Milli Müdafiə Universiteti
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Milli Müdafiə Universiteti yaradılıb. Əvvəllər mövcud olan Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və digər xüsusi təyinatlı təhsil müəssisələri öz fəaliyyətlərini yeni yaradılan Milli Müdafiə Universitetinin nəzdində Hərbi Elmi-Tədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitutu, Heydər Əliyev adına Hərbi İnstitut, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Heydər Əliyev adına hərbi lisey, Cəmşid Naxçıvanski adına hərbi lisey və Tibb Universitetinin Hərbi Tibb Fakültəsi adı altında fəaliyyət göstərirlər.
Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar oldu. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəydi. Şübhəsiz, bu, Ermənistan ordusunun öz havadarlarına arxalanaraq Azərbaycana qarşı törətdiyi növbəti təxribat ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasətinin davamı idi. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribata cavab olaraq beynəlxalq normalara əsasən əks-hücum əməliyyatı üçün əmr verən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində dedi: “Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir.
Dünyanın 50 ən güclü ordusu sırasında yer alan Azərbaycan Ordusunun həyata keçirdiyi “Dəmir yumruq” əməliyyatının ilk günlərində Füzuli və Cəbrayıl rayonları istiqamətində bir çox strateji məntəqələr, o cümlədən Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Böyük Mərcanlı, Nuzgar, Şərvənj kəndləir erməni daşnaklarından azad olunaraq irimiqyaslı hərbi əməliyyatlar davam etdirildi. Oktyabrın 3-də Füzuli, Cəbrayıl, Tərtər rayonlarının 8 kəndi, o cümlədən Madagiz erməni faşistlərindən təmizləndi və orada bayrağımız qaldırıldı. Bu möhtəşəm uğurdan bir neçə gün sonra bu kəndin tarixi adı da Prezidentimiz tərəfindən bərpa edildi: Suqovuşan. Cənub cəbhəsi boyu irəliləyərək oktyabrın 4-də Cəbrayıl şəhərini, həmçinin bu rayonun 10 kəndini, sonrakı gün isə daha 3 kəndini azad edən müzəffər ordumuz oktyabrın 9-da Hadrut qəsəbəsini düşməndən təmizləyərək Xocavənd rayonunun ərazisində əlverişli mövqelərə yiyələndi və elə həmin gün daha 8 kəndimizə yeni həyat bəxş etdi.
Dəmir yumruğumuzun mahiyyətini isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışlarının birində belə açıqlamışdır: “Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda bu yumruq birliyimizin rəmzidir.” Məhz xalq-iqtidar birliyi ölkəmizi daha qüdrətli dövlətə çevirdi. Bu birlik, yəni dəmir yumruq, həmçinin Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, dünya miqyasında layiqli yer tutmasına da öz töhfəsini verdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi ordumuzun ermənilər tərəfindən uydurulan “məğlubedilməz erməni ordusu” mifini məhv etməsi Ermənistan hakimiyyətini atəşkəsə məcbur etdi. Nəticədə Rusiyanın təşəbbüsü ilə münaqişə tərəflərinin xarici işlər nazirlərinin iştirakı ilə Moskva şəhərində 9-10 oktyabrda keçirilən görüşdə atəşkəslə bağlı razılıq əldə edildi. Buna baxmayaraq, razılaşmadan bir neçə saat keçməmiş mənfur düşmən yenidən hücum cəhdi göstərdi. Əks-hücuma keçən Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Xocavənd rayonlarının 24 kəndini, oktyabrın 17-də bayraq asmağa bircə salamat binanın qalmadığı Füzuli şəhərini işğalçılardan təmizlədi, 18-də Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdı. Yeri gəlmişkən qeyd edək ki, televiziya ilə xalqa müraciətində Füzuli şəhərinin azad edilməsinin çətinliyini xüsusi vurğulayan, 30 il ərzində düşmənin orada çox möhkəm istehkamlar qurduğunu söyləyən Ali Baş Komandanımız öz “Twitter” səhifəsində bu sözləri də yazdı: “Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar”. Dövlətimizin başçısı dekabrın 1-də Laçın rayonunun işğaldan azad olunması münasibətilə xalqa müraciətində də Vətən müharibəsində bu dəmir yumruğun qüdrətini, gücünü bir daha xüsusi vurğulayaraq bildirib ki, məhz o, başqa sözlə desək, xalq-iqtidar birliyi tarixi Qələbəmizin ilhamvericisi oldu, tariximizə əbədi həkk olunan şanlı zəfəri təmin etdi. Bu birliyin əbədi olacağını əminliklə qeyd edən Prezident İlham Əliyev onunla erməni barbarlarının viranəyə çevirdikləri yaşayış məskənlərimizdə müasir standartlara cavab verən kənd, qəsəbə və şəhərlərin salınacağını bildirib: “İradəmiz də var, təcrübəmiz də var – əvəzolunmaz təcrübə. Vəsaitimiz də var. Xalq-iqtidar birliyimiz də var.” Şübhəsiz, bu birlik, bu dəmir yumruq bizə gələcəkdə bütün vəzifələri icra etmək üçün daha real imkanlar yaradacaq. Bu mənada birliyimiz, həmrəyliyimiz bizim gələcək inkişafımız üçün əsas stimuldur desək, səhv etmərik.
Eşq olsun Ali Baş Komandana! Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!
Yeni Azərbaycan Partiyasının fəalı, Kürqaraqaşlı kənd Ərazi dairəsi üzrə nümayəndə Ceyhun Rəhimov