YALOBA TARİX-DİYARŞÜNASLIQ MUZEYİ YARADILANDAN BUGÜNƏDƏK ZİYARƏTGAHA ÇEVRİLİB
Əsrlərin və nəsillərin yadigarları bir arada
Yaloba Tarix-Diyarşünaslıq Muzeyi yaradılandan bugünədək ziyarətgaha çevrilib
Hər bir xalqın tarixi onun maddi-mədəniyyət abidələrində, müxtəlif dövrlərin yadigarları vasitəsilə nəsildən-nəslə ötürülür. Bu baxımdan muzeylərin xüsusi rolu olub və bu gün də elədir.
Beynəlxalq Muzeylər Şurası tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş Beynəlxalqü Muzeylər Günü hər il müxtəlif deviz altında keçirilir. Beynəlxalq Muzeylər Günü ICOM-un təşəbbüsü ilə 1977-ci ildə təsis edilib. Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.
Bu bayram qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda da geniş miqyasda qeyd edilir.
Eramızdan əvvəl XVI əsrdə Krit, XIII-XII əsrlərdə Çin, III əsrdə Qədim Roma və Yunanıstanda estetik dəyərə malik əşyaların, əsərlərin, sənədlərin saxlandığı məkanların müasir muzeylərin sələfləri hesab olunduğunu nəzərə alaraq, ölkəmiz ərazisində qurulmuş Atropatena və Albaniya dövlətləri hökmdarlarının saraylarını da belə yerlər kimi qeyd etmək yerinə düşər. Erkən və orta əsrlərdə isə Azərbaycanda hakim sülalələr tərəfindən kolleksiyaçılıq ənənələrinə maraq güclənib, qiymətli əşyalar xəzinələrdə, saray kitabxanalarında mühafizə edilib.
Azərbaycanın ictimai-siyasi, mədəni həyatında XIX əsrin ikinci yarısından etibarən sürətlə cərəyan edən proseslər muzey işinin təşkilinə təkan verib. İlk belə muzeylərdən biri görkəmli ədib Cəlil Məmmədquluzadənin təşəbbüsü və yaxından iştirakı ilə XIX əsrin sonlarında Naxçıvanın Nehrəm kənd məktəbində təşkil olunub.
“Muzey içində muzey”…
Ötən əsrin əvvəllərində isə Bakıda, xalq məktəbləri müdiriyyəti nəzdində pedaqoji, həmçinin Ümumrusiya Texniki Cəmiyyətinin Bakı şöbəsi nəzdində qapalı muzeylər yaradılıb. Lakin Nehrəm kəndindəki muzey istisna olmaqla, adları qeyd edilən məkanlar çarizmin mənafeyinə uyğun fəaliyyət göstərib. Təsadüfi deyil ki, Azərbaycanda aşkar edilən qiymətli arxeoloji əşyalar Tiflis, Moskva, Peterburq muzeylərinə göndərilib. Azərbaycanda dövlət səviyyəsində 1919-cu ildə – Xalq Cümhuriyyətinin dövründə təməli qoyulmuş ilk milli muzey 1920-ci ildən Azərbaycan Dövlət Muzeyi kimi fəaliyyət göstərib.
Sovet hakimiyyətinin ilk illərində Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Musa Nağıyev kimi Bakı milyonçularından müsadirə edilmiş qiymətli sənət əsərləri bu muzeyin eksponatları olub. H.Z.Tağıyevin mülkündə yerləşən Milli Azərbaycan Tarix Muzeyinin binasının özü də tariximizdən xəbər verən daş abidə kimi qiymətlidir. Ona görə də bu yerə bəzən “Muzey içində muzey” də deyirlər.
Ötən əsrin 30-cu illərindən etibarən bir-birinin ardınca mahiyyətinə görə müxtəlif təmayüllü – dövlət, memorial, səyyar, ədəbiyyat, incəsənət, tarix, musiqi, qoruq, teatr muzeyləri yaradılıb. Sonrakı illərdə Azərbaycanda yeni muzeylər fəaliyyətə başlayıb. Təəssüf ki, neçə-neçə tarixi abidə və muzeylərimiz ötən əsrin 90-cı illərində erməni işğalçıları tərəfindən qarət olunub və dağıdılıb.
