Yaşasın Azərbaycan-Türkiyə-Pakistan birliyi və qardaşlığı
Mayın 28-də Prezident İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirildi. Mürəkkəb dağlıq relyefdə yerləşən Laçın Beynəlxalq Hava Limanı işğaldan azad olunmuş ərazilərdə inşa edilən üçüncü beynəlxalq hava limanıdır. Laçın Beynəlxalq Hava Limanının açılışından sonra Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk və azərbaycanlı sərmayədarlar tərəfindən Qarabağ və Zəngəzur bölgələrində yaradılan ilk özəl kənd təsərrüfatı kompleksi olan “Dost Aqropark”da istehsal edilən məhsullara baxdılar. Qeyd edildi ki, kompleksdə “ağıllı kənd təsərrüfatı” texnologiyaları, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinə əsaslanan fəaliyyət qurulub. Aqroparkda hazırda 120 nəfər işlə təmin olunub. Tam işə düşdükdən sonra burada 500 nəfərə iş imkanı yaradılacaq.
Dövlət başçısı cənab İlham Əliyev sözügedən tədbirdə dost, qardaş Türkiyə və Pakistan liderlərinin iştirakını önə çəkərək vurğuladı ki, üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirirlər. Biz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk: “Bu gün ikinci üçtərəfli Zirvə görüşündə bir daha bizim strateji əməkdaşlığımız təsdiqləndi. İşğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən bugünkü mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürüdür. 30 il ərzində işğal altında qalan Laçın şəhərində bizim birgə olmağımız böyük rəmzi məna daşıyır. Çünki 44 günlük İkinci Qarabağ müharibəsi zamanı bizi Türkiyə və Pakistan dəstəkləmişdir. Türkiyənin və Pakistanın dəstəyi bizi ruhlandırırdı, bizə əlavə güc verirdi. Bu böyük siyasi və mənəvi dəstəyə görə biz hər zaman qardaş ölkələrin rəhbərlərinə, qardaş xalqlara minnətdarıq”.
Qeyd edək ki, Azərbaycan-Türkiyə münasibətləri tarixi, mədəni və etnik bağlar üzərində qurulmuş, zaman keçdikcə dərinləşərək müttəfiqlik səviyyəsinə yüksəlmiş strateji tərəfdaşlıq nümunəsidir. “Bir millət, iki dövlət” fəlsəfəsi bu münasibətlərin ideoloji və emosional təməlini təşkil edir. İki ölkə arasında əməkdaşlıq enerji, nəqliyyat, hərbi, müdafiə sənayesi, mədəniyyət, təhsil və diplomatiya sahələrini əhatə edir və regional təhlükəsizlik sisteminin formalaşmasında mühüm rol oynayır. 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında münasibətləri rəsmi müttəfiqlik səviyyəsinə çatdırdı. Bu sənəd yalnız iki dövlətin hərbi sahədə qarşılıqlı öhdəliklərini deyil, həm də siyasi, iqtisadi və mədəni sahələrdə birgə fəaliyyət mexanizmlərini müəyyənləşdirdi. Dövlət başçısı İlham Əliyev daim çıxışlarında Azərbaycan-Türkiyə münasibətlərindən bəhs edərkən bildirir ki, biz ölkələrimizi müstəqillik yolu ilə irəliyə aparırıq. Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik. Türkiyənin uğurlu inkişafı, ilk növbədə, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdır: “Mən də öz fəaliyyətimdə həmişə çalışmışam ki, Azərbaycan xalqının və dövlətinin milli maraqlarını müdafiə edim və Azərbaycanın müstəqil siyasətini təmin edim. Bizim aramızdakı qardaşlıq bütün Türkiyə və Azərbaycan xalqına örnək olmalıdır.”
Azərbaycan və Pakistan arasındakı münasibətlər də yalnız diplomatik əlaqələrdən ibarət deyil. Bu iki ölkə arasında çoxəsrlik qardaşlıq və dərin mənəvi bağlılıq mövcuddur ki, bu da onların beynəlxalq səviyyədə bir-birinə dəstəyini daha da gücləndirir. Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olmaqla yanaşı, həm də keçmiş Qarabağ münaqişəsində Azərbaycanın haqq səsini dünyaya çatdıran önəmli tərəfdaşdır. 2020-ci il Vətən müharibəsində Pakistanın Azərbaycanın yanında olması, siyasi dəstək verməsi qardaşlıq əlaqələrinin ən parlaq nümunəsidir. Bu hadisə həm də iki ölkənin strateji tərəfdaşlıq baxımından nə qədər möhkəm bağlandığını nümayiş etdirdi.
Səidə Əliyeva,
Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, YAP fəalı