Şuşa Bəyənnaməsi – qardaşlığın yeni tarixi mərhələsi
Şuşa Bəyənnaməsindən danışarkən ilk öncə onu qeyd etmək lazımdır ki, Şuşa Bəyənnaməsinin imzalanmasında birinci və ən mühüm simvolik məqam ondan ibarətdir ki, Bəyannamə otuz ilə yaxın bir müddətdə işğal altında olmuş və 44-günlük Vətən müharibəsində əldə edilən möhtəşəm qələbənin nəticəsində düşməndən təmizlənən və ümumilikdə Cənubi Qafqazın bənzərsiz memarlıq nümunələri ilə fərqlənən Şuşa şəhərində imzalanıb. Bu mühüm hadisə möhtərəm cənab Prezident İlham Əliyevin hərbi-siyası strategiyasının təntənəsinin növbəti parlaq nümunəsi oldu. Belə bir sənədin imzalanmasının ötən ilin iyun ayının 15-i - Milli Qurtuluş günü və Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsi çox ciddi rəmzi məna daşıyır. Unutmaq olmaz ki, 1921-ci il tarixli Qars müqaviləsinə əsasən Naxçıvanın təhlükəsizliyinin təminatçısı olan Türkiyə Respublikası 100 ildən sonra Şuşa Bəyannaməsinə imza atmaqla ilk növbədə Azərbaycanın, və ümumilikdə mürəkkəb bir regionun təhlükəsizliyinə qarant qismində çıxış etdi. Fərəhləndirici haldır ki, qardaş Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan işğaldan azad edilmiş bölgəyə səfər edən ilk xarici dövlət başçısı olmuşdur və bu fakt Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olmasının göstəricisidir. Şuşa Bəyannaməsinin müasir beynəlxalq hüquq kontekstində dəyərləndirilməsi birmənalı olaraq nümayiş etdirir ki, Azərbaycan və Türkiyə universal beynəlxalq səviyyədə təşəkkül tapmış fundamental hüquq prinsiplərinə - ərazi bütövlüyü, suverenlik, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına sadiqdirlər. Bəyannamə bu prinsipləri ön plana çəkərək, eyni zamanda, gələcəkdə onun Tərəflərinin hər hansı birinin siyası müstəqilliyinə, suverenliyinə və ya təhlükəsizliyinə qarşı yarana biləcək istənilən təhdidlərin qarşısının alınması üçün biri-birinə yardım göstərilməsini nəzərdə tutur. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapıb: beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlqaqələri, mədəniyyət, təhsil, idman, gəncər siyasəti. Həmçinin Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi qeyd olunur. Bəyannamədə mühüm geosiyasi əhəmiyyətə malik nəqliyyat layihələri ilə əlaqədar Zəngəzur dəhlizinin açılması ilə bağlı ifadələrin çox açıq şəkildə öz əksini tapması çox böyük əhəmiyyətə malikdir. Bu da ikinci Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi vəziyyət nəticəsində mümkün olmuşdur. Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması uğrunda 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən Müharibəsində Türkiyə dövlətinin və onun Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəsdək təmənnasız qardaşlığın parlaq nümunəsidir. Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukrurları Azərbaycanın qələbəsi üçün bütün sahələrdə böyük əzmkarlıq göstərdilər. Beynəxalq səviyyədə nə qədər təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Müharibənin ilk saatlarından Türkiyə Prezidenti bildirdi ki, Azərbaycan tək deyil. Bu həm Azərbaycanı ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı. Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya nümayiş etdirən bir mesajdır
“Şuşa Bəyannaməsi ilə əlaqələrimizin yeni dövrdəki yol xəritəsini müəyyənləşdirdik”- bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Şuşada mətbuata bəyanatında bildirib. Şuşa Bəyannaməsinin imzalanmasının tarixi əhəmiyyətini xüsusi vurğulayan Prezident Ərdoğan deyib: “Türkiyə ilə Azərbaycan arasındakı bu bəyannamə bir sıra məsələləri əhatə edir. Gələcəklə bağlı addımları atarkən, artıq təkcə iki ölkəni deyil, bölgəni əhatə edən bir qətiyyətin bu sənəddə ifadə olunduğunu görürük”.
Şuşa Bəyannaməsinin imzalanması sərsəmcəsinə revanşist mesajlar verən Ermənistan rəhbərliyinə və onun havadarlarına verilmiş tarixi bir dərs idi. Ölkələrimizin ərazi bütövlüyünə və suverenliyinə təhdid sayılacaq ən kiçik bir addımda belə Şuşa Bəyannaməsindən irəli gələn müddəalar yerinə yetiriləcəkdir,vahid cəbhədən mövqe nümayiş olunacaqdır. Bəyannamədə nəzərdə tutulan mühüm məsələlərdən biri də regional məsələlərin sülh yolu ilə həllində birgə səylərin aparılmasına aiddir.Bunun üçün Türkiyə və Azərbaycan arasında "Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası" çərçivəsində fəaliyyətin əhəmiyyəti qeyd edilir. Eyni zamanda onuda qeyd etmək lazımdır ki, "TEKNOFEST" festivalının Bakıda keçirilməsi Türkiyə-Azərbaycan əməkdaşlığının növbəti təzahürüdür. “Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir. Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə qardaşlığının həm siyasi, həm iqtisadi, həm hərbi, həm mənəvi simvoludur. Bu bəyannamənin Milli Qurtuluş Günündə, Qars müqaviləsinin yüz illiyində, həm də Şuşa şəhərində bağlanması tarixi həqiqətlərin məntiqi sonluğudur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” tarixi kəlamları ilə formalaşan iki dövlət arasındakı münasibətlər Şuşa Bəyannaməsi ilə özünün məntiqi zirvəsinə yüksəlmişdir.
44 günlük vətən müharibəsinin iştirakçısı Yeni Azərbaycan Partiyasının Salyan rayon təşkilatının fəal gənci Yalçın Abdullazadə