Qoşulmama Hərəkatına sədrlik etmək üçün Azərbaycanın namizədliyinin yekdil şəkildə dəstəklənməsi təsadüfi deyil
Bir sıra dövlətlərin vaxtilə soyuq müharibə dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis etdiyi Qoşulmama Hərəkatı (QH) hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilmişdir. Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan QH konkret tarixi kontekstdə yaranmasına baxmayaraq, müasir dünyada da öz aktuallığını itirmir və Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. QH-nin yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. Qoşulmama Hərəkatının hazırda 120 üzvü, 18 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı özündə birləşdirməkdədir. Azərbaycan bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan balanslı siyasət həyata keçirir. Bu səbəbdən ölkəmiz müşahidəçi statusuna malik olduğu Qoşulmama Hərəkatına 2011-ci ildə tam hüquqlu üzv olmaq qərarını verib. Azərbaycan Respublikası 26 may 2011-ci il tarixində İndoneziyanın Bali adasında Hərəkata üzv olan dövlətlərin yekdil dəstəyini əldə edərək, həmin il Balidə keçirilmiş XVI Nazirlər Konfransında hərəkata qoşulub. Ölkəmizin ərazi bütövlüyü təşkilat çərçivəsində üzv-dövlətlər tərəfindən birmənalı şəkildə tanınıb və haqlı mövqeyimiz beynəlxalq səviyyəli məsələlərdə daim dəstəklənib.
Azərbaycan Qoşulmama Hərəkatının müxtəlif səviyyəli iclas və konfranslarında iştirak etmək və üzv ölkələrlə ikitərəfli münasibətlərini sıxlaşdırmaqla bu qurumun məqsəd və prinsiplərinə öz töhfəsini verir. Hərəkata üzv olduğumuz qısa müddət ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq ictimaiyyətin geniş dairələrində məlumatlılıq daha da artmış və təşkilatın daxili prosedur və sənədlərində Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə davamlı olaraq dəstək əks olunmuşdur. 4 may 2020-ci il tarixində Azərbaycan Respublikası Prezidenti və QH-nin hazırkı sədri cənab İlham Əliyevin təşəbbüsü əsasında Qoşulmama Hərəkatına üzv ölkələrin COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə Görüşü formatında video-konfransı təşkil olunmuşdur. Pandemiyanın əmələ gətirdiyi mürəkkəb beynəlxalq şəraitdə və dünya ictimaiyyəti tərəfindən beynəlxalq təşkilatların səmərəliliyi və çoxtərəfli diplomatiyanın gələcəyi sınağa çəkildiyi bir dövrdə Qoşulmama Hərəkatının hazırkı sədri qismində, ölkəmizin çoxtərəfliliyin təşviqi üzrə prioritetinə uyğun olaraq Azərbaycan Respublikası Prezidenti tərəfindən Hərəkatın koronavirusa qarşı mübarizə üzrə mümkün ən yüksək səviyyədə Təmas Qrupunun yaradılması və COVID-19 qlobal pandemiyasının QH üzv dövlətlərinə təsirinin qiymətləndirilməsi və onların ehtiyaclarının müəyyən olunması təşəbbüsü ilə çıxış etmişdir.
Nəticədə, 2020-ci ilin 3-4 dekabr tarixlərində BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı mübarizə mövzusunda xüsusi sessiyasının yüksək səviyyəli seqmenti təşkil olunmuş və həmin tədbirin açılış hissəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qoşulmama Hərəkatının sədri və bu xüsusi sessiyanın təşəbbüskarı qismində çıxış etmişdir. Xüsusi sessiyanın ümumi müzakirələrində 37 dövlət və 40 hökumət başçısı, 67 nazir çıxış etmiş və sessiyanın təşəbbüskarı olduğuna görə Azərbaycana və ölkə rəhbərliyinə təşəkkür ifadə etmişdir.
Ölkəmizin QH-yə sədrliyi dövründə gənclərlə iş sahəsinə də xüsusi diqqət ayrılmışdır. Belə ki, Azərbaycan sədrliyinin təşəbbüsü və təşkilatçılığı ilə 16-18 aprel 2020-ci il tarixlərində milli səviyyədə və 1-5 mart 2021-ci il tarixlərində beynəlxalq səviyyədə QH Modeli Simulyasiya Məşğələsi keçirilmişdir. Tədbirlər Hərəkatın tarixində ilk dəfə olaraq təşkil edilmiş və pandemiyadan irəli gələn məhdudiyyətlər səbəbindən virtual formatda baş tutmuşdur. Beynəlxalq səviyyədə təşkil olunmuş Simulyasiya Məşğələsində 4 qitədən 39 QH üzv dövlətini təmsil edən 60 gənc iştirak etmişdir.
