqla yanaşı, İƏT ölkələri arasında da inteqrasiyanı gücləndirir. Azərbaycan həm də “yaşıl enerji”, rəqəmsal infrastruktur və nəqliyyat dəhlizləri sahəsində təşəbbüslərlə çıxış edir.
İƏT Zirvə görüşünün Xankəndidə keçirilməsi, bir tərəfdən Azərbaycanın diplomatik uğuru, digər tərəfdən isə Qarabağın artıq sülh, inkişaf və beynəlxalq əməkdaşlıq məkanı olduğunu göstərir. Bu tədbir, həm də beynəlxalq ictimaiyyətə Azərbaycan torpaqlarında aparılan bərpa və quruculuq proseslərinin miqyasını göstərmək baxımından önəmli platforma oldu.
Prezident İlham Əliyev çıxışında post-münaqişə dövründə Azərbaycanın qarşısında duran vəzifələri də diqqətə çatdıraraq qeyd etdi ki, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirdiyi layihələr, təkcə infrastrukturun bərpası deyil, həm də regionun sosial-iqtisadi və mədəni dirçəlişi baxımından strateji əhəmiyyətə malikdir. Dövlət başçısı bildirdi ki, 2020-ci ildən bəri bu bölgələrdə yol, enerji, su, rabitə, kənd təsərrüfatı və digər sahələr üzrə yüzlərlə layihə reallaşdırılıb və bu proses davam edir.
Bəli, 2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Qələbədən sonra Azərbaycanın qarşısında dayanan əsas vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərin bərpası və bu torpaqlara həyatın geri qaytarılması oldu. Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən bu genişmiqyaslı bərpa və quruculuq prosesi təkcə infrastrukturun yenilənməsi ilə məhdudlaşmayaraq, regionun sosial, iqtisadi, mədəni və ekoloji reabilitasiyasını hədəfləyən kompleks strategiyaya çevrildi.
Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda ən müasir texnologiyalara əsaslanan yeni inkişaf modelini reallaşdırır. Bu modelin mərkəzində ağıllı kənd və şəhər konsepsiyası dayanır. İlk pilot layihə olan Zəngilanın Ağalı kəndində uğurla tətbiq olunan “ağıllı kənd” sistemi özündə müasir evləri, alternativ enerji mənbələri ilə işləyən infrastruktur şəbəkələrini və rəqəmsal idarəetməni birləşdirir. Eyni yanaşma ilə digər kənd və rayonlarda da tikinti və bərpa işləri həyata keçirilir.
Bu prosesin ayrılmaz hissəsi kimi, yüzlərlə kilometr avtomobil və dəmir yolları salınır, yeni tunellər və körpülər inşa olunur. Qarabağ regionu eyni zamanda “yaşıl enerji zonası” elan edilərək, burada günəş, külək və hidroenerji layihələri sürətlə icra olunur. Məsələn, Kəlbəcər və Laçında su elektrik stansiyaları bərpa edilir, Zəngilan və Cəbrayılda günəş enerjisi parkları qurulur. Bu həm regionun enerji müstəqilliyini təmin edir, həm də ekoloji tarazlığın qorunmasına xidmət edir.
Mədəni irsin qorunması da Azərbaycan dövlətinin əsas prioritetlərindəndir. Şuşa şəhəri bu baxımdan xüsusi əhəmiyyət kəsb edir – burada yüzillik tarixi abidələr, məscidlər, sənətkarlıq nümunələri bərpa olunur və şəhər yenidən ölkənin mədəniyyət mərkəzinə çevrilir. Bu, həm də dünya ictimaiyyətinə Azərbaycanın sülhə, mədəni irsə və tarixə hörmətlə yanaşmasının açıq mesajıdır.
Əhalinin öz yurd-yuvasına qaytarılması – “Böyük Qayıdış” proqramı – dövlət siyasətinin əsas sütunlarından biridir. Artıq minlərlə ailə doğma torpaqlarına dönüb, yaşayış üçün zəruri olan məktəb, xəstəxana, sosial xidmət və kommunikasiya infrastrukturu ilə təmin olunub. Bu, təkcə fiziki deyil, həm də mənəvi dirçəlişdir – insanların keçmişdən qopmadan gələcəyə doğru inamla addımlamasıdır.
Azərbaycan bu prosesi yalnız daxili resurslarla deyil, beynəlxalq əməkdaşlıq əsasında həyata keçirir. Müxtəlif ölkələrdən olan şirkətlərin və qurumların bu prosesə qoşulması, Qarabağın artıq təhlükəsiz və investisiya cəlbedici məkana çevrildiyini göstərir. 2025-ci ildə Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü isə bu reallığı bütün dünyaya nümayiş etdirdi – işğaldan azad olunmuş torpaqlar artıq sülh, inkişaf və əməkdaşlıq mərkəzinə çevrilib.
Nəticə etibarilə, Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda apardığı bərpa-quruculuq siyasəti ilə post-münaqişə dövrünün uğurlu modelini formalaşdırır. Bu model yalnız ərazilərin yenidən qurulması deyil, həm də gələcək nəsillər üçün dayanıqlı və firavan həyatın təminatıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu torpaqlarda həyat bərpa olunur – planlı, davamlı və milli maraqlara uyğun şəkildə.
Nübar Bayramova,
Salyan Rayon Heydər Əliyev Mərkəzinin direktoru, YAP fəalı