Azərbaycanda vətəndaşların ictimai və dövlət maraqlarının müdafiəsindəki fəallığı bir çox ölkələr üçün örnəkdir"
Milli Məclisin deputatı Fəzail Ağamalı AZXEBER.COM-a açıqlamasında qeyd edib ki, Azərbaycan milli müstəqilliyimizə, milli dövlətçiliyimizə xidmət edən bir xalq kimi özünü təsdiq edib:
"Azərbaycan cəmiyyəti ictimai və dövlət maraqlarının qorunub saxlanılması ilə bağlı ən müxtəlif kritik məqamlarda öz iradəsini ortaya qoyub. Bütövlükdə, Azərbaycan cəmiyyəti və xalqı milli müstəqilliyimizə, milli dövlətçiliyimizə son dərəcə sədaqətlə xidmət edən və onun keşiyində durmaq iradəsini ifadə edən bir xalq kimi özünü təsdiq edib. Ən müxtəlif tarixi və çətin məqamlarda, xüsusi olaraq Vətən müharibəsi dövründə Azərbaycan xalqı, cəmiyyəti Ali Baş Komandanla, dövlətlə, ordu ilə bərabər olaraq öz həmrəyliyini nümayiş etdirdi və qələbəmizin təmin olunmasında bu amil özünün son dərəcə ciddi rolunu oynadı. İctimai maraqlar baxımdan da xalqımız eyni iradəni nümayiş etdirir”.
Deputat həmçinin qeyd edib ki, öz şəxsi maraqlarını dövlət maraqlarından üstün tutanlar cəmiyyət tərəfindən heç bir halda dəstəklənmir:
"Təbii ki, ictimai və dövlət maraqlarının qorunub saxlanılmasına cəmiyyətin bütün seqmentləri tərəfindən məsulliyyətlə yanaşılır və xidmət, sədaqət göstərilir. Lakin cəmiyyətin müəyyən kəsimi ki var, Azərbaycanın ictimai-siyasi həyatında fəal rol oynaya bilməyən, ictimai rəyin formalaşmasına təsir göstərməyən radikal qanad ictimai və dövlət maraqlarından daha çox özlərinin şəxsi və qrup maraqlarına üstünlük verirlər. Təbii ki, bu da cəmiyyət tərəfindən heç zaman dəstəklənmir. Onların atmış olduğu bu addımlar, yəni ictimai və dövlət maraqlarına zidd olan, daha çox şəxsi maraqlara xidmət edən addımları cəmiyyət tərəfindən heç bir halda dəstəklənmir”.