Ulu Öndərin davamçıları V qurultayı Şuşada keçirir
Hər bir xalqın tarixində önəmli iz qoyan şəxsiyyətlər olub. Dövlətin inkişaf yoluna qədəm qoyması üçün məşəqqətli yollardan keçməyi bacaran, ölkəni dünya miqyasında tanıdaraq layiqli mövqeyə çıxaran fenomen liderlər həm də dövlətçilikdə siyasi varislik ənənələri formalaşdırmaq bacarığına malik olublar. Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev də belə nadir şəxsiyyətlərdəndir. Ulu Öndər Heydər Əliyev deyirdi: “İnsan hansı ölkədə yaşamasından asılı olmayaraq, gərək öz milliliyini qoruyub saxlasın. Azərbaycanlılar yaşadıqları ölkələrdə daim öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən məhz bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır”. 1993-cü ildə Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə gəlişi digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaratmışdır. Ulu Öndər Heydər Əliyev bütün xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onların problem və qayğıları ilə maraqlanır, həmvətənlərimizi yenicə müstəqillik qazanan respublikamızın tarixi mənafelərinin reallaşdırılması prosesində fəal iştirak etməyə çağırırdı.
İllər keçdikcə diaspor quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin məqsədi dünya azərbaycanlılarını bir araya gətirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etmək məqsədindən ibarətdir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrin daha da möhkəmlədirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması əsas məsələyə çevrildi. 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərib. Bu, ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Həmin qurultayda Ulu Öndərin böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı isə dillər əzbərinə çevrilib.
Yorulmaz fəaliyyəti ilə Ulu Öndər Heydər Əliyev siyasi fəlsəfəsinə, onun liderlik məktəbinə söykənən Prezident cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirir. Prezident cənab İlham Əliyevin 19 illik hakimiyyəti dövründə Azərbaycan misilsiz inkişaf yolu keçmişdir. Siyasi, iqtisadi imkanlarının genişləndirilməsi Azərbaycanın beynəlxalq arenadakı mövqelərini daha da möhkəmləndirib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Məhz Prezident cənab İlham Əliyevin qətiyyəti, sərkərdəlik məharəti sayəsində ordumuz düşməni darmadağın edərək torpaqlarımızı azad etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Zəfər xalqımızın qəhrəmanlıq tarixinə, yeni tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi.
Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi böyük tarixi əhəmiyyətə malikdir. Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan milli diaspor hərəkatının Qarabağın azad edilməsindən sonra ilk irimiq¬yaslı görüşüdür. Qurultayın məhz Şuşada keçirilməsi bütün dünya azərbaycanlılarında böyük qürur və sevinc hissi yaratdı. Zəfər Qurultayı Azərbaycan diasporunun tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Bu qurultayda səsləndirilən mesajlar, nişan verilən hədəflər bizi işıqlı gələcəyə aparan mübarizə yollarında sıx birləşdirəcək, dünyada yaşayan bütün azərbaycanlıların, onların diaspor təşkilatlarının fəaliyyətini daha da gücləndirəcəkdir. Yeni hədəflər uğrunda mübarizəmiz uğurlu olsun!
Mehrinur Nağıyeva,
Salyan rayon Təhsil şöbəsinin aparıcı məsləhətçisi
Kanal4.az
Emin Xudiyev.