Azərbaycan xalqının faciələri Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başlamışdır
Adı həmişə milli dövlətçiliyimiz, müstəqilliyimizlə qoşa çəkilən, fenomen siyasətçi kimi təcrübəsi daim öyrənilən Heydər Əliyev min ildən bir Tanrının insanlara bəxş etdiyi müdrik lider olduğunu fəaliyyəti ilə təsdiqləyən dahilərdən biri, bəlkə də birincisidir. Öndərlərə xas qətiyyəti, ən çətin məqamda xalqını arxasınca aparmaq qabiliyyətinə malik olduğunu respublikaya rəhbərliyinin hər iki mərhələsində təsdiqləyən Ulu Öndərin adının Azərbaycanla bir çəkilməsi xalqının öz dahi övladına məhəbbətinin ifadəsidir. Azərbaycanın müstəqilliyini xalqımızın tarixi nailiyyəti adlandıran Ulu Öndər bütün məqamlarda yaranan fürsətlərdən bacarıqla istifadə edərək suverenliyimizin əbədiliyi naminə bütün gücünü sərf etmişdir. “Mən çox sınaqlardan keçmiş bir adamam və həyatımı da özümə yox, xalqıma həsr etmişəm” söyləyən Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti maraqlı olduğu qədər mənalı, çətin, fədakarlıqlarla zəngindir. Ötən illərə nəzər salanda bir daha düşünürsən ki, bu bir cümlə ilə həyatının mənasını Azərbaycan xalqına, dövlətçiliyinə xidmətdə görən ümummilli lider Heydər Əliyevin ömür yolu əslində əsrlərə sığmayan bir salnamədir. Elə bir salnamə ki, daim öyrəniləcək, təcrübə məktəbi kimi araşdırılacaq. 1969-cu ildə ilk dəfə sovet Azərbaycanına rəhbərlik etməyə başlayanda İttifaqda geridə qalan respublikamızı ən qabaqcıl yerlərə yüksəldən Ulu Öndərin səyi nəticəsində ölkədə neft sənayesi inkişaf etdi, önəmli infrastruktur layihələri icra olundu. 1969-1982-ci illərdə bacarıqlı dövlət başçısı kimi özünü doğruldan Heydər Əliyevin rəhbərliyi ilə respublika çox böyük uğurlara imza atdı. Siyasi hazırlığı və rəhbərlik qabiliyyəti ilə fərqlənən ulu öndər Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Siyasi Büronun üzvü kimi də özünü doğrultdu. İttifaq səviyyəli məsul vəzifədə çalışdığı dövrdə də Azərbaycanla bağlı problemlər onun daim diqqətdə saxladığı məsələlər idi. Lakin hakimiyyətə gələn Mixail Qorbaçov kimi səriştəsizin şəxsi-qərəzliyi üzündən Kremldən uzaqlaşdırılan və istefa verməyə məcbur olan Heydər Əliyev əqli, zəkası, siyasi iradəsi ilə də üstünlüyünü təsdiqlədi. “Əlbəttə ki, belə bir müstəqil şəxsiyyətin, özü də sovet məkanında böyük nüfuza malik olan şəxsiyyətin mövcudluğu o vaxt öz imkanlarına inanmayan, təsadüf nəticəsində hakimiyyətin zirvəsinə qalxan şəxsin xoşuna gələ bilməzdi. Bir də əlbəttə ki, Heydər Əliyevin istefasını ona qarşı olan paxıllıq, qısqanclıq və digər mənfi xüsusiyyətlər şərtləndirdi” söyləyən cənab İlham Əliyev bildirir ki, məhz onun istefasından sonra Dağlıq Qarabağ problemi qaldırıldı. Mixail Qorbaçovun göstərişi əsasında ona qarşı çox ədalətsiz və çirkin kampaniya aparılsa da, insanların qəlbində Heydər Əliyev ümummilli lider və güclü şəxsiyyət kimi əbədiyaşarlıq qazanmışdı. Moskvadan Vətənə dönən Ümummilli Liderə olan xalq məhəbbətindən qorxuya düşən Kremlin nökərləri, Azərbaycanın rəhbərləri Heydər Əliyevin həyatı üçün təhlükə yaratdıqlarından Ulu Öndər Naxçıvana üz tutmağa məcbur olur. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Prezident İlham Əliyev müraciətində qeyd etmişdir: “Azərbaycan xalqının faciələri Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başlamışdır. 1987-ci ildə istefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmışdılar və Azərbaycan xalqının faciələri o gündən başlamışdır. Əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər”. Naxçıvanda işlədiyi müddətdə də Azərbaycan naminə önəmli addımlar atan müdrik siyasətçi müstəqilliyimizin əbədiliyini təsdiqləyən Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının, gerbinin, himninin bərpası ilə uzaqgörənliyini təsdiqlədi. Sovet İttifaqının saxlanmasına dair referendum Naxçıvanda keçirilmədi. Muxtar respublikanın adından “sovet, sosialist” sözləri çıxarıldı. Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi.
Zorla rəhbərliyə gələn AXCP-Müsavat iqtidarının Azərbaycana rəhbərliyi dövründə ölkədə yaranan gərginlik, Gəncə hadisələri xalqın həyatında dönüş nöqtəsi oldu. Ermənistanın elan olunmamış müharibəsi ilə üzləşən respublikada yaranan siyasi, hərbi böhran, iqtisadi tənəzzül ölkəmizin gələcəyi üçün çox böyük narahatlıq doğururdu. Məhz Ulu Öndərin səyi nəticəsində 1996-cı ildən sabitlik, inkişaf dövrü başladı. Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev bir çox önəmli təşəbbüslər irəli sürdü, dövlətçiliyin əsasları qoyuldu, azərbaycançılıq fəlsəfəsi ideoloji siyasətimizin əsas amili kimi təfəkkürlərdə formalaşdı. Azərbaycanın dövlətçilik tarixində 1993-2003-cü illər sabitlik, inkişaf illəri olmuşdur. Ulu öndər Heydər Əliyev bir daha göstərdi ki, ən ağır, böhranlı vəziyyətdən çıxış yolu var. O da qətiyyət, cəsarət, müstəqil siyasət və düşünülmüş addımlardır.
Nübar Əliyeva,
Salyan Rayon Heydər Əliyev Mərkəzinin direktoru