Türkiyə jurnalist Camal Qaşıqçının qətlinə dair işi rəsmən Səudiyyə Ərəbistanına təhvil verib
Türkiyə jurnalist Camal Qaşıqçının qətlinə dair məhkəmə işinin rəsmən Səudiyyə Ərəbistanının məhkəmə instansiyalarına təhvil verilməsi haqqında qərar qəbul edib.
Bu barədə NTV telekanalı məlumat yayıb.
Daha əvvəl məhkəmə Səudiyyə Ərəbistanının 26 vətəndaşı haqqında qiyabi həbs cəzası çıxarsa da, işlə bağlı ciddi irəliləyiş əldə olunmayıb. Qaşıqçının nişanlısı Xədicə Cengiz araşdırmanın dayanmasına səbəb kimi rəsmi Ər-Riyadın məsələ ilə bağlı Türkiyə tərəfi ilə əməkdaşlıqdan boyun qaçırmasını göstərib.
Səudiyyə Ərəbistanında açılan Qaşıqçı cinayəti işi üzrə yekun hökmlər 7 sentyabr 2020-ci ildə elan edilib. Beş nəfər 20 il, digər təqsirləndirilən şəxs 10 il, iki nəfər 7 il müddətinə azadlıqdan məhrum edilib.. Mühakimə olunanların adları isə açıqlanmayıb.