Canlı muzey olan və 2020-ci ilin payızında işğaldan azad edilən Şuşada 8 muzey fəaliyyət göstərib. Dövlət Qarabağ Tarixi Muzeyi, dahi bəstəkar Üzeyir Hacıbəylinin ev, vokal sənətimizin banisi Bülbülün memorial, görkəmli musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyləri, Azərbaycan Xalça Muzeyinin Şuşa filialı, görkəmli musiqiçi Qurban Pirimovun Ağdam rayonundakı xatirə, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam, Füzuli, Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri tamamilə qarət edilib. Keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək Muzeyi ermənilər tərəfindən tamamilə yerlə-yeksan olunub.
Azərbaycanda milli-mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olub. Ölkəmizdə muzey işinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan Ulu Öndər respublikada müvafiq şəbəkənin genişləndirilməsini, onun maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlayıb. Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Bülbül, Səməd Vurğun, Niyazi və digər nəhəng simalarının memorial-xatirə, mənzil, bölgələrdə tarix-diyarşünaslıq muzeyləri məhz ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü sayəsində yaradılıb.
Milli mədəni irsimizin qorunması dövlət siyasətidir.
Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra digər sahələrlə yanaşı, muzey işi də öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Ulu Öndərin təşəbbüsü ilə 1993-cü ildə Nazirlər Kabinetində muzey işçilərinin respublika müşavirəsi keçirilib, 1994-cü ildə isə bu müşavirənin materialları əsasında “Respublikada muzey işinin vəziyyəti və onun yaxşılaşdırılması haqqında” qərar qəbul edilib. 2000-ci il martın 24-də qüvvəyə minmiş “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə muzeylərin fəaliyyətinin təşkilati-hüquqi əsaslarını və müvafiq münasibətləri tənzimləyir. Bu sənədə əsasən muzey – maddi mədəniyyət abidələrinin komplektləşdirilməsi, mühafizəsi, öyrənilməsi, kütləvi nümayişinin və təbliğinin həyata keçirildiyi mədəniyyət, elmi-tədqiqat müəssisəsidir.
Ümummilli Lider tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş prioritetlər bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir.
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını həyata keçirmək məqsədilə Prezident İlham Əliyevin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunan “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”na uyğun olaraq milli mədəni irsimizin qorunması dövlət əhəmiyyətli prioritet məqsəd kimi qarşıya qoyulub.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində “Şirvanşahlar Sarayı Kompleksi”, Qız qalası və Qobustan Milli Tarix-Bədii Qoruğu, “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Fondun həyata keçirdiyi müxtəlif layihələr çərçivəsində Qarabağ muzeyləri haqqında məlumatlar mötəbər beynəlxalq təşkilatlara çatdırılır.
Hazırda ölkəmizdə 201 muzey fəaliyyət göstərir ki…
Azərbaycan dövlətinin uğurlu mədəniyyət siyasəti nəticəsində son illər muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələri genişlənib, bu sahədə beynəlxalq əməkdaşlıq sahəsində yeni nailiyyətlər əldə edilib.
Ulu Öndərimizin siyasi irsinin öyrənilməsi, azərbaycançılıq məfkurəsinin formalaşdırılaraq inkişaf etdirilməsi məqsədilə yaradılan Heydər Əliyev muzeyləri isə respublikada muzey şəbəkəsinin genişləndirilməsi sahəsində mühüm hadisə kimi qiymətləndirilməlidir.
Hazırda ölkəmizdə fəaliyyət göstərən muzeylər və onların ekspozisiyaları azərbaycançılıq məfkurəsini uğurla təbliğ edirlər.
İşğal olunmuş ərazilərimizin tarixi keçmişini özündəki bir-birindən dəyərli eksponatlarda qoruyub saxlayan muzeylərdən biri də vaxtilə Xocalı rayonunun Yaloba kəndində fəaliyyət göstərib.Yaloba Kənd Tarix-Diyarşünaslıq Muzeyi həm də yer üzündən silinən Xocalının müsibətlərini unudulmağa qoymur.
Hazırda ölkəmizdə 201 muzey fəaliyyət göstərir. Bunlardan 14-ü incəsənət, 7-si ədəbiyyat, 12-si tarix, 68-i tarix-diyarşünaslıq, 5-i döyüş şöhrəti, 43-ü ev, 52-si Heydər Əliyev muzeyləridir. Eyni zamanda Milli Elmlər Akademiyası sistemində, digər nazirlik və təşkilatların nəzdində də müxtəlif profilli və şəxsi muzeylər var. Təəssüf ki, ölkəmizdə mövcud olan muzeylərdən 22-si Ermənistan silahlı birləşmələrinin ərazilərimizi işğal etməsi nəticəsində darmadağın edilib, eksponatları sıradan çıxarılıb və ya təcavüzkar ölkəyə daşınıb. Ümumiyyətlə, işğal olunmuş ərazilərdə 762 mədəniyyət abidəsi və 1431 mədəniyyət müəssisəsi qalıb. İşğalçılar 22 muzeyi, 4 rəsm qalereyasını tamamilə məhv ediblər.
