Bir Qurtuluşun Tarixi: Xilaskarlıqdan Müstəqil Gələcəyə
Tarixin bəzi anlarında bir xalqın taleyi bir şəxsiyyətin iradəsinə, uzaqgörənliyinə və cəsarətinə bağlanır. 1990-cı illərin əvvəllərində Azərbaycanın varlığı, bütövlüyü və gələcəyi məhz belə bir seçim qarşısında idi. Müstəqilliyini yenicə qazanmış, lakin xaosun, anarxiyanın, vətəndaş qarşıdurmasının girdabında sürətlə zəifləyən bir dövləti xilas etmək üçün güclü liderə ehtiyac vardı. Bu məqamda xalq Heydər Əliyevə üz tutdu – yalnız bir siyasətçiyə deyil, xilasa ümid simvoluna çevrilmiş şəxsiyyətə. Onun 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı yalnız siyasi dönüş nöqtəsi deyil, milli varlığın yenidən dirçəliş mərhələsi oldu. Bu qayıdışla Azərbaycanın süqut ehtimalı tarixə gömüldü, dövlətçiliyin təməli möhkəmləndi və gələcək zəfərlərin yolu açıldı.
Ulu Öndərin xilaskarlıq missiyası bir neçə mərhələdə reallaşdı. İlk mərhələdə ölkənin fiziki və siyasi parçalanmasının qarşısı alındı. Gəncənin, Lənkəranın, Zəngilanın və digər bölgələrin silahlı qarşıdurma məkanına çevrildiyi bir dövrdə dövlət institutlarının dağılması təhlükəsi reallaşırdı. Ulu Öndər Heydər Əliyev ölkədə sabitliyi bərpa etdi, ordu üzərində nəzarəti gücləndirdi və siyasi strukturlaşdırmanı həyata keçirdi.
İkinci mərhələ – strateji dövlətçilik dövrü idi. 1995-ci ildə qəbul olunan Konstitusiya, qanunvericilik bazasının yaradılması, ordu quruculuğu və xarici siyasətdə balanslı mövqe, Azərbaycanın bir dövlət kimi dünya birliyinə inteqrasiyasını təmin etdi. Ulu Öndərin neft strategiyası isə milli iqtisadiyyatın dirçəldilməsi üçün möhkəm təməl yaratdı. O, Azərbaycanı beynəlxalq enerji xəritəsinin mərkəzinə çevirməklə, dövlət müstəqilliyini iqtisadi və geosiyasi zəminlə möhkəmləndirdi.
Ümummilli Lider Heydər Əliyev daim vurğulayırdı: “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır”. Lakin o, bu müstəqilliyin yalnız siyasi bəyanatla deyil, konkret fəaliyyət və iradə ilə qorunub saxlanacağını yaxşı bilirdi. Ulu Öndərin əsas hədəfi yalnız bugünü xilas etmək deyildi – o, gələcəyin Azərbaycanını qururdu.
Bu gün biz həmin gələcəyin reallığa çevrildiyini görürük. Prezident İlham Əliyev Ulu Öndərin siyasi irsini qorumaqla kifayətlənmədi – onu inkişaf etdirərək yeni zirvələrə ucaltdı. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Zəfər, Ümummilli Lider Heydər Əliyevin "Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu ola bilməz" prinsipinin həyatda təcəssümüdür. Prezident İlham Əliyev bu qələbə ilə yalnız ərazi bütövlüyünü bərpa etmədi, eyni zamanda Heydər Əliyev yolunun nə qədər uzaqgörən və strateji olduğunu bütün dünyaya sübut etdi.
Prezident İlham Əliyev Ulu Öndərin xilaskarlıq missiyasına belə qiymət verir:
“Əgər 1993-cü ildə xalq Heydər Əliyevi hakimiyyətə dəvət etməsəydi, bu gün biz müstəqil Azərbaycan dövləti haqqında danışa bilməzdik.” Bu, tarixin diktə etdiyi reallıqdır. Heydər Əliyevin Azərbaycanı xilas etməsi sadəcə bir böhrandan çıxış deyil, bir dövlətin yenidən doğulması idi.
Bu gün biz yalnız xatırlamırıq, biz yaşadırıq. Biz Ümummilli Lider Heydər Əliyevin xilaskarlıqla başladığı tarixi missiyanı, Prezident İlham Əliyevin qətiyyət və zəfərlə tamamladığı yol kimi qəbul edirik. Azərbaycan artıq öz taleyini özü müəyyən edən, sözünü dünyaya deyən, gələcəyi planlayan bir dövlətdir. Və bu yolun başlanğıcı 15 İyun 1993-cü ilə – Qurtuluş Gününə dayanır.
Mailə Hacıyeva,
Salyan şəhər 6 saylı uşaq bağçasının müdiri, YAP fəalı