Deputatlardan “tədbir görülsün” çağırışı: “İşbazlar əhalinin haqqını yedilər”
Fəzail Ağamalı: “Vətəndaşlara şərait yaradılmalıdır ki, onlar dövlət qayğısının təzahürü olan paylarından istifadə edə bilsinlər”
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı açıqlamasında deyib ki, özəlləşdirmə çekləri dövlət qiymətli kağızıdır: “Ötən əsrin 90-cı illərinin sonlarında verilmiş özəlləşdirmə çeklərindən vətəndaşların maraq və mənafeyinə uyğun şəkildə istifadə edilmədi. Məhz elə bu səbəbdən də bəzi vətəndaşlarımız bu vauçerləri satışa çıxardılar. Öz çeklərini başqalarına hədiyyə edənlərlə yanaşı bu gün də özündə saxlayan pay sahibləri var. Bəzi iddialara görə, onların sayı yüzminlərlədir. Lakin bu dəqiq siyahı deyil və bununla bağlı ətraflı araşdırma aparılmalıdır”.
“Çox təəssüf ki, bəzi işbazlar bu prosesdən faydalandılar və vətəndaşların mənafeyi təmin edilmədi. Halbuki bununla bağlı fərmanda onlar əhaliyə miras kimi göstərilirdi. Həmin işbazlar da ayrı-ayrı dövlət müəssisələrində pay sahibinə çevrildilər”, - deyə deputat bildirib.
Onun sözlərinə görə, sonradan özəlləşdirməyə çıxarılan dövlət müəssisələri də ölü vəziyyətindədir: “Demək olar ki, həmin müəssisələr işlək deyil və heç bir gəlir gətirmir. Belə bir vəziyyətdə zərər çəkən əhalinin hüquqlarının qorunmasına ehtiyac var. Düzdür, onların imkanı var idi ki, əllərində olan çekləri zamanında satışa çıxarsınlar. Lakin vətəndaşın özünə məxsus əmlakı satmamaq hüququ da var və buna da hörmətlə yanaşmaq lazımdır. Bütün hallarda vətəndaşlara dəymiş ziyan kompensasiya edilməlidir”.
“Düşünmürəm ki, bu, dövlət büdcəsindən ödənişlər formasında həyata keçirilməlidir. Əslində, heç bunun baş verəcəyinə də inanmıram. Lakin çekləri əllərində qalan vətəndaşların fayda götürəcəyi bir mexanizm işlənib hazırlanmalıdır. Kimlərin ki çekləri əllərində qalıb, şərait yaradılmalıdır ki, onlar dövlət qayğısının təzahürü olan paylarından istifadə edə bilsinlər. Müvafiq qurumlar iqtisadçı ekspertlərlə birlikdə bu mexanizmi hazırlayıb hökumətə təqdim etməlidirlər”, - deyə Ağamalı vurğulayıb.