Türk Dünyasının Güclənən Birliyində Azərbaycanın Rolu
Türk Dövlətləri Təşkilatı (TDT) bu gün ortaq tarixə, dilə, mədəniyyətə və milli dəyərlərə əsaslanan, lakin təkcə mədəni bağlılıqla məhdudlaşmayan, siyasi, iqtisadi və strateji baxımdan da əhəmiyyətli bir geosiyasi birlikdir. Bu təşkilat Avrasiyanın böyük bir hissəsini əhatə edən, yüz milyonlarla insanı birləşdirən, öz gücünü həm ortaq köklərindən, həm də gələcəyə yönəlmiş strategiyasından alan unikal bir platformadır.
Azərbaycan, TDT-nin bu yüksəlişində mühüm və aparıcı rol oynayan dövlətdir. Təkcə coğrafi baxımdan deyil, həm də siyasi iradəsi, iqtisadi potensialı və diplomatik nüfuzu ilə bu birliyin sütunlarından biri kimi çıxış edir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan, Türk dövlətləri arasında əməkdaşlıq üçün yeni körpülər salır, təşkilat daxilindəki həmrəyliyi gücləndirir və birliyin beynəlxalq aləmdə qəbul olunmasına ciddi töhfə verir.
2025-ci il mayın 21-də Budapeştdə keçirilən TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü Türk dünyasının gələcək inkişafına dair strateji istiqamətlərin müəyyənləşdirilməsi baxımından mühüm hadisə oldu. Bu görüşdə Prezident İlham Əliyev bir daha Azərbaycanın təşkilatdakı rolunu, Türk dövlətləri arasında birliyin gücləndirilməsinin vacibliyini və bu birliyin beynəlxalq arenada yaratdığı müsbət təsirləri diqqətə çatdırdı.
Prezidentin çıxışında səsləndirdiyi, “Təxminən 200 ölkənin yekdil qərarı ilə 2024-cü ilin noyabr ayında Azərbaycanda COP29 kimi mötəbər konfrans keçirilmişdir” fikri sadəcə bir diplomatik nailiyyətin xatırlanması deyildi. Bu fikir, əslində, Azərbaycanın beynəlxalq miqyasda qazandığı nüfuzun, qlobal güc mərkəzləri ilə bərabərhüquqlu tərəfdaşlıqlar qura bilməsinin, və ən əsası, Türk dünyasının da artıq beynəlxalq qərarların formalaşdırılmasında iştirak edən qüvvəyə çevrildiyinin sübutu idi.
Bu gün Azərbaycan TDT-nin ideoloji və siyasi baxımdan dinamik mərkəzlərindən biri kimi çıxış edir. Müstəqil xarici siyasəti və güclü dövlətçilik ənənəsi ilə Azərbaycan bu gün türk dövlətləri arasında həmrəyliyin nümunəsini yaradır. Azərbaycanın təşəbbüsü ilə keçirilən Zirvə görüşləri, ortaq layihələr və siyasi platformalar türk dünyasının real və praktiki şəkildə inteqrasiyasına xidmət edir.
Bununla yanaşı, Azərbaycan iqtisadi, enerji və nəqliyyat layihələri ilə təşkilat daxilində strateji əlaqələrin dərinləşməsinə təkan verir. Xüsusilə Zəngəzur dəhlizi kimi böyük layihələr türk dövlətlərini birləşdirən fiziki və siyasi infrastrukturun əsasını təşkil edir. Bu dəhliz yalnız Azərbaycanla Naxçıvanı deyil, eyni zamanda Orta Asiya türk respublikalarını Türkiyə vasitəsilə Avropaya birləşdirəcək və Türk dünyasının qlobal ticarət axınlarına çıxışını təmin edəcək.
TDT-nin beynəlxalq sistemdə nüfuzunun artması, üzv dövlətlərin dünya siyasətində getdikcə daha çox söz sahibi olmasından xəbər verir. Azərbaycanın COP29-a ev sahibliyi etməsi və bu tədbirə 200-ə yaxın ölkənin yekdil razılığı ilə seçilməsi bu nüfuzun konkret təzahürüdür. Belə bir beynəlxalq konfransa rəhbərlik etmək təkcə ekoloji məsələdə liderlik deyil, həm də diplomatik prestijdir. Bu prestij, Türk Dövlətləri Təşkilatının özünü beynəlxalq sistemin ayrılmaz və konstruktiv iştirakçısı kimi göstərmək imkanlarını artırır.
Azərbaycanın bu uğuru bütün türk dünyasının uğurudur. Prezident İlham Əliyevin Budapeştdəki çıxışında qeyd etdiyi kimi, bu tədbirin Azərbaycanda keçirilməsi yalnız milli deyil, həm də ortaq türk kimliyinin, ortaq maraqların tanınması baxımından tarixi əhəmiyyət daşıyır.
Azərbaycan həm də mədəni inteqrasiyanın daşıyıcısıdır. TÜRKSOY-la əməkdaşlıq, ortaq tarix dərsliklərinin hazırlanması, türk dünyası yazarlarının, sənətçilərinin qarşılıqlı təqdimatı və digər mədəni layihələr, bu birliyin sadəcə siyasi deyil, həm də mədəni bir gücə çevrilməsinə xidmət edir.
Bütün bu fəaliyyətlər nəticəsində Türk birliyi artıq sadəcə çağırış və ideya səviyyəsində deyil, konkret siyasi, iqtisadi və diplomatik reallıqlar səviyyəsində formalaşan bir güc mərkəzidir. Azərbaycan isə bu güc mərkəzinin lokomotivi rolunda çıxış edir.
Azərbaycan bu gün Türk dünyasında öz tarixi, siyasi və iqtisadi çəkisinə uyğun olaraq aparıcı rol oynayır. Prezident İlham Əliyevin Budapeştdə vurğuladığı fikirlər, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunu, Türk Dövlətləri Təşkilatının isə artıq regional deyil, qlobal əhəmiyyət daşıyan bir birlik olduğunu nümayiş etdirir.
Bu gün Türk birliyi ideya deyil, prosesdir. Bu prosesin önündə isə Azərbaycan dayanır – keçmişin mirasına sahib çıxaraq, gələcəyin konturlarını cızan lider ölkə kimi.
Qurban Rzayev,
YAP Salyan rayon təşkilatının ərazi partiya təşkilatı sədri