İşğaldan azad olunmuş torpaqlarımızda heyvandarlığın çox böyük perspektivləri var
İşğaldan azad olunmuş torpaqlarımızda kənd təsərrüfatının bərpası və inkişafı hazırda qarşımızda duran əsas vəzifələrdəndir.
Azad olunmuş torpaqlarda kənd təsərrüfatının bərpası perspektivləri həm bitkiçilik, həm də heyvandarlıq üzrə mövcuddur. Amma qiymətləndirmələr göstərir ki, bu region heyvandarlıq sahəsi üçün daha böyük potensiala malikdir. Kəlbəcər, Laçın, Qubadlı, Zəngilanda böyük yaylaqlar, otlaq sahələrinin mövcudluğu bölgənin heyvandarlıq potensialını artırır. Ağdam, Füzuli, Cəbrayıl rayonlarının da heyvandarlıq üçün böyük yem bazası imkan verir ki, rayonlarda heyvandarlıq sürüləri bərpa olunsun. Heyvandarlığın bərpası hesabına regionda ət və süd istehsalının artımının, ölkə miqyasında ərzaq məhsullarının təminatına təsir edəcək həcmdə olacağı proqnozlaşdırılır.
Prezident İlham Əliyev İsmayıllı rayonuna səfəri zamanı Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bu sahəyə xüsusi diqqət çəkmişdir: “Şərqi Zəngəzur və Qarabağda kənd təsərrüfatının inkişafı ən müasir əsaslar üzərində qurulmalıdır. Kəlbəcər, Laçın, Zəngilan rayonlarında heyvandarlığın çox böyük perspektivləri var. Biz vaxt itirmədən artıq ikinci ildir ki, çobanları qoyun sürüləri ilə artıq oraya göndərmişik və bunun nəticəsini görürük. Arıçıları göndərmişik. Artıq Kəlbəcər, Laçın rayonlarında yol boyunca yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür. Artıq biz bal ixracatçısına çevrilmişik”.
Bəli, cənab Prezidentin də qeyd etdiyi kimi Kəlbəcər və Laçın rayonlarında heyvandarlığın inkişafı üçün böyük potensial mövcuddur. İşğaldan əvvəlki dövrdə bu yaylaqlar Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən təsərrüfatların əsas köç yeri olub. 30-dan çox rayonun təsərrüfatları mövsüm ərzində Kəlbəcərin Sarıyer, Söyüdlü, Qoşdaş yaylaqlarına, həmçinin Laçın rayonunun yaylaqlarına köç edib. Torpaqlarımız işğaldan azad edildikdən sonra artıq ikinci ildir ki, qoyunçuluq təsərrüfatlarının Kəlbəcər yaylaqlarına köçü təşkil olunur. Bu ərazilərin yaylaqlarının təbiəti, zəngin ot ehtiyatı, minerallarla zəngin suları bu təsərrüfatlarda məhsuldarlığın artmasına kifayət qədər təsir göstərmiş olacaqdır.
Ötən il pilot layihə çərçivəsində ilk dəfə Kəlbəcər yaylaqlarına 10 min başa yaxın xırda və iribuynuzlu heyvanın köçürülməsi təmin edilmişdir. Bu il isə yaylaqlara 300 mindən çox heyvan aparılıb. 2022-ci ildə azad olunmuş bütün ərazilərdən olan rayonların fermerlərinə öz qoyunçuluq təsərrüfaltarını Kəlbəcər və Laçın yaylaqlarına aparmağa icazə verilib. Hazırda Kəlbəcər və Laçın yaylaqlarına qoyunçuluq və arıçılıq təsərrüfatlarının köçürülməsi davam edir.
İşğaldan azad edilmiş torpaqlarda heyvandarlığın inkişaf etdirilməsi hesabına ət istehsalının artırılması mühüm əhəmiyyət daşıyır. Bu, həm də ərzaq təhlükəsizliyi, daxili bazarın ekoloji təmiz, keyfiyyətli ət və ət məhsulları ilə təmin olunması baxımından vacibdir. İşğaldan azad olunmuş torpaqlarda kənd təsərrüfatı dirçəldikdən sonra Qarabağda əsas aparıcı sahələrdən biri heyvandarlıq məhsullarının, o cümlədən ət istehsalı olacaq. İşğaldan azad edilmiş rayonlarda ildə 30 min ton ət istehsalı proqnozlaşdırılır ki, bu da ölkənin özünü ətlə təminetmə səviyyəsinin yüksəlməsi və idxalın əvəzlənməsi baxımından əhəmiyyətli rəqəmdir. Bu rayonlarda kənd təsərrüfatı dirçəldikdən sonra Azərbaycan özünü mal, qoyun və keçi əti ilə tam təmin edə biləcək.
YAP Salyan rayon Təşkilatının
DAİM Ərazi Partiya Təşkilatının sədri Taryel Atamalıyev