Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görüldü.
Ölkəmizdə son illərdə cərəyan edən yeni proseslər yeni yanaşmanı və islahatları tələb edir. Hər zaman bunu diqqətdə saxlayan cənab Prezident mütəmadi olaraq ölkədə inkişafa, tərəqqiyə hesablanan yeni islahatlara start verir. Əbəs deyil ki İlham Əliyev cənabları beynəlxalq aləmdə həm də islahatçı lider kimi qəbul olunur. Bu uğurlu islahatların əsasında isə dövlət başçısının geniş dünya görüşü, zəngin intellektual potensialı və dərin düşüncə tərzi dayanır. Prezident İlham Əliyevin Azərbaycanı müasir və qüdrətli dövlətə çevirmək məqsədi konkret addımlarda, görülən işlərdədir. Son illərdə bütün regionlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra edilir və bunun nəticəsində artıq böyük işlər görülüb və davam etdirilməkdədir. Abadlıq, quruculuq, infrastruktur layihələri hazırda uğurla icra edilir. Bunun nəticəsində insanlarımızı uzun illər ərzində narahat edən problemlərin böyük hissəsi aradan qaldırılmışdır.
Azərbaycanın artan maliyyə imkanları şəhər və rayonlarımızla yanaşı artıq kəndlərimizin də simasının modern və ağıllı üslubda dəyişməyə imkan yaradıb. Layiqli həyat şəraitinin yaradılmasını prioritet elan edən cənab Prezident vətəndaş məmnunluğunun artırılmasını məmurların qarşısında bir nömrəli vəzifə elan edib.
Ölkəmizdə dayanıqlı inkişafın təmin edilməsində böyük rolu və payı olan bölgələrimizdə davamlı olaraq mühüm proqramlar və layihələr həyata keçirilir. Bölgələrdə elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yeni yolların çəkilməsi, içməli su ilə təminat, sosial infrastrukturun yenilənməsi, başlıcası isə yeni iş yerlərinin açılması və məşğulluğun təmini üçün layihələr uğurla icra olunur. Azərbaycan Respublikasınının Prezidenti İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu zamanı qeyd etmişdir ki, “siz daima insanlarla təmasda olmalısınız və bütün kəndlərə gedərək kənd camaatının qayğıları ilə maraqlanmalı və həlli üçün əlinizdən gələni əsirgəməməlisiniz”. Ölkə başçımızın Azərbaycana rəhbərlik etdiyi dövr ərzində daim diqqətdə saxladığı məsələlərdən biri də sosial ədalət prinsipidir. Əhalinin həssas təbəqəsini, şəhid ailələrinin, qazilərin ən böyük himayədarı olan dövlət başçısı onların sosial problemlərinin həlli, işlə təminatı üçün gərəkən bütün addımları atıb və bu işin yerlərdə də lazımi səviyyədə aparılması üçün müvafiq tapşırıqlar verir, görülən işləri nəzarətdə saxlayır.
“Hər bir dövlət məmurunun, nəinki dövlət məmuru, hər bir insanın borcudur ki, onlara arxa dayaq olsun” deyən cənab Prezident bir daha şəhid ailələrinə və qazilərə olan diqqət və qayğının dövlətimizin başlıca vəzifəsi olduğunu sübuta yetirmişdir.
Bu gün Azərbaycanın bütün bölgələrinin inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir. Reallaşdırılan nəhəng layihələr ilk növbədə ölkəmizin gücünün və qüdrətinin vətəndaşa verdiyi layiqli qiymətin göstəricisidir. Ötən müddət ərzində Azərbaycan xalqı hər zaman öz liderinə güvənmiş, inanmış, ona arxa və dayaq olmuşdur. Bu qarşılıqlı inam sayəsində xalq olaraq inanırıq ki, cənab Prezident İlham Əliyev xalqımızı və dövlətimizi bundan sonra da zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaqdır.
Samir Baxşiyev – YAP Siyəzən rayon təşkilatının sədri.