Müstəqilliyin zəmanəti: güclü Ordu, güclü Azərbaycan
Hər bir müstəqil dövlətin dayağı onun xalqı, torpağı və bu torpağı qoruyan ordusudur. Tarix boyu güclü dövlətlər məhz güclü orduya söykənmiş, zəif ordular isə dövlətləri zəiflətmişdir. "Güclü dövlətin güclü ordusu olmalıdır" fikri sadə bir çağırış deyil – bu, Azərbaycan Respublikasının quruluş fəlsəfəsinin, milli təhlükəsizlik strategiyasının və dövlətçilik ideyasının əsasında dayanan prinsipial yanaşmadır.
Azərbaycanın dövlət müstəqilliyi bərpa edildiyi ilk illərdə bir çox çətinliklərlə üz-üzə qaldı. Xaos, siyasi böhran, iqtisadi tənəzzül və xarici təhdidlər – bütün bunların qarşısında zəif düşmüş dövlət yalnız bir liderin - Ulu Öndər Heydər Əliyevin iradəsi ilə yenidən dirçəldi. O deyirdi: “Bizim üçün ən vacib vəzifə güclü dövlət qurmaqdır. Güclü dövlətin də dayağı güclü ordudur.”
Məhz bu strateji yanaşma ilə ordu quruculuğu yeni mərhələyə qədəm qoydu. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın Silahlı Qüvvələri nizami sistemə salındı, hərbi məktəblər yenidən təşkil olundu, beynəlxalq hərbi əməkdaşlıqlar quruldu və ilk növbədə xalqda orduya inam bərpa edildi. Bu gün onun təməlini qoyduğu ordu siyasəti Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir.
Güclü ordu dedikdə yalnız döyüş texnikası və əsgərlərin sayı nəzərdə tutulmur. Bu həm də xalqla ordu arasında birlik, mənəvi bağ və ümumi ideologiya deməkdir. Azərbaycan Ordusu bu gün yalnız hərbi struktura çevrilməyib – o, eyni zamanda xalqın etimadını daşıyan, dövlətin suverenliyini qoruyan bir institutdur. Prezident, Ali Baş Komandan İlham Əliyev bu məsələni daim xüsusi vurğulayır: “Güclü ordu olmadan müstəqillik əbədi ola bilməz.”
Onun rəhbərliyi altında Azərbaycan Ordusu təkcə bölgədə deyil, beynəlxalq miqyasda nüfuzlu və hesablaşılan bir qüvvə kimi tanınır. 2003-cü ildən bu günə qədər görülən tədbirlər – hərbi modernizasiya, yüksək texnologiyaların tətbiqi, xaricdə təhsilli zabit heyəti və ən əsası, döyüş ruhu ilə formalaşan əsgər korpusu – güclü və müasir ordunun əsas dayaqlarıdır.
Azərbaycan Ordusunun qüdrəti 2020-ci ilin payızında bütün dünyaya sübut olundu. 44 günlük Vətən müharibəsində Ordumuz ərazi bütövlüyümüzü bərpa etdi, işğal altında olan şəhər və kəndlərimizi azad etdi, illərdir davam edən ədalətsizliyə son qoydu. Bu müharibə güclü dövlətin, xalq-ordu birliyinin və mükəmməl hərbi strategiyanın təntənəsi idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu XXI əsrin çağırışlarına cavab verən, döyüş meydanında müasir texnologiyalarla qələbə qazanan qalib orduya çevrildi. Şuşanın azad olunması ilə başa çatan bu zəfər təkcə hərbi deyil, siyasi, mənəvi və tarixi əhəmiyyət daşıyır.
Vətən müharibəsindən sonra da dövlətimiz ordu quruculuğunu dayandırmadı. 2023-cü ilin 19 sentyabr tarixində keçirilmiş lokal antiterror tədbiri ilə Azərbaycan dövləti öz ərazisində qalan qanunsuz silahlı birləşmələri neytrallaşdıraraq tam suveren nəzarəti təmin etdi. Bu əməliyyat yalnız hərbi yox, həm də diplomatik və hüquqi cəhətdən də güclü bir dövlətin necə qərarlı və dəqiq hərəkət etdiyinin nümunəsi oldu. Bu qətiyyətin və zəfərin arxasında isə güclü ordu dayanırdı.
Bu gün biz 26 İyun – Silahlı Qüvvələr Gününü yalnız bir bayram kimi deyil, bir qürur və etimad günü kimi qeyd edirik. Azərbaycan xalqı Ordusuna güvənir, çünki Ordusu da xalqına arxalanır. Güclü dövlətin güclü ordusu olmalıdır – bu sözlər artıq şüar yox, Azərbaycan gerçəkliyidir. Biz bilirik ki, güclü ordu – təhlükəsizlik, sabitlik, müstəqillik və gələcək deməkdir. Bu ordu bizi qoruyur, tariximizi yaşadır, gələcəyimizi qurur.
Ordu – sadəcə silah tutan əsgər deyil, Vətənin keşiyində dayanan qeyrət, şərəf və məsuliyyətdir. Güclü dövlət olmaq istəyiriksə, güclü ordunu daim qorumalı, dəstəkləməli və inkişaf etdirməliyik. Azərbaycan bunu bacardı. Və bu gün biz tam əminliklə deyə bilərik:
Azərbaycanın güclü dövləti var!
Azərbaycanın güclü ordusu var!
Və bu ordunun bayramı – xalqın bayramıdır!
Tural Məlikov,
YAP Salyan rayon təşkilatının əməkdaşı