“Ohanyan kimi yaramaz məxluqlar tək ayaqla nə qədər çalışsalar da, bu, mümkün deyil”
“44 günlük Vətən müharibəsində vaxtilə "Dağlıq Qarabağ münaqişəsi" deyilən bir bəlanın ortadan qaldırılmasında həlledici addımlarımızı atdıq. Ermənistanı, onu himayə edən qüvvələri darmadağın edib qələbəmizi reallaşdrıdıq, ərazi bütövlüyümüzü təmin etdik. Xankəndi və onun ətrafında 20-25 minlik erməni toplumunun, quldur separatçıların, erməni revanşistlərin tör-töküntülərinin qaldığı yerdə də suverenliyimizin təmin edilməsinə çox az vaxt qalıb. Onlar prosesi izləyirlər və dərk edirlər ki, artıq 44 günlük müharibənin əvvəlindən - yəni 27 sentyabr 2020-ci il tarixindən başlamış proses bu gün siyasi-diplomatik müstəvidə davam etməkdədir. Və "Artsax" anlayışı, ermənilərin bu uydurması tarixin qaranlıq arxivinə göndərilib”.
Bunu açıqlamasında millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı son günlər Ermənistanda revanşist qüvvələrin sülh danışıqlarını pozmağa yönəlmiş bəyanatlarına münasibət bildirərkən deyib.
Deputat bildirib ki, onlar Qarabağda yaşayan 20-25 minlik erməni əhalisinin statusunu ortaya qoymaqla, yenə də özlərinin biznes imkanlarını qoruyub saxlamaq, genişləndirmək niyyətini güdürlər.
“Lakin bütün bunların heç bir perspektivi yoxdur. Kütləvi informasiya vasitələrinə verdikləri uzun-uzadı açıqlamalardan, müsahibələrdən, keçirdikləri kütləvi tədbirlərin böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, artıq biz problemin həllinə nail olmuşuq. Azərbaycanın ərazi bütövlüyü təmin edilib. İndi atılan diplomatik addımların konkret nəticələrini görürük. Bu günlərdə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşündə də Rusiya dövlətinin mövqeyi ortaya qoyulub. Bu, imzalanmış sənədlərdir. 3 dövlət başçısının imzaladığı bəyanatlardır. Bunların yerinə yetirilməsi Brüsseldən sonra Moskvada da Paşinyanın diqqətinə çatdırılıb. Onlar bu prosesi görürülər və onun qarşısını almağa çalışırlar. Lakin bu, mümkün deyil”, - deputat bildirib.
Fəzail Ağamalı qatarın artıq çoxdan getdiyini, onun ardınca baxmağın heç bir mənası olmadığını vurğulayıb.
“Ohanyan kimi ayağını itirən, lakin ağlını hələ yeni reallıqla uyğunlaşdıra bilməyən bu yaramaz məxluqlar o qatarın dalınca nə qədər bağırsalar da, tək ayaqla nə qədər qaçıb həmin qatara çatmağa çalışsalar da, bu, mümkün deyil. Bir daha təkar edirəm ki, proses ciddi gedir. Azərbaycanın maraqlarına uyğun şəkildə davam edir. Yaxın zamanlarda orada separatçıların, quldurların, revanşistlərin tör-töküntülərini görməyəcəyik. Və həmin yerlərdə də Azərbaycanın suverenliyi təmin olunacaqdır”, millət vəkili əlavə edib.