1988-ci ildən başlayaraq erməni təcavüzü nəticəsində 100 mindən artıq əşyanın toplandığı 22 muzey işğal olunmuş ərazidə qalıb. Qarət edilmiş muzeylərdə Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, dünya şöhrətli xalçalarımız, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları və digər eksponatlar toplanmışdı.
Əlbəttə, Ermənistanın təcavüzünə məruz qalan, illərlə tapdalanan, maddi-mədəniyyət, dini, tarixi abidələri saxtalaşdırılan ərazilərimizin zamanın hansı dönəmində olursa-olsun, öz doğma sakinlərinə qayıdacağına əmin idik. Təəssüf ki, bu ərazilərdə olan maddi-mədəniyyət nümunələrimizin salamat qalacağına o qədər də inamımız qalmamışdı. Bu gün işğaldan azad edilmiş rayonlarımızda ürəkağrısı ilə seyr etdiyimiz mənzərə həmin düşüncələrimizi təsdiq etdi.
“Yolumuz Qarabağadır! Qarabağ Azərbaycandır!”
AMEA Tarix Muzeyinin elmi əməkdaşı Sahibə ƏIləkbərovanın rəsmi dövlət qəzetindəki “Tarixin daha bir saxlanc yeri” başlıqlı məqaləsində qeyd edildiyi kimi, hər bir xalqın həyatında elə hadisələr, dönüş nöqtəsi olur ki, bunlar onun müqəddərratını tamamilə kökündən dəyişdirir, tarixində yeni dövr və mərhələ açır. 2020-ci ilin sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsində qazandığımız qələbə həmin yeni dövrün başlanğıcını qoydu. Qarabağ həsrətinə son qoyulması xalqımızı əbədi səadətə qovuşdurdu, ölkəmizdə mədəni tərəqqi üçün yeni imkanlar açıldı. Bütün bu nailiyyətlər xalqla dövlətin və ordunun bir yumruq kimi birləşməsinin, dövlət başçısının möhkəm iradəsinin dönmədən həyata keçirdiyi daxili və xarici siyasətinin ən parlaq təzahürü, ən gözəl bəhrəsidir.
Sahibə xanım Ələkbərova yazır ki, artıq işğaldan azad olunmuş rayonlarda bərpa işlərinə başlanması, mədəniyyət ocaqlarının, xüsusən, muzeylərin öz doğma ünvanlarında fəaliyyətini bərpa etməsi, yenilərinin açılması Qarabağda bütün sahələrdə olduğu kimi, turizmin inkişafı üçün də bir başlanğıc olacaq: ““Qarabağ Azərbaycandır!” Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu ifadəni səsləndirdikdən 13 ay sonra onun qalib əsgəri bu milli şüarı işğaldan azad edilmiş bütün torpaqlarımızda gerçəkləşdirdi. Biz də “Gənc muzeyşünaslar və muzeysevərlər klubu” olaraq, “Yolumuz Qarabağadır! Qarabağ Azərbaycandır!” devizinə səs verərək yolumuzu 30 ilə yaxın müddətdə məcburi köçkün həyatı yaşamağa məhkum olan tarix-diyarşünaslıq muzeylərindən saldıq. Budəfəki ziyarətimiz Xocalı rayonunun Yaloba kənd Tarix-Diyarşünaslıq Muzeyinə oldu…
Məqalə müəllifi qeyd edir ki, erməni təcavüzünün qurbanlarından olan Xocalı rayon Kosalar kənd nümayəndəliyinin Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyi Mədəniyyət Nazirliyinin 19 aprel 1991-ci il tarixli əmri ilə yaradılıb. 1992-ci il may ayının 9- da ermənilərin Xocalı rayonunun Kosalar kəndinə hücumu zamanı muzeyin bütün eksponatları işğal zonasında qalıb. Məcburi köçkün düşəndən sonra muzey Gəncə şəhəri Kəpəz rayonunun Hacıkənd qəsəbəsində yaradılmışdır. 2014-cü ilin dekabr ayından isə xocalılılar üçün Göygöl rayonunun Hacıməlik kəndi yaxınlığında salınmış qəsəbədə fəaliyyətini davam etdirir.
