Güclü ordunun olması dövlət siyasətinin illər boyu əsas prioriteti olub
Ali Baş Komandan İlham Əliyevin qətiyyət və ardıcıllıqla davam etdirdiyi Ordu quruculuğu dövlətin suverenliyini və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq dövlət quruculuğunun tərkib hissələrindən biridir. Azərbaycanın zəngin dövlətçilik tarixində güclü ordunun yaradılması hər zaman prioritet məsələlərdən olmuşdur. Azərbaycanda nizami ordunun yaranması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdırsa, möhkəmləndirilməsi, güclənməsi Prezident İlham Əliyevin fəaliyyətinin nəticəsidir.
Qarabağ meydanında düşmən qarşısına ən müasir silahı, güclü psixoloji keyfiyyəti ilə çıxardığımız ordu uzun illərin hazırlığı, bu sahəyə verilən öncəliyin nəticəsidir.
Müasir dövrdə Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuz zəngin maddi texniki bazaya, ən yeni silahlara malikdir. Xüsusilə qeyd olunmalıdır ki, müasir ordu quruculuğunu xarakterizə edən, Milli Ordumuzun möhkəmlənməsinə geniş imkanlar yaradan əsas amil dinamik iqtisadi inkişaf və ölkəmizin iqtisadi qüdrətinin artmasıdır. İqtisadi inkişaf ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına və Azərbaycanda hərbi-sənaye potensialının gücləndirilməsinə geniş imkanlar yaradır. Hər bir dövlət onda güclü olur ki, onun qüdrətli iqtisadiyyatı və güclü ordusu var.
Azərbaycanın güclü orduya malik olması 44 günlük Vətən müharibəsində bir daha nümayiş etdirildi. Vətənpərvərlik ruhunda böyüyüb yetişdirilmiş mətin gənclərimiz bir addım belə geri çəkilməyərək 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar göstərdilər. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və müzəffər Azərbaycan Ordusunun əsgərlərinin, zabitlərinin, bir sözlə, bütün şəxsi heyətinin qəhrəmanlığı, şücaəti nəticəsində 44 günlük Vətən müharibəsi bütün dünyaya xalqımızın, dövlətimizin qüdrətini bir daha nümayiş etdirdi. Ordunun böyük bir qismini təşkil edən gənclərimiz Ali Baş Komandanın rəhbərliyi altında sözün həqiqi mənasında möhtəşəm bir tarix yazdı. Azərbaycan əsgərlərinin qəhrəmanlığı onu təsdiq etdi ki, Vətən, torpaq, şücaət kimi tarixən xalqımıza məxsus olan anlayışlar daim yaddaşlardadır. Azərbaycan var olduqca onun qəhrəman oğulları da var olacaq. Elə buna görədir ki, indi Azərbaycan ordusunun adı çəkiləndə hər bir azərbaycanlı qürur duyur. Azərbaycan gənci orduda qulluq etməsini özünə şərəf sayır.
“Bugün böyük qürur hissi ilə deyə bilirik ki, Azərbaycan Ordusu Vətənimizin qəhrəmanlıq tarixini yazdı” ifadəsi reallığın tam ifadəsidir. Cənab Prezident əmin ola bilər ki, bu gün ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində rəhbər tutan, cənab Prezident İlham Əliyevlə gələcəyə addımlayan, vətənini sevən, dəyərləri olan gənclik daha böyük nailiyyətlər əldə etmək və qüdrətli Azərbaycanı gələcəyə aparmaq iqtidarındadır.
Yaşasın Qüdrətli Azərbaycan Ordusu!
Yaşasın Müzəffər Ali Baş Komandan!!!
Həsən Abdullayev,
Salyan rayon Qarabağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə