Ulu Öndər Heydər Əliyevin dövlət modeli: Müstəqil, bütöv və güclü Azərbaycan
Tarix yalnız keçmişi anmaq deyil, həm də gələcəyə gedən yolu tanımaqdır. 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının tarixində həm bir dönüş nöqtəsi, həm də qurtuluşun və quruculuğun başlanğıcıdır. Bu günün dərin mənası təkcə siyasi sabitliyin bərpası ilə məhdudlaşmır – bu gün eyni zamanda gələcəyin təməlini qoyan bir iradənin – Heydər Əliyev iradəsinin təntənəsidir.
XX əsrin sonlarında Azərbaycanın üzləşdiyi böhranlı dövr yalnız bir liderin – dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti ilə aradan qaldırıldı. Lakin o yalnız ölkəni xilas etmədi – Azərbaycanın gələcək modelini – azad, müstəqil, suveren və bütöv bir dövlət kimi inkişaf etmiş respublikanı hədəf göstərdi. O deyirdi: "Mənim həyatımın məqsədi Azərbaycanın müstəqilliyini qorumaq, onu əbədi etməkdir." Bu gün biz əminliklə deyə bilərik ki, müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.
1993-cü ilin iyununda Azərbaycanın dövlətçiliyi uçurumun astanasında idi. Daxili siyasi böhran, idarəolunmazlıq, separatçılıq meylləri və xarici təzyiqlər müstəqil Azərbaycanı məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya qoymuşdu. Xalq ümidini itirmiş, dövlətçiliyə inam sarsılmışdı. Belə bir məqamda tarix səhnəsinə bir daha Heydər Əliyev çıxdı – xalqın çağırışı ilə Bakıya qayıtdı, Ali Sovetin Sədri seçildi və bununla da ölkədə yeni bir mərhələ başlandı.
Milli Qurtuluş ideyası yalnız bugünkü sabitliyin yox, həm də gələcək inkişaf modelinin əsasını qoydu. Heydər Əliyevin rəhbərliyi ilə dövlət strukturları bərpa edildi, hüquqi islahatlar başlandı, ordu quruldu, iqtisadi strategiya formalaşdı. Lakin onun baxışları bu çərçivədən kənara çıxırdı – o, tarix qarşısında böyük bir məsuliyyət daşıyaraq Azərbaycanın gələcəyini layihələndirirdi.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin qurmaq istədiyi Azərbaycan modeli milli dövlətçilik ideyalarına, tarixi ənənələrə və müasir çağırışlara əsaslanan, strateji baxımdan dərin düşünülmüş və gələcəyə hesablanmış bir konsepsiya idi. Bu modelin mərkəzində güclü dövlət, azad və rifahlı cəmiyyət, ərazi bütövlüyü və müstəqil siyasət dayanırdı. Ulu Öndərin baxışına görə, müstəqillik sadəcə siyasi status deyil, xalqın mənəvi bir dəyəri, milli kimliyin əsas dayağıdır. Bu müstəqilliyin qorunması və dönməz xarakter daşıması üçün o, hüquqi, iqtisadi və siyasi əsasların möhkəmləndirilməsinə xüsusi önəm verirdi. Məhz onun rəhbərliyi ilə qəbul edilən Konstitusiya, dövlət institutlarının formalaşması və idarəetmə sisteminin yenilənməsi bu yolun təməlini qoydu.
Heydər Əliyev üçün Azərbaycanın ərazi bütövlüyü heç vaxt müzakirə mövzusu olmamışdır. O, daim vurğulayırdı ki, Azərbaycanın bütün torpaqları bütövdür və bu prinsipdən heç zaman geri çəkilmək olmaz. Bu möhkəm iradə və prinsipial mövqe gələcəkdə ərazi bütövlüyümüzün tam bərpası ilə nəticələndi.
Dövlətin dayanıqlığının əsas sütunlarından biri kimi ordu quruculuğuna da xüsusi önəm verilirdi. Peşəkar, vətənpərvər və müasir tələblərə cavab verən ordu modelinin yaradılması Ulu Öndərin əsas hədəflərindən biri idi. Bu ordu sonradan Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi zəfərlərə imza atdı və Azərbaycanın suverenliyini tam bərpa etdi.
Heydər Əliyevin Azərbaycan modeli həmçinin insanı və vətəndaşı əsas götürən, sosial rifahı, hüquq və azadlıqları təmin edən bir dövlət konsepsiyasına əsaslanırdı. O, demokratik dəyərlərin, sosial ədalətin və vətəndaş cəmiyyətinin inkişafını dövlət siyasətinin ayrılmaz tərkib hissəsi kimi qəbul edirdi.
Bütün bu istiqamətlər birlikdə Ulu Öndərin müəyyən etdiyi Azərbaycan modelinin əsas dayaqlarını təşkil edir. Bu gün müstəqil Azərbaycan məhz həmin model üzərində inkişaf edir, güclənir və dünyada öz layiqli yerini möhkəmləndirir.
Bu gün Ulu Öndərin siyasi xətti möhkəm və inamla davam etdirilir. Prezident İlham Əliyev atasının yaratdığı təməllər üzərində güclü Azərbaycan qurmağa nail olub. Bu yolun zirvəsi isə 2020-ci ildə Vətən müharibəsində əldə olunan Qələbədir.
Azərbaycan Ordusu 44 gün ərzində düşməni məğlub etdi, Qarabağ və Şərqi Zəngəzur işğaldan azad olundu. 2023-cü ilin sentyabrında keçirilmiş lokal antiterror tədbirləri nəticəsində isə ölkənin suverenliyi tam bərpa edildi. Bu, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunun gerçəkləşməsi idi.
Bugünkü reallıqlar onu göstərir ki, müasir Azərbaycan artıq işğala məruz qalan yox, qalib bir dövlətdir. Artıq ölkəmiz regionda söz sahibidir, iqtisadiyyatı dinamik inkişaf edir, beynəlxalq əməkdaşlıqlar genişlənir və milli maraqlara əsaslanan siyasət həyata keçirilir.
Ulu Öndər Heydər Əliyevin irsi bu gün yalnız tarix kitablarında və rəsmi sənədlərdə deyil – xalqın yaddaşında, gənclərin ruhunda, Azərbaycan dövlətinin siyasətində yaşayır. Onun ideyaları ilə böyüyən bir nəsil artıq bu gün ölkəmizin əsas təməl daşıdır. Bu gün Azərbaycanın hər bir vətəndaşı əmindir ki, Ümummilli Lider Heydər Əliyevin yaratdığı dövlət modeli gələcək nəsillərin də inkişaf və rifah təminatıdır.
“15 İyun – Milli Qurtuluş Günü” sadəcə bir qayıdış deyil, Azərbaycanın azadlıqla sabaha irəlilədiyi gündür. Bu gün biz tam əminliklə deyirik: Heydər Əliyevin arzuladığı Azərbaycan artıq reallıqdır. Müstəqil, suveren, ərazi bütövlüyü təmin olunmuş, güclü və qalib bir Azərbaycan – bu, onun siyasi iradəsinin, xalqına olan sevgisinin və fədakar mübarizəsinin nəticəsidir.
Səməd Zeynalov,
Salyan rayon Qarabağlı 1 saylı kənd tam orta məktəbin müəllimi, YAP fəalı