Muzeyin direktoru Tofiq Məmmədovun bildirdiyi kimi, Yaloba işğal edilməmişdən əvvəl muzeydə 800 adda 1500 ədəd qiymətli eksponat olub. Qarabağın tarixini əks etdirən qədim xalçalar, kilimlər və başqa çoxlu sayda toxuculuq əşyaları, saxsı və keramikadan hazırlanmış maddi-məişət əşyaları, Şuşa rəssamlarının yağlı boyalarla çəkdikləri rəsm əsərləri, mədəniyyət xadimlərinin portretləri, qədim kənd təsərrüfatı alətləri muzeydə saxlanılıb.
İndi isə muzeydə vətənpərvərlik mövzusunda stendlərdən ibarət sərgilər və Qarabağın qədim tarixini əks etdirən çoxlu sayda eksponat toplanaraq muzeyin fonduna daxil edilib.
“Bizim böyük qələbəmiz”- “Ağıllı kitab”
Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün salınmış 600 ailəlik qəsəbədə fəaliyyət göstərən Xocalı rayon Yaloba kənd Tarix-diyarşünaslıq muzeyində18 may – Beynəlxalq Muzeylər Günü ilə əlaqədar “Muzeydə bir gün” devizi altında “Açıq qapı” günü keçirildi. “Açıq qapı” günündə qəsəbədə fəaliyyət göstərən məktəblərin bir qrup müəllim və şagird kolektivi muzeyə ekskursiya etdilər.
Xocalı rayonunun Kosalar kənd tam orta məktəbinin tarix müəllimi Sevda Mirzəyeva, istərsə sinif müəllimi Xuraman Rzayeva, Xocalı rayon İHB-nın Kosalar kənd İƏD-si üzrə nümayəndəliyinin əməkdaşları, eləcə də muzeyi ziyarət edən digər qonaqlar və ictimaiyyətin nümayəndələri buradakı tarixi yadigarların əhəmiyyətindən söz açdılar. Muzeyin fəaliyyətində direktor Tofiq Məmmədovun əməyinin xüsusi dəyərliliyini bildirdilər.
“Xocalının səsi” qzəetinin və saytının baş redaktoru Qalib Bəyməmmədoğlunun söylədiklərindən yadda qalanlan kollektivin necə vətənpərvər olmasını bir daha təsdiqlədi: “Xocalı işğal olunduqdan sonra eksponatların alınması üçün böyük vəsaitin olmamasına baxmayaraq, müzeyin direktoru Tofiq Məmmədovun fədakar əməyi nəticəsində xeyli tarixi, etnoqrafik əşyalar, məişət və kənd təsərrüfatı alətləri toplanaraq fond zənginləşdirilib. Tofiq Məmmədov hələ müharibənin qızğın vaxtlarında böyük səylə müzeyin təşkili ilə məşğul olub. Əlbəttə, eksponatları toplayaraq bir araya gətirmək və şöbələr üzrə təşkil etmək asan deyildi. Bunlardan başqa, erməni terrorunun, hücumlarının tüğyan etdiyi həmin vaxtlarda maddi-mədəniyyət nümunələrimizin toplanması və bizim hansı mədəniyyətə sahib olduğumuzu sübut etmək şərəfli bir iş idi”.
Çıxış edən digər natiqlər Beynəlxalq Muzeylər Günü münasibətilə muzeyin əməkdaşlarına ürək sözlərini, təbriklərini çatdıraraq onlara işlərində uğurlar arzu etdilər. Əminliklə vurğulandı ki, Xocalının qədim tarixini özündə əks etdirən Xocalı rayon Yaloba kənd Tarix-diyarşünaslıq muzeyi öz fəaliyyətini aid olduğu torpaqlarda davam etdirəcək.
Tədbirdə bəlkə də daha çox yaddaqalan məqam şəhid övladı, 3-cü sinif şagirdi Məmmədov Yusif Elnur oğlunun qürur və iftixar hissi ilə ayağa qalxaraq özünü təqdim etməsi və muzeylərin əhəmiyyətini xüsusi vurğulaması oldu: “…Mən fəxr edirəm ki, azərbaycanlıyam! Mən fəxr edirəm ki, şəhid oğluyam!”
Görüşdə Xocalı Rayon İcra Hakimiyyəti tərəfindən Beynəlxalq Muzeylər Günü münasibətilə göndərilmiş “Bizim böyük qələbəmiz” adlı “Ağıllı kitab” muzeyə hədiyyə edildi.
Məhəmməd NƏRİMANOĞLU,
“YENİLİK-PRESS” qəzetinin baş redaktoru