Azərbaycanın enerji diplomatiyası bundan sonra da milli maraqlara, regional sabitliyə və qlobal tərəfdaşlıqlara xidmət edəcəkdir" - DEPUTAT
"İyunun 2-də Bakı Ekspo Mərkəzində keçirilən Bakı Enerji Həftəsinin açılış mərasimi ölkəmizin enerji sahəsindəki strateji vizionunu, qlobal enerji təhlükəsizliyinə verdiyi töhfəni və Azərbaycanın mühüm enerji platformalarından biri kimi artan nüfuzunu bir daha nümayiş etdirdi" - bunu Sonxeber.az -a açıqlama verən deputat Günay Ağamalı deyib:
"Möhtərəm Cənab Prezident İlham Əliyevin bu mühüm tədbirdə iştirakı və çıxışı, ölkəmizin enerji sektorunda əldə etdiyi tarixi nailiyyətlərin, mövcud potensialın və gələcəyə yönəlmiş hədəflərin aydın ifadəsi oldu. Cənab Prezidentin çıxışı bir daha göstərdi ki, Azərbaycan yalnız karbohidrogen ehtiyatlarının ixracçısı deyil, həm də qlobal enerji keçidində etibarlı tərəfdaş, yaşıl enerji gündəliyinə sadiq olan qabaqcıl dövlətdir.
Bakı Enerji Həftəsi həm də beynəlxalq əməkdaşlığın genişləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və dayanıqlı enerji sistemləri üzrə strateji dialoqun formalaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Bu platformada təqdim olunan təşəbbüslər və planlar Azərbaycanın enerji siyasətinin uğurlu davamının bariz nümunəsidir. Bu mötəbər tədbir ölkəmizin enerji siyasətindəki uzaqgörənlik, sabitlik və inamlı liderliyin növbəti təntənəsi oldu.
Azərbaycanın enerji diplomatiyası bundan sonra da milli maraqlara, regional sabitliyə və qlobal tərəfdaşlıqlara xidmət edəcəkdir"