4-5 oktyabr 2021-ci il tarixlərində Qoşulmama Hərəkatının Azərbaycan sədrliyinin təşəbbüsü əsasında Qoşulmama Hərəkatına üzv dövlətləri təmsil edən 100-dən çox gəncin iştirakı ilə QH Gənclər Şəbəkəsinin virtual təsis iclası keçirilmişdir. Gənclər şəbəkəsinin təsis edilməsi Qoşulmama Hərəkatının Bakı Zirvə Görüşü zamanı Hərəkata üzv dövlətlərin dövlət və hökumət başçıları tərəfindən qərara alınmışdır. Şəbəkə vasitəsilə Hərəkata üzv dövlətlərin gənclərinin öz davamlı inkişaflarının təmin edilməsi istiqamətində qarşılaşdıqları çətinliklər və həmin çətinliklərin vətəndaşları olduqları ölkələrin hökumətləri tərəfindən birgə şəkildə həlli imkanları ilə bağlı fikir mübadiləsi aparmaq imkanı əldə etmşdir. Şəbəkəyə rəhbərliyi Azərbaycan Respublikasının Qoşulmama Hərəkatını sədrliyi başa çatana qədər Azərbaycan nümayəndəsi edəcəkdir.
26 noyabr 2021-ci il tarixində Qoşulmama Hərəkatının Azərbaycan sədrliyinin təşəbbüsü əsasında Qoşulmama Hərəkatının Parlamentarilər Şəbəkəsinin təsis iclası keçirilmişdir. Qoşulmama Hərəkatının Bakı şəhərində keçirilmiş XVIII Zirvə Görüşü zamanı üzv dövlətlərin dövlət və hökumət başçıları tərəfindən Hərəkatın prinsip, ideya və məqsədlərinin həyata keçirilməsində parlamentarilərin konstruktiv rolunu nəzərə alınaraq QH üzv dövlətlərinin parlamentləri arasında əlaqələrin dərinləşdirilməsinə qərar verilmişdir. Şəbəkənin görüşlərinin əsasən Parlamentlərarası İttifaqın (IPU) iclasları çərçivəsində keçirilməsi nəzərdə tutulur.
QH-nin Parlamentarilər Şəbəkəsinin təsis edilməsi QH sədrliyimizin Hərəkata tarixi töhfəsi olmaqla yanaşı, ölkəmizin digər dövlətlərlə parlamentlərarası əməkdaşlığının inkişafına töhfə verən təşəbbüs olması baxımından əhəmiyyətlidir. 11-12 oktyabr 2021-ci il tarixlərində Belqradda Qoşulmama Hərəkatının təsis edilməsinin 60-cı ildönümü münasibətilə yüksək səviyyəli yubiley tədbiri keçirilmişdir. Tədbirdə 100-dən artıq nümayəndə heyəti, o cümlədən 6 dövlət və ya hökumət başçısı, QH üzv və müşahidəçi dövlətlərinin, o cümlədən xüsusi qonaq qismində dəvət olunmuş dövlətlərin 50-dən artıq xarici işlər naziri, BMT Baş Assambleyasının sədri və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş Katibi daxil olmaqla beynəlxalq təşkilatların rəhbər şəxsləri geniş şəkildə iştirak etmiş, BMT Baş Katibi tərəfindən video-müraciət ünvanlanmışdır.
Azərbaycan Respublikası Prezidentinin açılış nitqində təsis edilməsindən bəri Hərəkatın beynəlxalq münasibətlər sistemində oynadığı mühüm rol vurğulanmış, QH-nin əsasını təşkil edən Bandunq prinsiplərinin əhəmiyyətinə diqqət çəkilmiş, xüsusilə suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, digər dövlətlərin daxili işlərinə qarışmama kimi prinsiplərin müasir beynəlxalq münasibətlər sistemində aktuallığı və əhəmiyyəti vurğulanmışdır.
