Azərbaycan Prezidenti bölgənin yeni inkişaf və əməkdaşlıq formatını yaradır
Milli dövlət quruculuğu və idarəçiliyinin şərəfli mərhələsini, tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan həm də Cənubi Qafqazın ən fəal siyasi-iqtisadi aktoru kimi nüfuzunu gündən-günə yüksəldir. Bunu şərtləndirən yeganə amil isə təbii ki, Prezident cənab İlham Əliyevin son 19 il ərzində yürütdüyü tam müstəqil siyasətdir. Hər zaman verdiyi vədlərə, səsləndirdiyi fikirlərə sadiqliyi ilə seçilən Azərbaycan Prezidenti İkinci Qarabağ müharibəsindəki zəfərdən sonra regionda yaranmış reallıqlar fonunda yeni missiyasını - Cənubi Qafqazda sülhün, sabitliyin təmini və müasir əməkdaşlıq platformalarının yaranması missiyasını uğurla reallaşdırır. Bütün bunlar cənab İlham Əliyevin son dövrlərdə keçirdiyi bütün görüşlərdə, tədbirlərdə, konfranslarda səsləndirdiyi fikirlərdə də təsdiqini tapır.
Beynəlxalq birlik, müxtəlif dövlətlər və təşkilatlar tərəfindən səslənən fikirlərə də əsaslanaraq deyə bilərik ki, Azərbaycan Prezidentinin bu addımı təqdir edilir. Həm Qarabağ münaqişəsinin həlli istiqamətində vasitəçilik missiyası yerinə yetirmiş ölkələr, həm də Avropa İttifaqı, ATƏT kimi mötəbər təşkilatların cənab Prezidentin bu istiqamətdə həyata keçirdiyi siyasətə dəstək nümayiş etdirmələri bunu təsdiqləyən reallıqdır.
Aprelin 28-də Şuşada, növbəti gün isə ADA Universitetində 23 ölkədən gəlmiş dünyanın 40-dan çox nüfuzlu beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə keçirilən "Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq" beynəlxalq forumunda da müzakirə edilən məsələlər, cənab İlham Əliyevin müharibədən öncə və sonra yaşanan hadisələrə çox geniş, ətraflı şəkildə aydınlıq gətirməsi, eləcə də qarşıdakı hədəflər, məqsədlər barədə yekdil münasibət bildirməsi bu prosesin tərkib hissəsi idi. Prezidentin bu forumda iştirakı və verilən bütün sualları ətraflı cavablandırması bir daha onu göstərdi ki, Azərbaycan Cənubi Qafqaz dövləti olaraq sülhü, əmin-amanlığı, inkişafı dəstəkləyir və nəinki öz qonşuları ilə, Cənubi Qafqazla əməkdaşlıq etmək istəyən digər dövlətlərlə dostluq münasibətlərini və əlaqələrini qurmağa hazırdır.
Möhtərəm Prezident cənab İlham Əliyev forumda bir daha yeni reallıqlara aydınlıq gətirərək həqiqətləri və Azərbaycanın ümumi istəyini bəyan etdi və Ermənistana da mühüm mesajlar ünvanladı. Prezident çıxışında bildirdi ki, Azərbaycanın Qafqazda yeni sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq edir. Bu yaxınlarda isə Ermənistandan müsbət cavab alınıb. Belə ki, rəsmi İrəvan Prezident İlham Əliyevin sülh danışıqları üçün irəli sürdüyü 5 təməl prinsipi qəbul edib və bu şərtlər Ermənistanla sülh müqaviləsinin əsasını təşkil etməlidir.
Cənab Prezidentin verilən bütün suallara konseptual yanaşması bir daha təsdiq etdi ki, bu gün bölgənin rifahı, dayanıqlı sülh və sabitliyin təmin olunması Azərbaycan Prezidentinin siyasətinin bir nömrəli prioritetidir.
Bir sözlə, "Beynəlxalq Şuşa Forumu", ADA Universitetində keçirilən Beynəlxalq Forum, 23 ölkədən 40-dan çox nüfuzlu beyin mərkəzlərinin nümayəndələrinin Azərbaycana səfəri, onların Qarabağda erməni vandalizminə şahidlik etmələri, dünya birliyinin bu format vasitəsilə məlumatlandırılması əlbəttə ki, Prezident İlham Əliyevin dünya səviyyəli, nüfuzlu siyasətçi olmasının bariz təcəssümüdür. Bu toplantılarda, forumlarda Azərbaycan Prezidentinin əsl liderlik keyfiyyətləri nümayiş etdirməsi, dünyada gedən proseslər barədə yüksək məlumatlılıq səviyyəsi, sərrast cavabları bir daha İlham Əliyevin qətiyyətli, prinsipial və humanist lider olduğunu təsdiqləyir.
Anar Hacıyev,
“Yelo Bank”ın Salyan filialının müdiri, YAP fəalı