Azərbaycan Ordusu ölkəmizin sərhədlərini qorumaq üçün bütün imkanlara malikdir
Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri hazırda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz şərəfli missiyasını uğurla davam etdirir. Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Silahlı Qüvvələrimizin müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilən təlimlər, döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.
Bu gün Cənubi Qafqazın ən qüdrətli ordusu olan Silahlı Qüvvələrimiz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Ötən 18 ildə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan islahatlar və bunun nəticəsində baş verən keyfiyyət dəyişiklikləri Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğundakı davamlı fəaliyyətinin nəticəsidir.
AMEA Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov qeyd etdiyi bu məqamla bağlı daha sonra dedi:
–Azərbaycan Ordusu hərb tarixində yeni döyüş taktikalarının müəllifidir. Bəzi aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, bizim qarşımızda, hətta dünyanın ən aparıcı ölkəsi olsaydı belə, onun da heç bir şansı olmayacaqdı. Bu, o deməkdir ki, Azərbaycan Ordusu istənilən çətin vəzifəni icra etməyə qadirdir.
Prezident İlham Əliyev iyunun 26-da Kəlbəcərə səfəri zamanı komando qüvvələrinin hərbi hissəsinin təntənəli mərasimdəki çıxışında vurğulandığı kimi, Vətən müharibəsinin gedişi bu gün müxtəlif ölkələrin ali məktəblərinin hərbi dərsliklərində öyrənilir. Çox çətin relyefi olan ərazinin, Şuşa kimi alınmaz qalanın cəmi 44 gün ərzində işğaldan azad olunması ancaq Azərbaycan əsgərinin ruhu, gücü hesabına gerçəkləşməsi dünyada maraqla qarşılanır.
Həqiqətən də, hazırda İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri tərəfindən Azərbaycan Ordusunun hərbi əməliyyatlarının mənimsənilməsi zərurəti qeyd edilir.
Azərbaycan Silahlı Qüvvələrində ötən illər ərzində döyüş hazırlığı və manevr təcrübəsini artıran birgə hərbi təlimlərin keçirilməsi bu gün də diqqət mərkəzində saxlanılır. Qardaş Türkiyə ilə birgə reallaşdırılan hərbi təlimlər sayəsində Azərbaycan Ordusunun təcrübəsinin və taktik manevretmə səriştəsinin əsaslı şəkildə artırılması bunun bariz ifadəsidir.
Dövlətimizin başçısının Kəlbəcərə səfəri zamanı rayonda komando qüvvələrinin hərbi hissəsinin açılışı mərasimi də ordu quruculuğunun ölkəmizdə diqqət mərkəzində saxlandığının nümayişinə çevrildi. Xatırladım ki, hələ altı ay bundan əvvəl, dekabrın 24-də ilk belə bir hərbi hissə azad edilmiş Hadrutda istifadəyə verilmişdi. Prezident İlham Əliyevin iyunun 26-da Kəlbəcərə səfəri zamanı isə bu rayonda da komando qüvvələrinin hərbi hissəsi açıldı. Dövlətimizin başçısı bu münasibətlə keçirilən təntənəli mərasimdə çıxış edərək, dedi: “Bu gün Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsini açırıq. Bu, onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir”.
Prezident İlham Əliyev komando qüvvələrinin hərbi hissəsinin açılışı mərasimindəki çıxışında Ermənistanın revanşist qüvvələrinə də mesajlarını çatdırıb: “Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın”.