Qarabağ intibah dövürünü yaşayır
Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi yenidənqurma işləri bütün dünyanın diqqət mərkəzindədir. Qarabağımızın yenidən dirçəlişi, intibah dövrünü yaşaması hər bir Azərbaycan vətəndaşını qürurlandırır. Hazırda işğaldan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması istiqamətində nümunə göstəriləcək quruculuq işləri görülür. Yenidənqurma prosesində ölkəmizin hədəfi keyfiyyət və sürəti birləşdirməkdir.
Təsadüfü deyil ki, 27 iyun tarixində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı 11-ci sessiyasında çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən Vətən müharibəsindən sonra dayanıqlı şəhər inkişafının daha böyük dəyər kəsb etdiyini xüsusi vurğulayıb.
Ölkə başçımız sessiya iştirakçılarının diqqətinə çatdırdı ki, imzalanacaq sülh müqaviləsi bölgəni sülh və əməkdaşlıq regionuna çevirə bilər. Ermənistanın 30 illik işğalına baxmayaraq, Azərbaycan müharibə səhifəsini çevirmək, münasibətləri normallaşdırmaq və bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir.
Azərbaycan xalqı bütün istiqamətlərdə olduğu kimi azad edilmiş ərazilərdə yenidənqurma sahəsində də Cənab Prezident İlham Əliyevlə həmrəylik nümayiş etdirirək verilən qərarları alqışla qarşılayır. Amma bu sahədə beynəlxalq dəstək də mühüm əhəmiyyətə malikdir. Bu, Azərbaycanın öz nəcib fəaliyyətində tək olmadığı ilə bağlı inamı gücləndirəcək. Artıq Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə işğaldan azad olunan üç rayonumuzda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsi həyata keçirilib. Bu istiqamətdə daha çox beynəlxalq təşkilatların dəstəyini almaq üçün səylər davam etdirilir.
Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Hiroşiması” adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib.
Azərbaycan bu gün öz əzəli torpaqlarına yeni nəfəs vermək, ermənilərin viran qoyduğu kənd və şəhərlərimizi bərpa etmək üçün tam qüvvəsini səfərbər edib.
Bu şərəfli missiya o qədər asan olmasa da yenidənqurma sahəsində qısa müddətdə görülən işlər gələcəyə inamı artırır. Azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin birbaşa nəzarəti ilə həyata keçirilən tikinti, quruculuq işləri artıq öz bəhrəsini verməkdədir. Görülən işlərin miqyası və sürəti beynəlxalq mütəxəssislər tərəfindən çox yüksək qiymətləndirilir.
Qarabağ indi intibah dövrünü yaşayır. Vətənimizin bu dilbər guşəsi yenidən əvvəlki görkəminə qayıdacaq və dahada da gözəlləşəcək. Azərbaycan xalqının birliyi, Müzəffər Ali Baş komandanın ətrafında sıx birləşməsi düşmənlərimizin 30 il ərzində Qarabağa vurduğu yaralara məlhəm olacaq. Biz Şuşaya, Qarabağa həmişəlik qayıtmışıq! Qarabağ azərbaycandır!
Ramilə Seyidova- Siyəzən Rayon Mərkəzi Kitabxanasının şöbə müdiri