Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ərazisində super-intensiv gilas bağı salınacaq
“Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsinin mütəxəssisləri Aqrar Xidmətlər Agentliyinin nümayəndələri ilə birgə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna səfər ediblər
Layihə iştirakçıları ilə görüşdə “ağıllı bağ”da quraşdırılmış sensor cihazların gücləndirilməsinə dəstək göstərilməsi və ətraf ərazidə fəaliyyət göstərən fermerlərin də bu imkanlardan yararlanması mövzusunda müzakirələr aparılıb.
Qonaqlara institutun fəaliyyəti və icra etdiyi layihələr haqqında ətraflı məlumat verilib.
İstixana kompleksinə və institutun Zərdabi adına Elmi-Təcrübə Bazasında yerləşən “ağıllı bağ”a və təcrübə sahələrinə qonaqlarla birgə baxış keçirilib.
Aparılan müzakirələrin nəticəsi olaraq Quba Regional Təlim Mərkəzi, FAO-nun “Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsinin maliyyə dəstəyi ilə institut ərazisində 0,5 hektar sahədə super-intensiv gilas bağı nümayiş sahəsinin salınması planlaşdırılıb.
“Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsi Avropa İttifaqının maliyyə dəstəyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə həyata keçirilir.