Türkiyənin dəstəyi Qələbəyə olan inamımızı daha da artırmışdır
27 sentyabr 2020-ci il tarixdə başlanan 44 günlük Vətən müharibəsində qardaş Türkiyə Azərbaycana qətiyyətli dəstək göstərdi və bu amil qələbəmizdə mühüm rol oynadı. Ümumiyyətlə, Türk Şurası ərazi bütövlüyümüzün bərpası məsələsində hər zaman ölkəmizə mənəvi və siyasi dəstək olub. Vətən müharibəsinin ilk günlərində təşkilatın yaydığı bəyanatda münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunmasının vacibliyi qeyd edilib. Şura müharibənin əvvəlindən sonunadək Azərbaycanın yanında oldu. Bütün bunlar göstərdi ki, Azərbaycanın şanlı qələbəsi bütün türk dünyasının zəfəridir. Azərbaycan və Türkiyənin bir-birinə dəstəyi digər türk ölkələrinə bir mesaj oldu. Türk dünyası ölkələrinə bir təhdid olarsa, bundan sonra birlikdə qərar almaq imkanı yaranır. Bu isə çox doğru addımdır.
Azərbaycan Prezienti cənab İlham Əliyev Zirvə Görüşündə çıxışı zamanı türk birliyinin əhəmiyyətindən, Vətən müharibəsində qazanılan qələbənin önəmindən ətraflı bəhs edib. Eyni zamanda Zəngəzur dəhlizinin türk dünyası üçün önəmi xüsusi vurğulanıb. Azərbaycan xalqı olaraq bizim üçün Prezident cənab İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin təqdim olunması çox qürurvericidir. Bu mükafat Türk Ölkələrinin Dövlət Başçıları Şurasının qərarı ilə dövlət başçısına təqdim olunub. Cənab İlham Əliyev bu ali mükafata Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə layiq görülüb. Biz öz Prezidentimizlə qürur duyuruq və inanırıq ki, dövləti başçısının fəaliyyəti yeni-yeni zəfərlərlə müşayiət olunacaq.
Aytac Məhərrəmli,
YAP Nizami rayon təşkilatının məsləhətçisi