Xankəndidə Zirvə görüşünün diplomatik və simvolik əhəmiyyəti
Cənubi Qafqaz regionunda uzun illər davam edən münaqişə və gərginlikdən sonra, 2020-ci ildə Azərbaycan Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə öz ərazi bütövlüyünü bərpa etdi və regionda yeni dövrün təməlini qoydu. Bu dövr yalnız hərbi qələbə ilə məhdudlaşmayıb, həm də genişmiqyaslı siyasi, iqtisadi və sosial transformasiyalarla müşayiət olunur. Qarabağ və onun inzibati mərkəzi olan Xankəndi artıq keçmiş münaqişə zonasından çıxaraq, sülh, sabitlik və regional əməkdaşlıq üçün strateji məkana çevrilməkdədir.
Bu gün Azərbaycanın xarici siyasəti Prezident İlham Əliyevin rəhbərliyi altında çoxvektorlu, balanslaşdırılmış və praqmatik şəkildə aparılır. Bu siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə nüfuzlu aktora çevrilib. Ölkəmiz Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq təşkilatlarda fəal iştirak edir və bu platformalarda həm milli maraqlarını qoruyur, həm də regional əməkdaşlığı genişləndirir. Azərbaycanın beynəlxalq nüfuzunun artması onun qlobal səviyyədə qəbul edilməsinə, diplomatik mövqeyinin güclənməsinə və regional liderliyinin möhkəmlənməsinə şərait yaradır.
Son illərdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bir neçə əhəmiyyətli beynəlxalq tədbirin keçirilməsi ölkəmizin regionda sülhün və inkişafın təmin olunmasına verdiyi önəmin bariz nümunəsidir. 2023-cü ildə Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Nazirlər Şurasının iclasının, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünün və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünün təşkil olunması Azərbaycanın bu regionda diplomatik mövqeyinin güclənməsini və beynəlxalq əlaqələrinin dinamik inkişafını göstərir.
Bu siyahıya 2025-ci ilin iyul ayında Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünü də əlavə etmək olar. Zirvənin məhz yeni inşa edilmiş müasir Konqres Mərkəzində təşkil olunması Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin yalnız ölkə daxilində deyil, beynəlxalq səviyyədə də yüksək qiymətləndirildiyinin göstəricisidir. Bu tədbir həmçinin Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq ictimaiyyət tərəfindən tam dəstəkləndiyini və regionda sabitliyin təmin olunmasında aparıcı rol oynadığını təsdiqləyir.
Çox sevindirici haldır ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri sürətlə davam edir və bu proseslər bölgənin iqtisadi potensialını yüksəltməklə yanaşı, burada yaşayan insanların sosial rifahını da artırır. Yeni yollar, nəqliyyat dəhlizləri, enerji infrastrukturunun yenilənməsi və genişləndirilməsi, müasir yaşayış məntəqələrinin tikintisi Qarabağı regionda investisiya üçün cəlbedici mərkəzə çevirir. Eyni zamanda, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri innovativ yanaşmaların tətbiq olunması ilə Qarabağın gələcək inkişafını təmin edir və burada yaşayanların həyat səviyyəsini yüksəldir.
Bütün bu proseslər Azərbaycanın beynəlxalq platformalarda fəal iştirakını və regional inteqrasiyanı daha da gücləndirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Qarabağda keçirilən beynəlxalq tədbirlər və görülən işlər Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün dünyada qəti şəkildə qəbul edildiyini göstərir. Bu, həm də regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması üçün əsas şərtdir.
Nəticə olaraq, Prezident İlham Əliyevin strateji rəhbərliyi və Azərbaycanın çoxşaxəli xarici siyasəti Qarabağı yalnız ərazi bütövlüyünün bərpası kimi deyil, həm də bölgədə sülh, sabitlik və iqtisadi inkişafın simvoluna çevirməkdədir. Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü bu dönüşümün, həmçinin Azərbaycanın regionda və beynəlxalq səviyyədə oynadığı aparıcı rolun ən bariz nümunəsidir.
Azərbaycan artıq passiv tərəfdaş deyil, öz iradəsi, gücü və strateji baxışı ilə yeni reallıqları formalaşdıran, regionda və dünyada nüfuzlu liderə çevrilib. Qarabağda başlayan bu yeni era yalnız Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın gələcəyinə ümid və perspektiv gətirir. Azərbaycanın apardığı siyasət, reallaşdırdığı layihələr və beynəlxalq əlaqələr regionun dayanıqlı inkişafı və sülhü üçün mühüm zəmin yaratmaqda davam edir.
Daşqın Cəbiyev,
Salyan rayonu Şorsulu kəndi, YAP fəalı