Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinə daim xüsusi diqqət ayrılır
Eyni soya, ortaq tarixə və mədəniyyətə, milli adət-ənənələrə malik olan Azərbaycan və özbək xalqları arasındakı dostluq və qardaşlığın kökləri tarixin dərin qatlarına gedib çıxır. Özbəklər hər zaman Azərbaycan ədəbiyyatına, mədəniyyətinə böyük maraq göstərmiş, azərbaycanlı ədiblərin əsərlərindən bəhrələnmişlər. Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi kimi mütəfəkkirlər hər zaman özbək ədəbi-mədəni mühitində, ictimai fikrində öyrənilmiş, təbliğ olunmuşdur. Hələ orta əsrlərdən başlayaraq böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərləri özbək dilinə tərcümə edilmiş, özbək ədəbiyyatında və əbəbiyyatşünaslığında Nizami ənənələri xüsusi rol oynamışdır.
Sovet hakimiyyəti illərində türk xalqlarının qarşılıqlı münasibətlərinə yaradılmış maneələrə, siyasi təqiblərə baxmayaraq xalqlarımız arasında əlaqələr davam etdirilib. Özbəkistanla Azərbaycan arasındakı bu gün özünün yüksək inkişaf səviyyəsinə çatmış ədəbi-mədəni əlaqələr xüsusilə Ulu Öndərimizin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə inkişaf etdirilib. Bu illərdə Azərbaycan və Özbəkistanda qarşılıqlı olaraq teatr günləri, mədəniyyət dekadaları, incəsənət sərgiləri, ədəbiyyat və incəsənət günləri keçirilib, iki qardaş xalqın bir-birinə daha da yaxınlaşması üçün mühüm tədbirlər görülüb. Həmçinin bəhs olunan dövrdə Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Anar, Zəlimxan Yaqub kimi görkəmli mütəfəkkir, şair və yazıçılarımızın əsərləri qardaş Özbəkistanın ədəbi-bədii orqanlarında özbək dilinə tərcümə edilərək çap olunub. 70-80-ci illər ədəbiyyatında qardaş özbək xalqı ilə bağlı bədii nümunələrə də rast gəlinir. Yaradıcılığında türkçülük, turançılıq xəttini xüsusilə ifadə edən Bəxtiyar Vahabzadənin 1980-ci ildə qələmə aldığı “Salam, Özbəkistan” adlı şeiri bu baxımdan olduqca xarakterikdir. Bəxtiyar Vahabzadə haqqında bəhs olunan şeirdə sovet repressiya maşınının təqib və təzyiqlərinə rəğmən türk xalqlarının birliyindən, qardaşlığından, dilimizin, soy-kökümüzün, Vətənimizin bütövlüyündən bəhs edir. Onu da xüsusi vurğulamaq lazımdır ki, iki ölkə arasında ədəbi-mədəni əlaqələrin inkişafına zaman-zaman Özbəkistanda yaşayan, öz talelərini bu ölkə ilə bağlayan azərbaycanlı ziyalılar da mühüm töhfələr veriblər. Bu sırada özbək ədəbiyyatının klassiki, şair, dramaturq, tərcüməçi - əslən Qazaxın Salahlı kəndindən olan Maqsud Şeyxzadənin, görkəmli jurnalist, pedaqoq, ədəbiyyatşünas, ictimai xadim Seyid Rza Əlizadənin, Özbəkistanın və Azərbaycanın Xalq artisti Firudin Səfərovun, Azərbaycan əsilli Özbəkistan rəssamı və heykəltaraşı Eynulla Əliyevin adlarını fəxrlə çəkmək olar.
Azərbaycan və Özbəkistan dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq və qardaşlıq münasibətləri daha da inkişaf etdirildi və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəsinə gəlib çatdı. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında, dövlətlərarası münasibətlərin formalaşmasında ulu öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər iki liderin tarixi xidmətlərini yüksək qiymətləndirərək deyib: “Həm sovet dövründə xalqlarımız arasındakı münasibətlər çox yaxın idi, qardaşlıq zəminində qurulmuşdu. Həm də xüsusilə müstəqillik dövründə Heydər Əliyev və İslam Kərimov - iki ölkənin liderləri ikitərəfli münasibətlərin bax, bugünkü səviyyəyə gəlib çatmasında çox mühüm rol oynamışlar. Yəni, bizim dostluğumuzun böyük tarixi və tarixi kökləri vardır. Ancaq müstəqil ölkələr kimi Özbəkistan və Azərbaycan son illər bu əməkdaşlığı yüksək səviyyəyə qaldırmışlar”. Ulu Öndərimizin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə qardaş ölkələr arasındakı münasibətlər daha da dərinləşib. Bu dövrdə siyasi, diplomatik əlaqələr, iqtisadi münasibətlərlə paralel olaraq ədəbi-mədəni əməkdaşlıq da yüksələn xətlə inkişaf edib. Bəhs olunan dövrdə Özbəkistanda böyük Azərbaycan şairi Nizami Gəncəvinin, Bakıda böyük özbək şairi Əlişir Nəvainin abidəsi ucaldılıb. Görkəmli Azərbaycan və özbək klassiklərinin əsərləri qarşılıqlı şəkildə tərcümə olunub, kütləvi tirajlarla çap edilib.
Qardaş Özbəkistan 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəmizlə artıq tarixdə qalmış Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib, dəfələrlə beynəlxalq təşkilatlar, ikitərəfli və çoxtərəfli görüşlər çərçivəsində dövlətimizin ərazi bütövlüyü ilə bağlı birmənalı mövqeyini qətiyyətlə ifadə edib. Qürurvericidir ki, Özbəkistan artıq azad Qarabağdakı quruculuq işlərinə qoşulub. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin bilavasitə təşəbbüsü ilə Füzuli rayonunda Özbəkistan dövlətinin vəsaiti hesabına böyük məktəbin inşasının layihəsi Azərbaycan hökumətinə təqdim olunub. Əminik ki, azad Qarabağda aparılan bərpa-quruculuq işlərinə qardaş özbək xalqı və Özbəkistan dövləti daha böyük töhfələr verəcək, iki ölkə arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək, xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərəcəkdir.
YAP Salyan rayon Təşkilatının fəal gənci Cavid Səmədli