Azərbaycanla Özbəkistan arasında əlaqələrin yüksək səviyyədə inkişafı Umummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş məqsədyönlü siyasətin nəticəsidir.
Son dövrlər Azərbaycan ilə Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan arasında münasibətlərdə canlanma müşahidə olunmaqdadır.Qeyd edək ki, hələ Sovet İttifaqı dönəmində hər iki xalq arasında mədəni əlaqələr inkişaf edib. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistanda sığınacaq tapıb. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar da yaxından iştirak ediblər. Bu gün 68 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir.
Xatırladaq ki, Azərbaycan və özbək xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni etnik kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Təsadüfi deyil ki, dahi özbək mütəfəkkiri Əlişir Nəvai öz “Xəmsə”sini Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq qələmə alıb.
Bu gün Daşkənd və Bakı şəhərlərində dahi əcdadlarımız Nizami Gəncəvi və Əlişir Nəvainin abidələrinin açılması, Azərbaycan paytaxtının küçələrindən birinə dünyaşöhrətli astronom Mirzə Uluqbəyin adının verilməsi azərbaycanlılar və özbəklər arasında tarixən mövcud olan qarşılıqlı marağın və hörmətin parlaq nümunələridir.
Bakıda, İçərişəhərdə yerləşən, XV əsrə aid Buxara karvansarası Mərkəzi Asiyadan gələn tacirlər tərəfindən inşa edilib. XVI-XVII əsrlərdə yaşamış Azərbaycan filosofu, şairi və böyük din xadimi, əslən Qarabağdan olan Yusif ibn Məhəmmədcan Qarabağinin qəbri Özbəkistanın Səmərqənd şəhərində yerləşir. Bu faktlar münasibətlərimizin keçmişindən xəbər verir və göstərir ki, hələ XV əsrdə xalqlarımız arasında ticarət əlaqələri və elmi mübadilə mövcud olub.
Bildiyimiz kimi, müstəqilliyinin ilk illərində Özbəkistan-Azərbaycan münasibətləri ciddi böhran vəziyyəti keçirib. 1992-93-cü illərdə Azərbaycan rəhbərliyinin bu ölkəyə qarşı düşünülməmiş siyasət yeritməsi nəticəsində ikitərəfli münasibətlər tamamilə pozulmuş və hətta 1993-cü il oktyabrın 2-nə qədər ölkələrarası diplomatik əlaqələr belə qurulmamışdır. Yalnız 1993-cü ildən sonra Prezident Heydər Əliyevin Özbəkistanla münasibətləri bərpa etməsindən sonra ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələr inkişaf etməyə başlayıb. Özbəkistan Respublikası ilə münasibətlər 90-cı illərin ortalarınadək yalnız "Ticarət və iqtisadi əməkdaşlığın əsas prinsipləri haqqında" mövcud olan yeganə sənədlə tənzimlənirdi. Lakin görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin xarici siyasət xətti və türkdilli ölkələr birliyinin möhkəmləndirilməsi uğrundakı səyləri bu münasibətlərin beynəlxalq hüquq normalarına əsaslanaraq tənzimlənməsinə xüsusi təkan verdi. Əlaqələrin daha da genişləndirilərək səmərəliləşdirilməsi məqsədi ilə müştərək Azərbaycanın Orta Asiya ölkələrindəki ilk səfirliyinin məhz Özbəkistanda açılması da bu ölkənin regionda oynadığı rolun göstəricisidir. Belə ki, 1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Özbəkistan Respublikasında, 1998-ci ilin may ayında Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb.
İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Bu baxımdan Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun Azərbaycana 26-27 may 1996-cı il tarixdə ilk rəsmi səfəri xüsusi qeyd olunmalıdır. Qarşılıqlı anlaşma və dostluq şəraitində keçən səfər ərzində iki ölkə arasında 19 sazişdən ibarət xüsusi sənəd paketi, o cümlədən "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə" imzalanıb. Səfər çərçivəsində Özbəkistan Prezidenti İslam Kərimova Bakı Dövlət Universitetinin fəxri doktoru diplomu təqdim olunub.
21-22 oktyabr 1996-cı il tarixində Azərbaycan Prezidenti Heydər Əliyev Türkdilli Dövlətlər Başçılarının IV Forumunda və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etmək üçün Daşkənddə səfərdə olub. Səfər çərçivəsində Heydər Əliyev dövlət başçılarının Forumunda çıxış edib. O bildirib ki, türkdilli dövlət başçılarının müntəzəm görüşləri bu ölkələr arasında əməkdaşlığın inkişafına, mədəni və mənəvi əlaqələrin genişlənməsinə, onların müstəqilliyinin möhkəmləndirilməsinə kömək edir.
18-19 iyun 1997-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Özbəkistana rəsmi səfəri münasibətlərin inkişafında yeni mərhələ kimi səciyyələndirmək olar. Bakıdakı kimi, Daşkənddə də 19 sənəd imzalanıb. Bu sənədlər içərisində Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi haqqında müqavilə böyük əhəmiyyət kəsb edir. Sənədlərin imzalanması mərasimində çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev qeyd edib: "Biz Azərbaycanda Özbəkistanla etibarlı tərəfdaşlıq münasibətlərinə malik olmaq istəyirik və hər şey edəcəyik ki, bu münasibətlər olsun, onlar inkişaf edib möhkəmlənsin". Özbəkistan Prezidenti isə bildirib ki, iki ölkə arasındakı münasibətlər məhz strateji əməkdaşlıq səciyyəli olacaqdır. İki ölkə prezidentinin görüşündə eləcə də tərəfləri maraqlandıran məsələlər müzakirə olunub, birgə əməkdaşlığın müxtəlif cəhətlərinə dair fikir mübadiləsi aparılıb. Səfər çərçivəsində Azərbaycan Prezidenti Heydər Əliyevə Mirzə Uluqbəy adına Özbəkistan Milli Universitetinin fəxri doktoru diplomu təqdim olunub.
Bir sözlə, Ulu öndər Heydər Əliyevin istər sovet, istərsə də Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonrakı dövrdə yürütdüyü siyasət və çoxtərəfli fəaliyyəti milli maraqların müdafiəsi, öz kökünə bağlılıq, qohum xalqlarla münasibətlərin inkişafı, beynəlxalq siyasi arenada Azərbaycanın nüfuzunun artmasına xidmət etmək olmuşdur.Məhz, Özbəkistanla münasibətlərin yüksək səviyyəyə qaldırılması, ölkələrimizin strateji partnyor olması, həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, ölkələrimizin bir-birini bütün beynəlxalq platformalarda dəstəkləməsi onun bu dostluğumuzdakı müstəsna rolunu bir daha göstərir.
Azərbaycanla Özbəkistan arasında əlaqələr bu gün də ən yüksək səviyyədədir və həyata keçirilən hər bir qarşılıqlı səfər ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verir. Azərbaycanın xarici siyasətində Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş məqsədyönlü siyasətin günümüzdə Cənab Prezident İlham Əliyev tərəfindən uğurla və müasir çağırışlara uyğun davam etdirilməsi hər bir ölkə kimi Özbəkistanla münasibətlərə də yeni məzmun, dinamika qatıb. Hər zaman olduğu kimi bu gün də Azərbaycanla Özbəkistan arasında əlaqələr ən yüksək səviyyədə, dostluq-qardaşlıq münasibətlərinə uyğundur.
Sahib Həsənov,
Salyan rayonu, tarixçi-tədqiqatçı