Biz xoşbəxt laçınlılarıq, bugünkü günləri görürük
Mahir Abbaszadə: "Prezidentin laçınlılar üçün belə bir anonsu bizim üçün böyük qayıdışın sevincidir”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin regionlara növbəti səfəri çərçivəsində avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsi ölkə ictimaiyyətində növbəti qayıdış sevinci və güvən hissi yaratdı. Həmin müsahibədə ölkə başçısı postmünaqişə reallıqları fonunda baş verən son hadislərə toxunub. Prezidentin çıxışında dediyi bu fikirlər xüsusilə diqqət çəkib: “Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən artıq Dövlət Qaçqınkoma göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar. Biz yaxın zamanlarda onları öz doğma yerlərinə qaytaracağıq.“
Prezidentin bu sözləri Laçın, laçınlılar, bütövlükdə Azərbaycan üçün hansı əhəmiyyəti daşıyır və işğalçı qüvələrə hansı mesajdır?
Bu istiqamətdə Versus.az-a açıqlama verən Milli Məclisin Laçından olan deputatı Mahir Abbaszadə Prezidentin bu çıxışını 44 günlük müharibə, postmüharibə dövrünün reallıqları fonunda cərəyan edən mühüm bir prosesin nəticəsi kimi dəyərləndirib.
M.Abbaszadə bildirib ki, məlumdur ki, Azərbaycan 44 günlük Vətən Müharibəsində böyük qələbə əldə etdikdən sonra Azərbaycan- Rusiya prezidentlərinin, Ermənistan baş nazirinin birgə imzaladığı sazişə əsasən Qarabağda yaşayan etnik ermənilərin Ermənistanla gediş-gəlişini təmin etmək məqsədi ilə Laçın rayonunun şəhər mərkəzindən keçməyərək yeni bir karidorun çəkilişi ilə bağlı razılıq əldə edilmişdi:
“Həmin sazişə uyğun olaraq Azərbayan bu yolu yaxın 3 il ərzində çəkib istifadəyə verməyi öz öhtəsinə götürmüşdü. Artıq Azərbaycan tərəfi 9 noyabr bəyannaməsinin müddəlarına uyğun olaraq yeni yolun çəkilişini həyata keçirdib və bizdə olan məlumata görə artıq avqust ayından bu məsələlər öz müsbət həllini tapmaqdadır. Hazırda Laçından Ermənistana çəkilən yeni yol keyfiyyət baxımından dünya standartlarına uyğundur. Azərbaycan tərəfi bu yolun çəkilişi ilə məşğul olur və hətta erməni bloggerləri, bəzi xəbər saytları da həmin yolun oduqca keyfiyyətli olduğunu etiraf edirlər”.
M.Abbaszadə bildirib ki, Ermənistan tərəfi bu yolun çəkilişi ilə bağlı müxtəlif təxribatlar həyata keçirir, prosesə maneə olmağa çalışırdılar. Onun sözlərinə görə, ermənilər bu yolun perspektivsizliyi, təhlükəli olduğu ilə bağlı təbliğat işləri aparsalar da, sonunda Azərbaycan tərəfinin dedikləri oldu:
“Möhtərəm prezidentin mətbuata verdiyi müsahibələrdən görünür ki, yaxın zamanlarda, avqust ayının sonlarında Laçın rayonun mərkəzində, Zabuxda, Susda fəaliyyət göstərən sülhməramlı qüvvələr artıq yeni yolun təhlükəsizliyi ilə bağlı fəaliyyətə başlayacaqlar. Belə olduğu təqdirdə Laçın rayonun şəhər mərkəzi, Sus, Zabux, Ağanis və digər kəndlər Azərbaycan tərəfinin nəzarətinə qaytarılacaqdır”.
M.Abbaszadə qeyd edib ki, müharibədən sonrakı müddətdə və 1992-ci ildə Laçın rayonu işğal edildikdən sonra Ermənistan tərəfindən Yaxın Şərq ölkələrindən gətirilərək ərazilərimizdə kifayət qədər qanunsuz ermənilər məskunlaşdırılıb:
“Ermənistan dövləti bəzi erməniləri aldadılaraq həmin ərazilərdə məskunlaşdırıb. İndi sülhməramlıların yeni yolun mühafizəsi ilə əlaqədar öz mövqelərini dəyişmələri ilə əlaqədar ermənilər də işğal etdikləri torpaqlardan çıxıb getməlidirlər. Təbii ki, Ermənistan tərəfi bu gedişi də müəyyən mənada ləngitməyə çalışır. Amma Azərbaycan tərəfinin qəti mövqeyi bir daha göstərir ki, biz cənab Prezidentin qeyd etdiyi kimi qarşıya qoyduğumuz bütün məqsədlərə zaman-zaman nail olmaqdayıq”.
Deputat bir laçınlı olaraq bu gün Laçın rayonu əhalisinin öz rayonuna, öz kəndinə, öz ata-baba yurduna qayıtmağı səbirsizliklə gözlədiyini qeyd edib:
“Həm rayon mərkəzinin şəhər əhalisi, həm Sus, Zabux, Ağanis və Laçının digər 125 kəndi öz yurdlarına qayıtmağı səbirsizliklə gözləyir. Möhtərəm Prezidentin televiziya ilə çıxışında "mən tapşırıq vermişəm ki, keçmiş məcburi köçkünlərin öz yerlərinə qayıtması üçün köçü təşkil edilsin" fikirləri bizim üçün çox böyük qələbə sevincidir. Cənab Prezidentin laçınlılar üçün belə bir anonslar verməsi, bizim üçün böyük qayıdışın sevincidir. Biz xoşbəxt laçınlılarıq ki, bugünkü günləri görürük. Bugünkü günlər isə Azərbaycanın gələcək inkişafından xəbər verir. Biz inanırıq ki, necə ki, Azərbaycanın qüdrətli ordusu, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi, Azərbaycan dövlətinin gücü ilə də bu ərazilərdə bərpa quruculuq proseslərini uğurla həyata keçiriləcək. Azərbaycan dövləti necə öz gücü ilə işğala məruz qalmış torpaqları azad etdi, eləcə də məcburi qaçqın düşmüş insanlarımız Azərbaycan dövlətinin dəstəyi ilə öz torpaqlarına qayıdacaq və bu ərazilərdə yaşıyıb-yaradacaqlar”.