Azərbaycanın sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək məqsədilə 2011-ci ildə QH-yə qoşulması və qısa müddət ərzində Hərəkatın liderlərinin yekdil qərarı ilə QH sədri seçilməsi haqqında məlumat verən Dövlət Başçısı, Azərbaycan sədrliyinin prioritetləri və onların həyata keçirilmə statusu haqqında danışmış, həmçinin QH sədri qismində COVID-19 pandemiyası ilə bağlı irəli sürülmüş qlobal əhəmiyyətli təşəbbüslər barədə iştirakçıları məlumatlandırmışdır.
09-10 may 2012-ci il tarixlərində Misirin Şarm əl-Şeyx şəhərində Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun nazirlər səviyyəsində növbəti iclasında Yekun Sənədin qəbulu zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bənd də daxil edilmiş və QH üzv dövlətləri Ermənistan və Azərbaycan arasında münaqişənin dövlətlərin ərazi bütövlüyünə hörmət, ərazi bütövlüyünə qarşı güc tətbiq etməmək və beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməsinə dəstək ifadə etmişdir.
9 oktyabr 2020-ci il tarixində BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində keçirilmiş QH üzv dövlətlərinin xarici işlər nazirlərinin video-konfrans formatında iclası Ermənistanın ölkəmizə qarşı növbəti təcavüzü, yəni 44 günlük Vətən müharibəsi dövrünə təsadüf etdiyi üçün tədbirin gündəliyinə ayrıca “Bütün cəbhə boyu Azərbaycan Respublikasının silahlı qüvvələrinin mövqeləri və mülki yaşayış məntəqələrinə qarşı Ermənistan Respublikası tərəfindən silahlı hücum” başlıqlı bənd daxil edilmiş və həmin bənd altında Xüsusi Bəyannamə qəbul edilmişdir. Xüsusi Bəyannamədə QH-yə üzv dövlətlər Ermənistan-Azərbaycan münaqişəsində mülki şəxslər arasında itkilərlə müşayiət olunan toqquşmaların bərpasından narahatlıq ifadə etmiş, münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinə prinsipial dəstəklərini bir daha bildirərək, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəklərini vurğulamışdır. Bəyannamədə üzv dövlətlər Hərəkatın prinsipial mövqeyi əsasında Azərbaycan Respublikası ilə həmrəyliklərini bildirmişdir.
Bu gün reallıq ondan ibarətdir ki, Azərbaycan Respublikası Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiqdir. Ölkəmiz cənab Prezidentinin rəhbərliyi ilə bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan tarazlı siyasət həyata keçirir. Məhz Qoşulmama Hərəkatı tərəfindən ölkəmizə olan etimadın və dövlətimizin artan nüfuzunun göstəricisidir ki, qısa müddət ərzində üzv olmasına baxmayaraq, üzv dövlətlər tərəfindən yekdilliklə Azərbaycanın bu təşkilata sədrliyi dəstəklənib. Belə ki, 25-26 oktyabr 2019-cu il tarixində Bakı şəhərində Hərəkatın 18-ci dövlət və hökumət başçılarının Zirvə Görüşünə ev sahibliyi etmişdir. Tədbirdə 120 BMT üzv dövlətinin yüksək səviyyəli nümayəndələri və 42 beynəlxalq təşkilat nümayəndələri iştirak etmişdir. Bakı Sammiti ilə Hərəkatda Sədrlik 2019-2022-ci illər üzrə Azərbaycan Respublikasına keçmiş və bu Sədrlik uğurla davam etdirilmişdir. 30 iyun 2022-ci ildə Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı işə başlayıb. Hərəkatın növbəti sədri olacaq Uqandanın sədrliyi 1 il gec təhvil ala biləcəyini ifadə etməsindən sonra, QH üzv dövlətləri, Hərəkata uğurlu sədrliyini nəzərə alaraq Azərbaycanın əlavə 1 il müddətinə Hərəkata sədrlik etməsi ilə bağlı ölkəmizə müraciət etmiş, Azərbaycan tərəfi də Hərəkatın fundamental prinsiplərinə və dəyərlərinə olan sadiqliyini və mürəkkəb dövrdə Hərəkata səmərəli sədrliklə bağlı qazandığı dəyərli təcrübəni nəzərə alaraq, bu müraciətə müsbət cavab vermişdir. Beləliklə Azərbaycanın QH-yə sədrliyi 2023-cü ilə qədər uzadılmışdır.
Rəcəb Tağıyev, Yeniləşən Dövlətə Dəstək İctimai Birliyinin İmişli Rayon Təşkilatının sədrinin I müavini, YAP fəalı.